İnsanlara hürriyət, millətlərə istiqlal!

Təşkil edilmiş hiddət – Uyğurlar, rohincalar, pəncablılar da zülmə məruz qalırlar

Zəkasına və qələminə 25 il öncədən bələd olduğun həmkarım Cəmaləddin Quliyev bir neçə gün öncə Şimali Qafqazda qəfildən kükrəyən antisemitizm dalğasına aid olduqca tutarlı bir yazı dərc etdirib. Bu yazı onun sözünə qüvvət səciyyəsi daşıyacaq.

Həmkarım yazır ki, Mahaçqaladakı antisemitizm motivli iğtişaşlardan iki gün öncə Moskvanın 70 min insan yaşayan Kotelniki şəhərində yerləşən ibadət evinə basqın edən Rusiya güc strukturlarının əməkdaşları ibadət etməklə məşğul olan hərbi mükəlləfiyyətli müsəlman kişiləri saxlayıblar və onların orduya səfərbər edildiklərini bildiriblər. Yaşı çox olan (30-50) kişiləri isə zorla hərbi xidmət keçmək üçün müqavilə imzalamağa məcbur ediblər.

Ancaq maraqlıdır ki, bu, açıq-aşkar müsəlmanlara, qafqazlılara yönəlik ayrı-seçkilik aktları nə Şimali Qafqazda, nə də türkəsili insanların yaşadığı diyarlarda etiraz aksiyası doğurmur.

Bir qafqazlılar deyil, son ilyarımda Rusiyanın etnik azlıqlar yaşayan federal subyektlərində yaşayan, eləcə də Orta Asiya respublikalarından gəlib Rusiyada əmək miqrantı kimi çalışan kişiləri (onlar 95 faizi hərbi xidmətə yarayır) zorla hərbi xidmətə cəlb edirlər. Əvvəlcə onları Rusiya vətəndaşı olmağa təhrik edir, yeni pasport aldıqlarının ertəsi günü çağırış vərəqəsi göndərirlər, yayınanlar haqqında isə cinayət işi açılır. Bu günlərdə orduya getmək istəməyən bir neçə tacik və qırğızın başına o cür pəstəhalar gəlib.

miqra.jpg (49 KB)

Məsələ ondadır ki, günortadan sonra Rusiya vətəndaşı olan şəxsləri orduya cəlb edərkən, heç birini şərq, şimal və cənub istiqamətlərindəki hərbi dairələrin sərəncamına göndərmirlər, demək olar ki, hamısını vaxtilə Jukovun milyonlarla əsgəri qabağa verib qırdırdığı Ukrayna çölləri və meşələrindəki səngərlərə göndərirlər və onları orada böyük ehtimalla ölüm gözləyir.

Rusiyanın güc strukturları eyni “oblava”ları Moskva və Sankt-Peterburqda, eləcə də başqa iri şəhərlərdə rus gənclərin yığışdığı əyləncə məkanlarında, işlədikləri ofislərdə aparmırlar. Bu, yalnız “çurki”, “çernomazıe”, “uzkoqlazie” və sair həqarətli adlar verdikləri xalqların övladlarına qarşı tətbiq olunur. Kremlin əsas dərdi odur ki, saf qanlı rus gənclər Ukraynada mümkün qədər az həlak olsun, başqa millətlərin övladlarının kütləvi qırılmasının isə elə bir ziyanı yoxdur.

Həmkarım bu tendensiyanı haqlı olaraq “etnosid” adlandırır. Özü də bu, qaba və birbaşa etnosiddir. Tədricən yeridilən etnosid siyasəti assimilyasiya ilə, etnosun adət-ənənələrinin unutdurulması ilə müşayiət olunursa, indiki halda azsaylı xalqların övladlarının kütləvi qırğına göndərilməsi birbaşa etnosiddir.

Amma bu, həmin məkrli siyasətə məruz qalanlarda etiraz doğurmur, onlar öz günlərinə ağlamaqdansa, gedib 2 min kilometr o tərəfdə yaşayış və ərazi uğrunda min illərdir mübarizə aparan iki semit xalqın birinin tərəfini tuturlar və burada əsas rolu dini təəssübkeşlik oynayır.

Söz yox, bütün bunlar durduq yerdə baş vermir. Əgər Şimali Qafqazda və ya başqa bir ölkədə insanlar antisemitizm motivi ilə kütləvi aksiyaya çıxırlarsa, bunu mütləq təşkil edənlər var. Belə hərəkətlənmələr heç vaxt özbaşına, spontan şəkildə olmur. Ya inzibati resurslarla əl altındakı fəal qrupları dəhmərləyirlər, ya da ayrı-ayrı manqabaşıların əliylə kütlənin dini təəssübkeşlik hisslərini coşdururlar. Üçüncü variant yoxdur.

laqer.JPG (42 KB)

                        Həbs düşərgələrinə salınmış uyğur gənclər

Söhbət dindaşların incidilməsindən, genosidə, etnosidə məruz qoyulmasından, müasir və başqa adlı gettolarda təcrid olunmasından gedirsə, dünyada müsəlmanların kütləvi incidildiyi başqa yerlər də var. Məsələn, Çində Sincan-Uyğur bölgəsində yaşayan uyğurlara edilən zülm illərdir ərşə dirənib, onları yalnız Kanada, ABŞ, İngiltərə kimi dövlətlər müdafiə edir, müsəlman ölkələrindən isə səs çıxmır.

