İnsanlara hürriyət, millətlərə istiqlal!

Şirxanın qazancı - “Milyardlar dolaşır bu pis qumarda”

Bir bizdə deyil, dünyanın hər tərəfində insanlar qumara - lotoya, lotereyaya, mərc oyunlarına meyllidir. Bu, varlıya, kasıba baxmır, şövqə, zövqə, sövqə bağlıdır.

Məsələnin şövq tərəfi odur ki, çox insanın içində udmaq, qazanmaq azarı olur və o yatmır, daima çırpınır, üzə çıxır.

Bu prosesdən zövq alanlar da çoxdur. Onlar üçün udub-uduzmağın fərqi çox azdır, bir çoxunun onsuz da bəs qədər pulları var, sadəcə, bu işdən ləzzət alırlar. O ki 3 tuz çıxır ha... Ekstaz.

Sövq məsələsi də belədir ki, insanların bu zəif damarını bilənlər müxtəlif oyunlar qurur, bir-iki yalançı “qalib” və “uduş” təşkil edir, adamları şirnikləndirirlər, sonra oturub qurduqları sağma-soyma mexanizminin gətirdiyi pulları dəstləyir-cəmləyirlər. Ona görə də, fikir verirsinizsə, vaxtaşırı yeni qumar növləri əmələ gəlir.

Yadınızda olar, bir ara şəhərin bütün çayxanalarından loto çağıranların səsi gəlirdi: “10 - kassir, 26 - Bakı komissarları, 41- müharibə başladı, 45 - qələbə, 53 - Stalin öldü, 77 - ölü qıçları” və s. Bütün millət dadanmışdı çayxanada oynadılan loto qumarına. Çayxana işlədənlər babat qazanırdı. Sonra zibili çıxdı. Böyüklər bu işə əl qoydular, torbadan loto daşı çıxarmaq işi leqallaşdı və TV-lərə keçdi.

Daha sonra kazinolar çıxdı. Orda da bir xeyli adamın həyatı qaralandan, bozarandan, göyərəndən sonra axır-axırda ölkənin Las-Veqasa dönməsinin qarşısı alındı. Yoxsa, kazinolar o qədər dəb olmuşdu ki, varlı da ora cumurdu, kasıb da.

Futbol totalizatorunun qeyri-leqal dövrü vardı. Hökumət gördü ki, bu sferada milyardlar fırlanır, pullar xaricə gedir, götürdü, mərc oyunlarını leqallaşdırdı, “Topaz” yaratdı. Qumar həvəskarları pullarını bu şirkətə yedirtdilər, sonra necə oldusa, bu qumar növünə maraq səngidi. İndi futbol mərci qoşanlar 8-10 il əvvəlki ilə müqayisədə xeyli azdır. Bizimkilər nə barmaq elədilərsə, “gül kimi futbol qumarı” cəlbediciliyini itirdi.

Yeri gəlmişkən, bu qumarın şiddətlənən və “çiçəklənən” vaxtında, 8 il əvvəl bir oxucum prosesə şeir qoşub mənə göndərmişdi. Bayaq baxdım ki, hələ də aktualdır. Şeir “Apardın, pulları verdin ”Topaz"a" adlanır və aşağıdakı kimidir:  

Durum sənə ta nə deyim, a kasıb,

Qafanı tutummu şillə-qapaza?

Oğul-uşağının ağzından kəsib,

Apardın, pulları verdin “Topaz”a.

 

Kişi, başın çıxmır sənin futboldan,

Yaxşı tanımırsan sən “Liverpul”u.

Heç-heçə yazırsan, döşəyir qoldan,

Uduzan kim olur? Di get ver pulu.

 

Qardaş, bu qumardır, yekə bir qumar,

Buna pul qoyanın udubmu biri?

Qumar düzəldənlər mənfəət umar,

Tələyə qoyarlar müftə pendiri.

 

Kasıb, ümid olma katalonlara,

Qələbə qazanmaz hər dəfə “Barsa”.

Qumarbaz “Bwin”dən haqq alanlara,

Güvənmə, bir misqal kamalın varsa.

 

Birisi sürürdü küçədə “Passat”,

Satdı, parasını “Topaz”a verdi.

Uduzdu, əlində qalmadı hessad,

Nəyi var, itirdi, güdaza verdi.

 

Kasıb, girmə qəti o oyunlara,

Bil, futbol qumarı aşar boyunu.

Gedib dadanarsan cib soyanlara,

Təxirə salarsan hər il toyunu.

 

Sayma ki, bir günə yüz min qazana,

Sən çıxa bilərsən bu durumundan.

Yüz min sənin kimi hesab yazan var,

Durublar “Topaz”ın uçurumunda.

 

Milyardlar dolaşır bu pis qumarda,

Ölkənin hər yanı Las-Veqas olub.

Birinin hələlik şansı tumarda,

Mininin qarnına sancılar dolub.

 

Bu işdə pul yoxdur, binəva kasıb,

Bunun ətək-ətək, israf-xərci var.

Yoxdur bu oyunda şən hava, kasıb,

Adamı havasız edən borcu var.

İndi həmin kasıblar qurşanıblar “Poz, qazan”a, hey pozurlar, amma qazana bilmirlər. Yüz mini pozur, biri qazanır, ya da qazanmır. Daha doğrusu, kasıblar pozur, amma Şirxan qazanır.

Sovet adamları Şirxanın kim olduğunu bilirlər. Köhnə hind filmlərindən birində qumaroynadan obraz vardı - adı Şirxan idi.

Mömin qardaşımız Elşad Miri də məsələyə dini prizmadan yanaşır, deyir, qumar haramdır, günahdır. Əslində o, düz deyir, amma qəfildən varlanmaq ehtirası olan yerdə günaha baxan kimdir?

Heç olmasa “qəfildən varlanmaq” imkanı olsaydı... O da yoxdur. Müftə pendirin yalnız siçan tələsində olduğu barədə hikmətli kəlam irad edənlər belə şeyləri də nəzərdə tutublar.

İndi nə edək, necə edək ki, insanlar əllərində olan son qəpik-quruşu aparıb şirxanlara verməsinlər. Bunu əngəlləyəcək mexanizm tapmaq yeni bir qumar növü icad etməkdən qat-qat çətindir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

19 Sentyabr 2024

17 Sentyabr 2024

15 Sentyabr 2024

14 Sentyabr 2024

12 Sentyabr 2024

10 Sentyabr 2024

08 Sentyabr 2024

06 Sentyabr 2024

04 Sentyabr 2024

02 Sentyabr 2024

01 Sentyabr 2024

30 Avqust 2024

28 Avqust 2024

22 Avqust 2024

20 Avqust 2024

18 Avqust 2024

16 Avqust 2024

14 Avqust 2024

12 Avqust 2024

11 Avqust 2024

09 Avqust 2024

07 Avqust 2024

05 Avqust 2024

03 Avqust 2024

01 Avqust 2024

31 Iyul 2024

30 Iyul 2024

28 Iyul 2024

26 Iyul 2024

24 Iyul 2024