Onlayn ictimai-siyasi qəzet
Bu gün Xucənd şəhərində Özbəkistan, Tacikistan və Qırğızıstan prezidentlərinin iştirakı ilə ilk üçtərəfli sammit keçirilib. Prezidentlər Şavkat Mirziyoyev, Emoməli Rəhmon və Sadır Japarov bu üç qonşu ölkə arasındakı sərhəd mübahisəsinə son qoyub.
Bundan bir neçə gün öncə Bişkekdə Qırğız Respublikası ilə Tacikistan arasında dövlət sərhədi ilə bağlı onillərlə çözülməmiş məsələlər üzrə tarixi razılaşma imzalanmışdı. 2021-ci ilin payızında isə Özbəkistanla Qırğızıstan arasında su qaynaqları, otlaqlar və sərhəddin girintili-çıxıntılı yerləri ilə bağlı anlaşmalar olduğunu xatırlayıram.
Onu da xatırlayıram ki, əsasən Batken bölgəsində tacik-qırğız qarşıdurmaları, toqquşmaları son illər daha tez-tez olurdu. Budur, artıq, qanlı toqquşmalara səbəb olan sorunları çözən qərar hər iki ölkənin parlamenti tərəfindən (qısa müddətdə!) ratifikasiya edilib. Bu gün keçirilən görüşdə iki ölkə liderləri həmin sənədi də rəsmən təsdiqləyib.
Ona görə də, Xucənddəki bu toplantı Orta Asiyadakı əsas sərhəd mübahisələrinə qəti son qoyan və qonşu, dost, qardaş ölkələr arasındakı bağları daha da gücləndirən səlis və xalis addım oldu.
Hər üç ölkənin dostu-qardaşı olan Azərbaycanın belə bir razılaşmanı alqışladığı Gün kimi aydındır.
Bəli, bu görüş Orta Asiya üçün tarixi önəm daşıyır və bəzi yadellilərin və “qonşu”ların bədniyyətlərinə qarşı önləm kimi də xarakterizə edilə bilər. Bölgədəki sərhəd mübahisələri, əsasən, SSRİ-nin dağılmasından sonra yaranan mürəkkəb etnik və inzibati bölünmələrin nəticəsidir.
Ayrıca, Özbəkistanın üçtərəfli dialoqda maraqlı olması və necə deyərlər, ikitərəfli formatdan üçtərəfli formata keçilməsi diqqətçəkicidir. Şavkat Mirziyoyevin Prezident seçilməsindən bəri Özbəkistanın bölgəsəl işbirliyinə özəl önəm verməsi, sərhəd problemlərinin çözümündə xoşməramlı arabulucu kimi çıxış etməsi, bölgədə sabitliyə müsbət təsir göstərir.
Xucənd sammitinin ən önəmli nəticəsi Orta Asiyada dövlətlərarası sərhəd problemlərinin çözümündə yeni bir mərhələyə keçidin simvolu olmasıdır. Əgər bu sürəc davamlı şəkildə irəliləsə, gələcəkdə təkcə sərhəd məsələləri deyil, su ehtiyatları, iqtisadi işbirliyi və s. sahələrdə də dərin inteqrasiyanı görə bilərik.
*
Gəlin, Xucənd görüşündən çıxış edərək Azərbaycan, Gürcüstan və Ermənistan arasında da mümkün üçtərəfli görüşü modelləşdirməyə çalışaq. Bunun üçün əlbəttə, mövcud gerçəkləri və bölgədəki siyasi-hüquqi çərçivəni öncəliklə nəzərə almalıyıq.
Belə bir görüşün necə təşkil oluna biləcəyini və hansı sonuclar verə biləcəyini yığcam şəkildə incələməyə çalışaq.
Məkan olaraq Qazaxın Bağanıs Ayrım və Aşağı Əskipara kəndlərinin yaxınlığı, Böyük Qarakilsə
(Ermənistanın Noyemberyan) və Borçalı (Gürcüstanın Marneuli) bölgəsi ilə ən yaxın ərazi seçilə bilər.
