İnsanlara hürriyət, millətlərə istiqlal!

Ülgüc üstə üşütmə

Keçmiş işğalçı, hazırkı qeyri-müəyyən ölkə Ermənistan Respublikasının müdafiə xərcləri 2025-ci ildə 20% artırılaraq, 664 milyard drama – bizim pulla (təqribən) 2 milyard 921 milyon manata, başqa sözlə, 1,71 milyard ABŞ dollarına çatdırılacaq. – “Gələn il hərbi xərclər ÜDM-in 6 %-ni təşkil edəcək, bu da 2024-cü illə müqayisədə 0,7% çoxdur” – bunu, 2025-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi vaxtı Ermənistanın Maliyyə naziri Vaqe Ovannisyan deyib. O, əsaslı büdcə xərclərinin 55,8% bölümünün müdafiə sənayesinin payına düşəcəyini bildirib.

Bu məlumatı oxuyunca, sövq-təbii, bizim 2025-ci il üzrə müvafiq xərc proqnozumuza diqqət etmək isyəyirik. 2025-ci il büdcəsi ilə bağlı məlumatlar hələ tam bəlli olmasa da, biz qiyaslamanı 2024-cü ilin büdcəsi əsasında da apara bilərik. Vaxt olub, bizim müdafiə xərclərimiz, təqribən, Ermənistanın ümumi büdcəsi qədər olub. Ona görə də, Ermənistanın 2025-ci il üzrə müdafiə xərcləri proqnozu, ən yaxşı halda, bizim illər öncəki xərclərimizə bərabər ola-olmaya...

Azərbaycanda müdafiə və milli təhlükəsizlik xərcləri 2024-cü il üzrə 7,126,347,420 m. təşkil edirdisə, 2025-ci ildə bu rəqəmin daha da atırılacağı şübhəsizdir. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu il, sentyabrın 23-də - VII çağırış Milli Məclisin ilk toplantısındakı nitqini xatırlayaq:

“Birinci nömrəli vəzifə hərbi gücümüzün artırılmasıdır. Baxmayaraq ki, İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı arxada qaldı, həm dünyada gedən proseslər, yeni münaqişə, müharibə ocaqlarının yaradılması və ətrafımızda gərginliyin artması, eyni zamanda, Ermənistanda revanşizm meyilləri bizi bu sahəyə daim diqqət göstərməyə vadar edir”.

Bəli, dövlət müstəqilliyini bərpa edəndən bəri başımıza gələnlər, özəlliklə, 30 illik işğalın acı nəticələri sübut etdi ki, güclü ordumuz, hərbi gücümüz olmasaydı, biz qətiyyən işğala son verə bilməyəcəkdik. Biz günahkar deyilik ki, çağdaş dünya, beynəlxalq aləm özü çağdaş deyil; beynəlxalq hüquq reanimasiyaya qaldırılıb və ona gərəkli diqqət-qayğı göstərilmir. II Dünya hərbindən sonra pis-yaxşı formalaşmış beynəlxalq təhlükəsizlik arxitekturası sıradan çıxarılıb. Prezidentin 23 sentyabr nitqində vurğuladığı (və bəzi böyük dövlətlərin artıq heç gizlətmədiyi) kimi, güclü olan haqlıdır prinsipi (daha doğrusu, prinsipsizliyi!) hazırda üstünlük təşkil edir.

Beləliklə, üç onillik işğal dönəmində, hərbi gücümüzün artırılması dövlətimizin əsas vəzifələrindən olub və hər il Milli Məclisdə dövlət büdcəsi təsdiq olunanda, hərbi xərclərin birinci olduğu açıq-aydın görünürdü. – “Bu gün də belə olmalıdır.

Bəli, ölkə qarşısında böyük vəzifələr durur, ilk növbədə, Qarabağı və Şərqi Zəngəzuru bərpa etmək vəzifəsi. Ancaq əgər biz hərbi sahəyə diqqətimizi azaltsaq və oraya ayrılan vəsaiti lazımi səviyyədə təmin etməsək, gələcəkdə bizi problemlər gözləyə bilər”.

Bax, sözü imzası qədər keçərli dövlət başçısının bu sözləri də deməyə əsas verir ki, 2025-ci il büdcəsində müdafiə xərcləri 2024-cü illə müqayisədə illa artıq olacaqdır.

