Onlayn ictimai-siyasi qəzet
Ölkədə bir qrup adam var ki, adları Feysbukun kollektiv tənqidçilərinin qara siyahısındadır. İndi onların adlarını burada bir-bir çəkib arı yuvasına çöp uzatmaq istəmirəm. Elə etsəm, siyahı bir az da genişlənər, passivlər siyahısında olanların da adını aktivlər qrupuna salıb başlayarlar söyməyə.
Bu qrupa əsasən 3-4 müğənni, o qədər jurnalist, 5-6 deputat, 7-8 siyasətçi, 8-9 məmur daxildir. Belə baxanda çox deyillər. Hərçənd ölkənin bu gündə olmasında onları rolu sıfırın üstündə və ya böyründədir, amma timsahlardan çox, onların adı dildə-dişdədir.
Neçə ildir bu “sevilməzlər” qrupunun üzvləri nə yazsalar, nə desələr, xeyri yoxdur, söyülür, qınanılır, yamanlanırlar.
Bəzən elə olur ki, yazıqlar (aralarında yazıq ilan vurmuşlar da var) heç nə demirlər, FB ictimaiyyətinin sözü olmasın, “quş buraxmırlar”, onları söyməyə səbəb olmur, o zaman bu işin həvəskarları gedib keçmişdə buraxılmış “quş”lardan birini tutub gətirir, ortalığa buraxır, adamı təzədən, yeni həvəs və entuziazmla söydürürlər.
Hətta adamlar hansı ifadələrin, fikirlərin kəskin reaksiya və söyüşlə qarşılanacağını bildiklərindən çalışırlar ki, xalqın xoşuna gələn sözlər desinlər, bir növ söyüşcülləri neytrallaşdırsınlar. Yenə xeyri yoxdur. Söyüş davam edir. Sanki əvvəldən diskə yazılıb.
Özgələri söymək və başqalarının söyülməsini izləmək ləzzətli işdir. Amma adam özü söyüləndə məsələ dəyişir. Daimi söyülənlərin içində çox söyüşcül adamlar da var, təkbətəkə çıxsalar, kollektiv söyüşcüllər onların qarşısında dayana bilməz. İntəhası, o adamlar tutduqları ictimai mövqeyə görə abırlarına qısılırlar, söyüşə söyüşlə cavab verə bilmirlər, nəticədə süysün qızarır. Söyənlər də elə bilirlər, adamın cavab verməyə sözü və müəyyən orqanları çatmır.
Bugünlərdə “daimi söyülənlər” qrupunun fəallarından olan deputat Razi Nurullayev (o, əvvəllər bu qrupda deyildi, AXCP-dən çıxıb deputat olandan sonra oldu) uzun müddətdən bəri söyülməyə dözməyərək de-marş edib, götürüb demədiyi sözləri onun adından yayanlara, şəxsini hədəfə çıxarıb söydürənlərə qarşı həqarət dolu status yazıb, konkret olaraq, elə adamları atalarından bixəbər olmaqda ittiham edib.
Bu, pis sözdürmü? Əl-əlbət, elədir. Bəs deputat niyə belə edib? Ona görə edib ki, artıq onun dözüm limiti tükənib, ona qarşı düşmənçilik edənləri öz silahları ilə vurmaq istəyib.
Beləcə, deputata qarşı söyüşlü kampaniyanın yeni mərhələsi başlayıb. İndi çox adam həmin statusu paylaşır və belə şərhlər yazırlar: “Bu da bizim ziyalımız...”; “Adam bu ağılla deputat seçilib?”; “Deputat olan şəxsə belə sözlər yaraşmaz” və sair və ilaxır.
Sanki adam deputatdır deyə həmişə söyülməlidir, bunu həzm etməlidir və cavab vermək haqqı yoxdur. Həm də elə çıxır ki, bir qrup adam qarşısına çıxan hamını söyə-söyə getməlidir və kimsə onlarla bildikləri dillə danışanda bu, artıq səviyyəsizlikdir. Adam, sən o səviyyəsizliyi illərdir edirsən axı. İndi çomağın o biri başı fırlanıb öz gicgahına dəyəndə söyüş söymək səviyyəsizlik oldu?
Yəni vəzifəyə layiq olub-olmasalar da, mandatları saxta olsa da, insanları psixoloji terrora məruz qoymaq, nəsl-nəcabətinə xroniki və permanent şəkildə söymək olmaz. Bir gün adam partlayar, Etna və ya Eyyaflayokuldr vulkanı kimi od və kül püskürər, ağzından latayır lavası axar, qanqaraçılıq olar.
Keçmiş vaxtlarda bir deputat vardı, düşmənləri onu da tez-tez və yoğun-yğoun söyürdülər, axır bir dəfə bəyin başı çöndü, söyənlərin ünvanına ağzına gələni dedi. Tənqidçilər gördülər ki, bu, daha ağır söyüşlər bilir və dilinə gətirməkdən utanmır, daha onunla işləri olmadı.
Bax, indi də bəziləri Razini qova-qova narazı elədilər, o da götürdü, belə yazdı. Bəlkə də Nurullayevə həmin deputat məsləhət görüb ki, söyənləri susdurmağın etibarlı yolu söyməkdir.
Bu işin gələcəyi odur ki, hamı arı-abırı, həyanı, isməti qırağa qoyacaq, qarşı-qarşıya durub söyüşməyə başlayacaq. Söyülənlər də bu ölkənin şəhər və kəndlərinin məhəllələrində söyüş söyə-söyə yekəliblər, çox şey bilirlər, psixoloji baryeri adlasalar, ağızları açılsa, prosesin axırı yaxşı qurtarmayacaq, kiminsə ağzı cırılacaq.
19 Sentyabr 2024
17 Sentyabr 2024
15 Sentyabr 2024
14 Sentyabr 2024
12 Sentyabr 2024
10 Sentyabr 2024
08 Sentyabr 2024
06 Sentyabr 2024
04 Sentyabr 2024
02 Sentyabr 2024
01 Sentyabr 2024
30 Avqust 2024
28 Avqust 2024
22 Avqust 2024
20 Avqust 2024
18 Avqust 2024
16 Avqust 2024
14 Avqust 2024
12 Avqust 2024
11 Avqust 2024
09 Avqust 2024
07 Avqust 2024
05 Avqust 2024
03 Avqust 2024
01 Avqust 2024
31 Iyul 2024
30 Iyul 2024
28 Iyul 2024
26 Iyul 2024
24 Iyul 2024
ŞƏRHLƏRŞƏRH YAZ