İnsanlara hürriyət, millətlərə istiqlal!

Qırmızı xalı dartışması 

İndiki cavanlar biıməz, 20-25 il əvvəl ciddi siyasətçilərə şəxsi həyatlarına, hobbilərinə, məişət məsələlərinə dair sual verəndə lakonik şəkildə deyirdilər: “Bu, ictimai-siyasi əhəmiyyət kəsb edən məsələ deyil”.

Söz tamama yetirdi. Ona görə də jurnalistlər çalışırdılar ki, ciddi siyasətçilərə, ümumiyyətlə, ciddi adamlara ictimai-siyasi əhəmiyyət kəsb etməyən suallar verməsinlər.

Hərçənd elə adamlar da vardı ki, onlara nə qədər ciddi suallar versən də, qayıdıb baməzə, qeyri-ciddi cavablar verirdilər. Həmkarlarımın elə adamlardan xoşu gəlirdi. Çünki koloritli adamlar idi. Xoş ovqat yaradırdılar. Bəziləri axırda gedib ANS-nin “Qulp” verilişinə də çıxdı.

Sonrakı illərdə ictimai-siyasi əhəmiyyət kəsb edən suallar da azaldı, onu uyğun cavablar da. Teleefirdə mirəliyevləşmə təmayülü gücləndi, ictimai-siyasi debatlar yoxa çıxdı, nəzər nöqtələri bir-birinə qarışdı. Bir də gördük, səhərdən axşama qədər müğənnilərdən, şoumenlərdən, artistlərdən danışırıq.

Bu gün məlum olur ki, Röyanın tərəfdarları 30 ilin partiyasının sədrinin tərəfdarlarından çoxdur və müğənni yüngülvarı iradla üzləşəndə irəli durub onu müdafiə edirlər.

Rəy sorğusu keçirib 100 adamdan Nüsrət Kəsəmənlini və meyxanaçı Balaəlini soruşsan, 100-ü də ikincini tanıyacaq, birincini 50-si tanısa, get nəzir ver.

Hələ Manaf... Adamı ölkədə tanımayan yoxdur, maşınıının markasından kostyumlarının rənginə qədər barəsində hər şeyi bilirlər.

Xalq aktrisa Pərvinin axırıncı dəfə hansı ölkədə istirahət etdiyindən, orada nə geydiyindən də milyonlar xəbərdardır.

Ona görə ki, bu şəxslər hər gün efirlərdədirlər, barələrində hər cür xəbərlər yayılır. Düzdür, o xəbərlərin heç biri ictimai-siyasi əhəmiyyət kəsb etmir, amma əsas məsələ ekranda görünməkdir, adın hallandırılmasıdır.

Məsələn, Manafın “Maybax” markalı avtomobilindən düşüb pilləkənləri ağır-ağır qalxmasının hansı ictimai-siyasi əhəmiyyəti var? Heç nə. Amma siz o videonun altında yazılan minlərlə şərhi görəydiniz. Çoxu da neqativ plandaydı. Hətta bir nəfər yazmışdı ki, pilləkənlə bu cür qalxışın minimum cəzası 15 sutkadır.

İnsanları o hiddətləndirmişdi ki, müğənni pilləkənləri qalxarkan videkadrlar yavaşıdılır və bu, çox sanballı görünür. Yavaşıdılmış kadrların belə xüsusiyyəti var. Əksinə, kadrlar sürətləndiriləndə adam Çarli Çaplinin personajına oxşayır.

Belə baxanda Röyanın Kannda qırmızı xalının üstündə şəkil çəkdirməsi və paylaşması da ictimai-siyasi əhəmiyyət kəsb etmirdi, amma sosial şəbəkə istifadəçiləri ictimai-siyasi platformada üç gün bunu müzakirə etdi. İkitirəlik yaranmışdı. Bir tirə Röyanı amansız repressiyadan qoruyurdu, o biri tirə deyirdi, görməmişlikdir.

Belə cəbhələşmə axırıncı dəfə keçən ilin yayında Ağadadaşın klinika mühafizəçisinə balta atması zamanı olmuşdu. Amma o hadisə ictimai-siyasi əhəmiyyət kəsb edirdi. Çünki mühafizəçi proletariatı, müğənni isə öz villası, lüks maşınları, şadlıq sarayı, nazir dostları ilə oliqarxiyanı təmsil edirdi. Qəribə bir sinfi mübarizə başlanmışdı. O vaqiəni 1 ay müzakirə etdik. Xeyli höcətləşdik. Axırda proletariatla oliqarxiya öpüşüb barışdılar, biz də pərt olub dağılışdıq.

Yaxşı ki, sənət camiəsində Nura Suri var, yenə hərdən o, ictimai-siyasi əhəmiyyət kəsb edən statuslar yazır, gah nəyinsə bahalaşmasına etiraz edir, gah başqa bir problemi qaldırır, axır ki, xanım dinc durmur. Bəlkə də partiya yaratsa, təşkilata axın olar, xeyli adam Nura xanımın ətrafında birləşər. Partiyanın adı da “Nura doğru” ola bilər. (Gördüyünüz kimi, söz oyunu da var, iki məna daşıyır – həm “nura doğru irəliləmək”, həm də “Nura doğru-dürüstdür”).

Yoxsa, vallahi, bir oxucum var, 4 aydır hər fürsətdə deyir ki, şairə-aparıcı Nazilə Səfərlinin evində iki siçanın dalaşmasının hansı ictimai-siyasi əhəmiyyəti vardı ki, ölkənin 19 aparıcı media qurumu bu xəbəri vermişdi.

Hələ biri var, deyir, bu deqradasiyadır. Elə terminlərin mənasını mən də bilirəm, amma media və mənəvi mühitdəki deqradasiyanın qarşısını almağın yolunu bilmirəm. Camaat elə şeylərə həvəs göstərir, nə edək?
Belə görünür ki, ciddi siyasətçilərə ictimai-siyasi əhəmiyyət kəsb edən sual verilən vaxtlar, türkün sözü, mazidə qalıb. İndi hərə birtəhər ayaqqabısını mazlamaqla məşğuldur.

Dəli şeytan deyir ki, götür FB-də belə bir status yaz: “Yox e, Uitni Hyuston qırmızı xalıya çıxa bilər, bizimki çıxa bilməəəz?”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

26 Iyun 2025

24 Iyun 2025

22 Iyun 2025

20 Iyun 2025

18 Iyun 2025

16 Iyun 2025

14 Iyun 2025

12 Iyun 2025

10 Iyun 2025

08 Iyun 2025

06 Iyun 2025

04 Iyun 2025

02 Iyun 2025

31 May 2025

29 May 2025

27 May 2025

25 May 2025

23 May 2025

21 May 2025

19 May 2025

17 May 2025

15 May 2025

13 May 2025

11 May 2025

09 May 2025

07 May 2025

05 May 2025

03 May 2025

01 May 2025

29 Aprel 2025