Onlayn ictimai-siyasi qəzet
Xoşbəxtlikdən, biz heç vaxt dağıdıcı, faciəvi, on minlərlə insanın ölümünə, minlərlə tikilinin dağılmasına səbəb olan zəlzələ yaşamamışıq.
Bu, təkcə bəxt, tale məsələsi deyil, üzərində yerləşdiyimiz torpağın aktiv seysmik zona olmaması üzündəndir. Yəni bura Yaponiya, Nepal, Peru, Türkiyə deyil.
Heç onu da bilmək olmaz ki, seysmik baxımdan aktiv olmayan hansısa bölgədə nə vaxt fəallıq başlayacaq və ora dağıdıcı zəlzələnin episentrinə çevriləcək.
Zəlzələ ilə bağlı ən pis məqam odur ki, onu qabaqcadan hiss etmək, proqnozlaşdırmaq mümkün deyil.
Bəzi heyvanların zəlzələlərdən bir müddət əvvəl yeraltı təkan olacağını hiss etmələri və özlərini narahat aparmaları barədə geniş yayılmış fikirlər əsassızdır, insan uydurmasıdır.
Elm bu qədər inkişaf edib, amma zəlzələni heç olmasa 3-5 dəqiqə öncədən proqnozlaşdıran heç bir cihaz, avadanlıq yoxdur.
Sadəcə, seysmoloqlar aktiv seysmik zonaları öyrənir və bu regionlarda zəlzələlərin vaxtaşırı baş verdiyini bilir, müəyyən interval tərtib edərək, proqnoz verirlər ki, məsələn, 6 ay sonra yeni bir güclü zəlzələ olacaq.
Bu, təxminən yay aylarında ABŞ-ın cənub ştatlarında, Atlantik okeanı ilə Sakit okean arasında yerləşən əyalətlərdə tornado olacağı barədə proqnozu andırır. Eyni uğurla Banqladeşdə musson yağışlarını, Ərəbistan səhralarında qopacaq səmum yellərini də proqnozlaşdırmaq mümkündür.
Başqa sözlə, zəlzələdən qaçmaq mümkün deyil, amma onunla mübarizə aparmaq və dinc, yanaşı yaşamaq mümkündür. Yaponlar bu problemi çözüblər, ona görə də daimi zəlzələlər məkanı olan bu ölkə hər bir zəlzələdən minimal itki ilə çıxır.
Bu ilin əvvəllində Türkiyənin cənub-şərq vilayətlərində baş verən və on minlərlə insanın həlak olmasına, böyük-böyük şəhərlərin tamamilə dağılmasına səbəb olan dağıdıcı zəlzələ göstərdi ki, qardaş ölkənin inşaatçılarının gündoğar ölkədəki həmkarlarından öyrənəsi çox şey var.
Biz son 23 ildə paytaxtda və zəlzələnin episentrinə yaxın yerlərdə hər kəsin hiss edəcəyi zəlzələlər yaşasaq da, dağıntı və tələfatın olmamasına görə müəyyən təskinlik tapırıq.
Əslində bizim yaşadığımız zəlzələlər o qədər güclü, yüksək ballı zəlzələlər olmayıb, amma hər halda bəzi ölkələrdə bu cür zəlzələlər zamanı da böyük dağıntılar baş verir.
Fəqət biz hər dəfə belə hadisələr zamanı lazım olduğundan 3, hətta 5 dəfə artıq həyəcanlanırıq, təlaşa qapılırıq. Məsələn, 30-40 saniyə çəkən yeraltı təkanların, titrəmələrin dayanmasından dəqiqələr sonra pilləkənlə və ya liftlə çoxmərtəbəli binanın ən yuxarı mərtəbəsindən hövllənmiş şəkildə həyətə düşmək, ora-bura qaçmaq, başıalovlu halda qohum-əqrəbaya, dost-tanışa zəng etmək, “dağıntı, ölüm-itim olmadı ki” deyə soruşmaq yersiz və absurddur.
Anlamaq lazımdır ki, əgər sənin yaşadığın binada dırnaq boyda suvaq qopub düşməyibsə, bir adamın çeçələ barmağı belə cızılmayıbsa, demək, şəhərin digər yerlərində də eyni vəziyyətdir.
Ən ümdəsi, təkanlar dayanıbsa və çilçıraq artıq yellənmirsə, hər şey geridə qalıb və yenidən emosional ovqata qapılmaq, üstəlik, bunu başqalarına sirayət etdirmək ümumi panika yaratmaqdan başqa bir şey deyil. Ancaq faktdır ki, bu təbii fəlakətin xofu özündən çox böyükdür (əslində təbii fəlakətlərin hamısı qorxuncdur).
Təcrübə göstərir ki, belə ekstremal anlarda təmkini qorumaq daha düzgün qərarlar qəbul etməyə rəvac verir. Yoxsa 2000-ci ilin noyabrında baş verən zəlzələ zamanı bəzi adamlar təlaşlanaraq, 2-cü, 3-cü mərtəbədən atılmış, qol-qıçlarını sındırmışdılar. Həmin zəlzələ zamanı yeganə zərərçəkənlər məhz onlar idi. Əslində isə bu şəxslər zəlzələnin yox, öz təlaşlarının, özlərinə nəzarəti itirmələrinin qurbanıydılar.
Müasir zəlzələlərin faciəvi olmasının əsas səbəbi inşaat sektorudur. Düzdür, keçmişdə də çoxtəlafatlı və dağıdıcı zəlzələlər olub, ancaq o da tikililərin keyfiyyətsizliyi üzündən baş verib. Qədimlərdə tikilmiş möhtəşəm sarayların, böyük memarlıq abidələrinin min illərin zəlzələlərindən salamat çıxıb günümüzə çatması isə möhkəm özül üzərində etibarlı, keyfiyyətli şəkildə inşa olunmalarına görədir.
Bu təbii fəlakətdən qorunmağın yeganə yolu da məhz budur: başımızın üzərindəki tavan etibarlı, söykəndiyimiz divar möhkəm olmalıdır. Başqa düstur yoxdur.
23 Noyabr 2024
21 Noyabr 2024
20 Noyabr 2024
19 Noyabr 2024
17 Noyabr 2024
15 Noyabr 2024
13 Noyabr 2024
12 Noyabr 2024
11 Noyabr 2024
09 Noyabr 2024
08 Noyabr 2024
06 Noyabr 2024
05 Noyabr 2024
03 Noyabr 2024
01 Noyabr 2024
30 Oktyabr 2024
28 Oktyabr 2024
26 Oktyabr 2024
24 Oktyabr 2024
22 Oktyabr 2024
21 Oktyabr 2024
19 Oktyabr 2024
17 Oktyabr 2024
16 Oktyabr 2024
15 Oktyabr 2024
13 Oktyabr 2024
11 Oktyabr 2024
10 Oktyabr 2024
08 Oktyabr 2024
06 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