İnsanlara hürriyət, millətlərə istiqlal!

Qırmızı xətt çaydırsa... – Ford təzə maşınları niyə 260 dollara satırdı...

 

Bizim camaatın qida məsələsində iki həssas nöqtəsi var, biri çörəkdir, o biri -çay. Nəyi baha satırlar, satsınlar, bu ikisinə toxunulmasın. Çörəkyeyən və çayxor millətik.

“Xaricdə oteldə olanda xaricilər bizim çox çörək götürməyimizə heyrətlə baxırdılar”, “ruslar mat qalırdılar, deyirdilər, 40 dərəcə istidə bu 40 dərəcədən artıq qaynarlıqda çayı necə içirsiniz” kimi söhbətləri eşitmisiniz. Bunlar həqiqətdir, amma həqiqətin hamısı deyil.

Latın Amerikası ölkələri koka kolundan hazırlanan içkilərə necə meyllidirlərsə, biz də çaya elə bağlıyıq. Koka yarpağının tərkibində kefkökəldən maddələr var, onlar ona görə kokasevərdirlər. Görünür, çayda da nəsə adamı sakitləşdirən, kefaçan maddələr var, asılılığımız bu üzdəndir.

Hər nədirsə, bax, vaxtaşırı çayın qiyməti barədə söz-söhbətlər ona görə böyüyür, ajiotaj qalxır. 3-4 il əvvəl Qəbələdə restoranda bir toğlunun (12-14 kilo) kababını əcnəbilərlə azərbaycanlıların qarışığından ibarət qrupa verib, bir cöngənin pulunu (1234 manat) almışdılar, heç onda bu qədər inqilabi situasiya yaranmamışdı.

Amma İsa bulağında çayın qiyməti ümumxalq həyəcanına səbəb oldu və əks-sədası davam edir. Bəli, çay bizim qırmızı xəttimizdir.

Hələ də birmənalı rəy yoxdur ki, İsa bulağında çay həqiqətən 32 manata təklif edilib, yoxsa yox. Haçalı rəylər var. Menyu paylaşan tərəfin açıqladığı sənəddə çayın qiyməti 10 manatdır. Amma hesab ödəyən şəxslər də and içirlər ki, 10 manata çay içmək üçün məcbur olub 35 manatlıq yemək yeyiblər, hesab gəlib 50 manata dirənib. Yemək yeməyənə çay vermirmişlər. Ya da ofisiant və reportyor xanımın bir-birilə səsləşmə yaparaq dediyi kimi, çayı “dəzgah”la verirmişlər. “Dəzgah” deyərkən onlar mürəbbə, şokolad, ləbləbi-filandan ibarət dəsgahı nəzərdə tuturdular, amma biz anladıq. Axtarsan, eyni sözdür, ikisinin də axırı “gah”la bitir.

Bu çay söhbətini şəhidlərin qanıyla bağlayanlar var və onlar müəyyən qədər haqlıdırlar. Məsələn, bir şəhid anası Şuşaya gedər, İsa bulağına enər, ürəyi çay istəyər, ona bu bahalıqda çay təklif ediləndə deməzmi, haramınız olsun, mənim oğlum buraları ermənidən ona görə almayıb ki, siz belə alver edəsiniz. Adam yerə girər – vicdanı varsa. Vicdan yoxsa, problem yoxdur. Üzünü o tərəfə döndərib, irişər, söhbət bitər.

İstənilən məkanda çayın baha olması kriminal hadisə deyil. Çünki kafe-restorandakı çay gündəlik və zəruri tələbat materialı deyil, lüksdür, istəmirsən, içmə, alternativləri çoxdur, susuzluğu yatırmaq üçün ayrandan tutmuş spirtsiz pivəyə qədər yüz cür içki var. Əgər çayı baha satan iaşə müəssisəsi vergi qnunvericiliyinə uyğun vergisini verirsə, ta nə etmək olar, qoy samovarını qaynatsın. Könlü evdən qıraqda çay içmək istəyən isə özüylə termos və ya 3-4 atımlıq qara (yaşıl) çay, bir də çaydan gəzdirsin.

Əslində çay möhtəkirlərinə qarşı tətbiq ediləcək sanksiya məhz bu olmalıdır. Onların təklif etdiyi qan qiymətinə çaydan imtina etmək. Qoy samovarlarının dudkeşi tüstüləyə-tüstüləyə, dəmkeşi də boş qalsın. Heç kim onların bahalı çayından içməsə, ya məcbur olacaqlar qiymətini aşağı salsınlar, ya da çay dəzgahını yığışdıracaqlar, eləcə də çay dəsgahı təklif etməyi.

Böyük ehtimalla ikinci olacaq. Bu ölkədə adətdir: tonlarla meyvəni xarab edib zibil qablarına tökərlər, amma alıcıya ucuz qiymətə verməzlər. Keçən il 10 tondan artıq baha getməyən və xarab olan pomidorun “Meyvəli” bazarında zibil qablarına daşındığını özüm görmüşəm. 3-4 gün qabaq isə həmin yerdə zibil konteyneri xarab olmuş qarpızlarla ləbələb dolu idi – azı 3 ton. Bananla bağlı bənzər durumların yaşandığı da olub. Ancaq son vaxtlar banan topdançıları haqqın yolunu tapıblar, mal əllərində qalanda qiymətini endirib dünya standartı səviyyəsinə (1 avronun ekvivalentinə) salırlar, camaat alır, ziyana düşmürlər.

Belə hallar ticarəti bilməzlikdən yaranır. Bizdə tez varlanmaq, çox, lap çox, daha-daha çox, beşqat, onqat çox pul qazanmaq istəyənlərin maniakal ehtirası ticarət qaydalarını boğur. Onlar anlamırlar ki, maya dəyəri 2 manat olan nəyinsə qiymətini 20 manat edəndə bunun axırı alıcının üz döndərməsi, müştərinin azalması, müəssisənin müflis olması ilə bitəcək. Çünki nə camaat evində dəzgah qurub pul kəsmir, nə də pulu payız xəzəli kimi yerdən xəkəndazla yığmır.

Çox pul qazanmaq üçün harın, səxavətli və qudurğan adamların auditoriyasına müraciət etməyin də axırı yoxdur. Xoşbəxtlikdən, elələri çox deyil. Dünyanın hər yerində əksər biznes qurumları pullarını orta təbəqədən qazanırlar. Onlara müraciət etmək lazımdır. Ortabablar isə 30 manata çayı bir dəfə içərlər – o da üzə düşərək.

Siz heç bilirsiniz ki, Henri Ford 100 il qabaq özünün istehsal etdiyi “Ford” avtomobilinin qiymətini ildən-ilə ucuzlaşdıra-ucuzlaşdıra, axırda neçəyə satırmış? 260 dollara (indiki dollarla 3 minə). Adamın devizi beləymiş ki, hamının avtomobili olsun. Ona görə də qoy çayçılar çayı elə qiymətə satsınlar ki, hamı mənzərəli yerlərdə çay içə bilsin.

Ford ağılı adam olub, bu üsulla milyardlar qazanıb.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR