İnsanlara hürriyət, millətlərə istiqlal!

1-ci qrup gözdən əlili ev növbəsinə yazmırlar - XALQ ŞİKAYƏTİ 

Ağstafanın Qarayazı qəsəbəsində yaşayan 1-ci qrup gözdən əlil, 1994-cü il təvəllüdlü Murad Məmmədov ev növbəsinə yazılmamasından şikayətçidir.

O, Musavat.com-a deyib ki, 2 azyaşlı övladı ilə birlikdə sosial müavinətlə dolanır.

Murad Məmmədov bildirib ki, Prezident İlham Əliyevin həssas əhali qruplarına, o cümlədən gözdən əlilliyi olan şəxslərə yönələn diqqəti ilə əhatə olunsa da, Ağstafa Rayon İcra Hakimiyyətində qeyri-adekvat münasibətlə üzləşib:

“Gözdən əlil şəxslərə pensiya və müavinətlə yanaşı, birinci dərəcəli əlillərə Prezidentin aylıq təqaüdü də verilir. Telekanallardan eşitdim ki, sosial-məişət şəraitinin yaxşılaşdırılması üzrə proqramlar var, ağır şəraitdə yaşayan gözdən əlillərə mənzil verilir. Mən də ailəmlə birgə mənzil şəraitimin yaxşılaşdırılmasını istəyirəm. Yoldaşımla icra hakimiyyətinə getdik. Orda başçı qəbul etdi, dedilər ki, növbə yoxdur, çıxın gedin. Mən də efirdən eşitdiyimi dedim. Dedilər ki, növbə yoxdur, adımı da yazmadılar”.

MURAD SON.jpeg (96 KB)

Murad Məmmədov deyib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Ombudsmana, Ağstafa İcra Hakimiyyətinə məktub ünvanlayıb.

Həmin məktubu təqdim edirik:

“Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə

Surəti: Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana)

Surəti: Ağstafa Rayon İcra Hakimiyyətinə Murad Rafael oğlu Məmmədov tərəfindən
(ünvan: Ağstafa rayonu, Qarayazı qəsəbəsi)

Mən, Məmmədov Murad Rafael oğlu, 1994-cü il təvəllüdlü, Ağstafa rayonunun Qarayazı qəsəbəsində yaşayıram. 1-ci qrup əliləm və iki azyaşlı övladım var.

Kütləvi informasiya vasitələrindən eşitdim ki, ölkəmizdə əlilliyi olan şəxslərə dövlət tərəfindən sosial evlər verilir. Bu məqsədlə 2025-ci ilin may ayında Ağstafa Rayon İcra Hakimiyyətinə müraciət etdim ki, məni ev növbəsinə yazsınlar. Lakin heç bir əsas olmadan, qanunsuz şəkildə mənim müraciətim rədd edildi və mən növbəyə alınmadım.

Bu, mənim konstitusion hüquqlarımın pozulmasıdır. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, əlilliyi olan şəxslərin sosial təminat hüququ var və mənim kimi 1-ci qrup əlil, eyni zamanda ailəli və iki uşaq atası olan bir vətəndaşın sosial ev növbəsinə götürülməsi dövlətin sosial siyasətinin tərkib hissəsidir.

Yuxarıda qeyd olunanları nəzərə alaraq:

Mənim ev növbəsinə alınmağım məsələsi həll olunsun. Hüquqlarımın bərpa olunmasını xahiş edirəm”.

Məsələ ilə bağlı Ağstafa Rayon İcra Hakimiyyətinin münasibətini dərc etməyə hazırıq.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 May 2025

BÜTÜN XƏBƏRLƏR