1_thumbs_b_c_5284bfaa5b8fb115737e293dec87afff.jpg (57 KB)

                                   Səfalət içində yaşayan rohinca uşaqlar

Bu necə olur? Fələstin ərəbləri müsəlmandır, uyğurlar deyil? Hələ fələstinlilərin ibadətinə, dini ayinləri yerinə yetirməsinə qadağa yoxdur, uyğurların “bisimillah” demələri də yasaqdır. Bu adları çəkilən məzlum xalqlar Fələstin ərəblərindən 10 (on) qat artıq zülmə məruz qalır, hər il minlərlə qurban verirlər.

Belə çıxır ki, Yaxın Şərqdəki müsəlman ölkələrin gücü palaz boyda olan dünya xəritəsində çeçələ barmaq qədər yer tutan İsrailə çatır, amma heç biri qüdrətli Çin dövləti ilə münasibətləri korlamaq istəmir, zülmə məruz qalan uyğurları ayağa verirlər.

Belə ümmətçilik, din qardaşlığı, ən nəhayət, haqq-ədalət varmı, ola bilərmi?

Bu, sadəcə, islam dininin ərəblərin monopoliyasına götürülməsi deməkdir. Din faktoru yalnız onların işinə yarayanda keçərli olur, qalan müsəlman xalqların islam ümmətçiliyi amilindən yararlanmaq hüququ yoxdur.

Məsələn, C.Quliyevin yazdığı kimi, Myanmada genosidə, etnik təmizləməyə məruz qalan rohuncaların, Rusiyada qırılıb-çatılan çeçenlərin, Hindistanda mütəmadi olaraq əzilən milyonlarla yerli müsəlmanın harayı müsəlman ölkələri, xüsusilə də ərəb dövlətlərini ingiləndirmir. Bunlar faktdır.

Guya sabah Rusiyanın ikinci ən böyük etnik çoxluğu olan tatarlar ayağa qalxsalar, müstəqil dövlətçilik davası başlatsalar və Kreml tərəfindən repressiyaya, Qəzzadakına bənzər bombardmana məruz qalsalar, o biri müsəlman ölkələrini demirəm, Rusiyanın öz tərkibindəki müsəlman əhalinin çoxluq təşkil etdiyi federal subyektlərdən (o cümlədən Şimali Qafqaz müsəlmanlarından) səs çıxacaq? Çıxmayacaq. Çünki bu müqaviməti təşkil edən yoxdur və olmayacaq. Sadə xalq isə tatarların başına gələn faciəyə nə qədər üzülsə də, qabağa durub hökumətlə hökumətlik etməyəcək. Rusiya ilə münasibətləri pisləşdirmək istəməyən müsəlman ölkələri də susacaqlar. Bəlkə yenə də dinsə-dinsə, bircə Türkiyə və Azərbaycan dillənə.

yoğun serq.JPG (32 KB)

İndi fikir verin, bombalanan Qəzza Misirin qulağının dibində, eyni cür hücumlara məruz qalan Livan Suriyanın, İordaniyanın, Səudiyyə Ərəbistanının 2-3 addımlağındadır və bunlar Fələstin ərəbləri ilə din-məzhəb, dil, mədəniyyət, tarix, soy-kök eyniyyətinə malikdirlər. Amma bu ölkələrin əhalisi özlərini ülgücləmir, ayağa qalxıb, dövlətlərindən “cihad fətvası” vermələrini tələb etmirlər. Vaxtilə ərəblərin işğal və zülm etdikləri ölkələrin dini mənsubiyyəti zorla dəyişdirilmiş xalqları isə bu məsələdə daha diri və daha radikaldırlar. Buna politologiyada “Roma papasından artıq katolik olmaq” da deyirlər.

Bu baxımdan bizdən də antisemitizm hərəkatı gözləyənlər ola bilər, amma bu, bəşəri dəyərlərə zidd, nasizm, dini fanatizm aksiyası olar. Azərbaycanda yaşayan yəhudilərin Qəzzanın bombalanmasına yaxından, uzaqdan heç bir aidiyyatları yoxdur. Nə sözümüz, etirazımız varsa, birbaşa Təl-Əvivə deməliyik.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

23 Noyabr 2024

21 Noyabr 2024

20 Noyabr 2024

19 Noyabr 2024

17 Noyabr 2024

15 Noyabr 2024

13 Noyabr 2024

12 Noyabr 2024

11 Noyabr 2024

09 Noyabr 2024

08 Noyabr 2024

06 Noyabr 2024

05 Noyabr 2024

03 Noyabr 2024

01 Noyabr 2024

30 Oktyabr 2024

28 Oktyabr 2024

26 Oktyabr 2024

24 Oktyabr 2024

22 Oktyabr 2024

21 Oktyabr 2024

19 Oktyabr 2024

17 Oktyabr 2024

16 Oktyabr 2024

15 Oktyabr 2024

13 Oktyabr 2024

11 Oktyabr 2024

10 Oktyabr 2024

08 Oktyabr 2024

06 Oktyabr 2024