Onlayn ictimai-siyasi qəzet
Dünyanın bütün ölkələrində belədir: bir vətəndaş öz ölkəsinin sirrini başqa ölkəyə satırsa, vətən xainidir, ölümə layiqdir, başqa ölkənin vətəndaşı öz dövlətinin sirrini bu ölkəyə sızdırsa, qəhrəmandır və ona mükafat düşür.
Yazıq həmkarımız Culian Assanjın işi lap qəribədir. Adam ABŞ vətəndaşı deyil, amma onu bu dövlətin sirlərini faş etdiyinə görə ömürlük həbs cəzası gözləyir. Bədbəxtə mükafat boyun alan yoxdur, amma cəza istəyir. Çünki o, sirrini öyrənib yaymadığı böyük dövlət qoymayıb, kimin nə pıxı işini bilibsə, götürüb öz saytında (“Vikiliks”) yayıb.
Həmkarımız casus-agent, reket-meket deyil, eləcə jurnalistdir və böyük şairimiz Sabir demişkən, vəzifəsi budur ki, gördüyü nikü-bədi eyləsin izhar, yazsın. Culi (əslində ona Juli deyilməlidir, amma bu söz başqa bir kəlməni andırır) də məhz belə edib, dövlətlərin sirlərini əldə edib, yayıb. Sirlər də nə sirr... Tam biabırçılıq. Gizli yazışmalar. Başqa dövlətlərə torbatikmələr. Şərləmələr... Heç demə, o boyda dövlətləri idarə edən adamlar cılız-cılız və çirkin-çirkin işlər görürmüşlər, üstəlik, bu sirləri qorumaq gücündə deyilmişlər.
İndi onlar öz günahlarını yetim Assanjın üstünə yıxırlar. Ən azı yeddi superdövlət hərləyirdi ki, onu tutub mühakimə eləsin. Bir ara adamın üstünə hətta qadın şəri atdılar, guya ki, nə vaxtsa içib sərxoş olub, bir qadını zorlayıb. Amma bu söhbət yerimədi. Deyəsən, “zorlanmışam” deyən qadın tapmadılar.
Assanj öz işini bilirdi, başa düşürdü ki, yekə yerlərə ilişib, paçası ələ keçsə, qaçası yolu qalmayacaq, ona görə də Londondakı Ekvador səfirliyində gizlənirdi. Onu oradan çıxarmaq üçün çox şeyə əl atırdılar, alınmırdı. Bircə o qalmışdı ki, Assanjın anası ilə bacısını tutub jandarmeriyaya aparsınlar və desinlər ki, qeyrətli oğul və qardaşsansa, gəl, ana-bacını qurtar, yoxsa bilirsən, konstebllər onlara nə edəcək.
Axırda nə oldusa... indi Assanj İngiltərənin sərəncamındadır və ABŞ uzun müddət jurnalistin ekstradisiyasına nail olmaq üzrədir. Bu gedişlə İngiltərə onu yaxın vaxtlara ABŞ-a təhvil verəcək.
Meksikanın prezidenti Andres Manuel elə düz deyir ki, əgər Culian Assanj mühakimə olunsa, o zaman ABŞ gərək Nyu-Yorkdakı Azadlıq heykəlini söksün.
Gerçəkdən də Assanj ABŞ-da maksimum müddətə həbs cəzasına məhkum edilsə, onda Nyu-Yorkdakı Azadlıq heykəli necə azadlıq simvolu ola bilər?
Fəqət belə şeylər böyük dövlətlərin qulağına da deyil. Onların başqa dövlətdən tələb etdikləri şeyləri heç kəs onlardan tələb edə bilməz. Başqalarından azadlıq və insan haqlarına riayət tələb etmək hüququ eksklüziv olaraq yalnız onlardadır.
Məsələn, 7-8 il öncə Türkiyədə Can Dündar adlı bir jurnalist öz dövlətinin Suriyada apardığı siyasətinə dair sirləri açıb dünyaya yaymış və öz ölkəsini dilə-dişə salmışdı. Hakimiyyət orqanları onu nəzarətə götürmüş, dosyesini süsləyib doldurmuşdular, özünü də bir-iki günə süysünləyib qoyacaqdılar içəri. Onu kim duyuq saldı, kim xəbərdar etdi, bilinmədi, amma Can canını götürüb gecəylə aradan çıxdı, Fransaya yerləşdi.
İndi budur, neçə ildir, o, əlini-qolunu sallaya-sallaya gəzir, dil boğaza qoymadan danışır, Türkiyəyə dair nə sirr-xafiyə var, hamısını açıb-tökür. Bu hərəkətinə görə ABŞ da, bütün Avropa da ona minnətdardır, orda-burda tərifləyirlər, hələ Türkiyə hakimiyyətindən də tələb edirlər ki, ona qarşı cinayət təqibini dayandırsın. Guya ki, Dündara qarşı bu hərəkət söz və mətbuat azadlığını boğmaqdır, nə bilim, demokratiya və insan haqlarına ziddir.
Adama deyərlər, onda Assanjdan nə istəyirsiniz. Assanj sirləri faş edəndə ağır cinayət olur, Dündar faş edəndə media azadlığı yada düşür? Türkiyə Dündarı mühakimə edib, 5-6 il verə bilməz, amma ABŞ Assanjı mühakimə edib 175 il iş kəsə bilər?
175 il az müddət deyil, yeddi igidin ömrüdür. Hərçənd ABŞ humanistcəsinə davranır, Assanja ömürlük iş kəsməyəcək və o, cəzasının “üçdə bir hissəsi”ni çəkdikdən sonra azadlığa çıxa biləcək.
19 Sentyabr 2024
17 Sentyabr 2024
15 Sentyabr 2024
14 Sentyabr 2024
12 Sentyabr 2024
10 Sentyabr 2024
08 Sentyabr 2024
06 Sentyabr 2024
04 Sentyabr 2024
02 Sentyabr 2024
01 Sentyabr 2024
30 Avqust 2024
28 Avqust 2024
22 Avqust 2024
20 Avqust 2024
18 Avqust 2024
16 Avqust 2024
14 Avqust 2024
12 Avqust 2024
11 Avqust 2024
09 Avqust 2024
07 Avqust 2024
05 Avqust 2024
03 Avqust 2024
01 Avqust 2024
31 Iyul 2024
30 Iyul 2024
28 Iyul 2024
26 Iyul 2024
24 Iyul 2024
ŞƏRHLƏRŞƏRH YAZ