2024-cü ildə Müdafiə qüvvələri üzrə 2,429,439,686 m., müdafiə və milli təhlükəsizlik sahəsinə aid edilən digər fəaliyyətlər üzrə 3,754,553,986 m., xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə 3,700,000,000 m. xərclər nəzərdə tutulmuşdusa, 2025-ci ildə ayrı-ayrı bölmələrə dair xərclər daha artırılmalıdır.

Bəs yaxşı, bizim hərbi xərcləri nə üçün artırdığımız bəsbəlliykən, Ermənistana nə düşüb? Hər hansı bir neytral, ədalətli baxış bu planda nəyi üzə çıxarardı? – Bilindiyi kimi, Ermənistan artıq işğal edilmiş ərazilər üzrə lazımsız xərclərdən “qurtulub”... Allah qoymasa, müdafiə etdiyi sərhədlər əməlli-başlı qısalıb. “Kürədək”, “Yevlaxa qədər” ritorikasının gərəkdirdiyi pul-paraya, Qarabağda hərbi təxribatlara da ehtiyac qalmayıb. Yaxşı, bəs onda nə əl-ayağa düşüblər, hərbi xərcləri rekord həddə artırmağa nə üçün vadar olublar? Yoxsa, çuvalda cida, torbada pişik var? - Aha, bax, məsələ də elə bundadır. Ermənistan bir yandan sülh danışıqlarına rəsmən “yox” demir, digər yandan silahlanır... - Revanşist zehniyyətdən qurtula bilməyən erməni hərbi-siyasi başbilənləri Gündoğardan-Günbatara, Hindistandan Fransayadək silah alır, anbarları doldurur. Ermənistan hər halda həmhüdud olmayan ölkəyə mərmi atəşləyəsi, raket atası deyil, elə deyilmi? O zaman, silahların tuşlandığı, sursatların hazırlandığı, ayarlandığı ölkə Gürcüstanamı, İranamı əcaba? Bəlkə, Türkiyə? Heç şübhəsiz, imkanı olsa, hər üç ölkəyə silah da tuşlayar, torpaq da tutmaq istəyər ancaq buna nə potensialı var, nə də beynəlxalq konyunktura qətiyyən uyğun deyil. Elə isə bir ölkə qalır – Azərbaycan. Məsələ də bundadır ki, Azərbaycana silah tuşlamaq ağılsızlığın ötəsində bir şeydir. Bölgənin güclü ölkəsi, XXI yüzilin müharibəsini aparmağı bacarmış Azərbaycanla müharibə aparmaq bir yana, müharibə hazırlığı içində olmağın özü belə odla oynamaqdır. Ölkəmizə qarşı təhdidləri artıq Lələtəpədən, Cocuq Mərcanlıdan, Quzanlıdan deyil, nə bilim, “Ohonyan xətti”nin bəri üzündən deyil, şərti dövlət sərhədi həndəvərlərində önləyəcəyik. Ermənistanın dərinliklərindəki atəş nöqtələrini susdurmaq problem deyil. Yoxsa, elə başa düşürlər, əlimiz tətik, gözümüz durbin, göyümüz PUA, uzayımız peyk tanımır?..

Suallar ritorik, cavablar bəlli, mənzərə apaydındır.

Ermənistanın tək yolu var: uslu davranmaq!

Ülgüc üstə çox irəliləmək olmaz! Hələ-hələ qış qapının ağzındaykən…

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

18 Noyabr 2024

12 Noyabr 2024

08 Noyabr 2024

07 Noyabr 2024

28 Oktyabr 2024

25 Oktyabr 2024

20 Oktyabr 2024

18 Oktyabr 2024

15 Oktyabr 2024

09 Oktyabr 2024

27 Sentyabr 2024

25 Sentyabr 2024

20 Sentyabr 2024

16 Sentyabr 2024

31 Avqust 2024

26 Avqust 2024

25 Avqust 2024

20 Avqust 2024

16 Avqust 2024

08 Avqust 2024

02 Avqust 2024

30 Iyul 2024

28 Iyul 2024

21 Iyul 2024

18 Iyul 2024

13 Iyul 2024

12 Iyul 2024

08 Iyul 2024

05 Iyul 2024

26 Iyun 2024