Doğrudur, ağla ilkin olaraq Tiflis şəhəri gələ bilər lakin bölgənin yeni gerçəklərini dəyərləndirmək və üç respublikadan yeganə işğalçı olan Ermənistanın öz üzərinə düşən sorumluluğu idrakı adına Qazax daha adil seçim olardı.
Özü də, Prezident İlham Əliyev, Baş nazirlər İrakli Kobaxidze və Nikol Paşinyanın ilk üçtərəfli görüşünə qıraq aparıcı (moderator) lazım olmasın gərək.
Açığı, nə BMT, ATƏT, nə də Avropa Birliyi ən müxtəlif səbəblərdən belə bir aparıcılığı o qədər də haqq etmir. (Bir arabulucuya ehtiyac yoxdur, illa da bir arabulucu olacaqsa, o statusu Türkiyə haqq edir). Beləliklə, ən salamatı Prezident İlham Əliyev və Baş nazirlər Kobaxidze ilə Paşinyanın öz aralarında görüşüb- danışmasıdır.
Zatən, baş tutsa, bu görüş əsasən bölgəsəl xarakter daşıyacaqdır. Belə bir görüş yalnız üç respublikaya deyil, bütün yaxşı qonşulara, obyektiv maraq nümayiş etdirən tərəflərə ancaq və ancaq xeyir vəd edəcəkdir.
Haşiyə:
Biz 3+3 formatını unutmamışıq. Lakin həmin formatın gündəliyi və gerçəkləri başqadır. 3+3 formatı (Azərbaycan, Ermənistan, Gürcüstan + Türkiyə, İran, Rusiya) geniş bölgəsəl problemlərin çözümü üçün nəzərdə tutulmuş bir platformadır; lakin bu formatda Gürcüstan iştirakdan imtina edir, çünki Rusiya ilə münasibətləri Abxaziya və Güney Osetiyanın işğalına görə gərgin olaraq qalır.
Azərbaycan-Gürcüstan-Ermənistan üçtərəfli görüşü 3+3-dən fərqli olaraq, daha lokal, bölgəiçi dialoq mexanizmi kimi formalaşa bilər. Bu isə digər məziyhətləri ilə birgə, daha çevik və konkret problemlərə yönəlmiş platforma yaratmağa xidmət edər.
Yeni format (da) Azərbaycan üçün güncəldirmi?
Əlbəttə, istənilən konstruktiv format kimi, Azərbaycan üçün üçtərəfli format da uyğun və hətta, daha yararlı ola bilər, çünki bölgəsəl təşəbbüslərdə Bakının liderliyini daha da gücləndirərdi.
Əgər üçtərəfli format uğurlu alınarsa, bu model sonra Türkiyə və Türküstan ilə genişlənərək, daha böyük inteqrasiyanın əsasını qoya bilər.
Qayıdaq, üçtərəfli görüşə: belə bir görüşün əsas müzakirə mövzuları nə ola bilər?
a) Sərhədlərin delimitasiyası və demarkasiyası
- Bəlli olduğu kimi, Azərbaycan və Ermənistan arasında sərhəd məsələləri prioritet mövzudur. 2020 və 2023-cü il hadisələrindən sonra sərhədlərin tam müəyyənləşdirilməsi bölgədə sabitliyin əsas şərtlərindəndir;
- Gürcüstanın da həm Azərbaycan, həm də Ermənistanla müəyyən sərhəd məsələləri (örnəyi, David Qareci/Lavra kompleksi ilə bağlı mübahisə və s) olduğunu nəzərə alsaq, bu görüş, Gürcüstan üçün sərhəd problemlərinin çözümünü sürətləndirə bilər.
b) Daşıma dəhlizləri və iqtisadi işbirliyi
- Öncəliklə, Zəngəzur dəhlizi və Gürcüstan üzərindən yeni ticarət marşrutlarını göz önündə tutaq.
- Azərbaycanın (səmimi və əzmli şəkildə) əsas hədəflərindən birinin bölgədə daşımaçılıq bağlarının inkişaf etdirilməsi olduğu bəllidir. Görüşdə Ermənistanın bu məsələyə yanaşması aydınlaşa bilər;
- Orta Dəhliz və Gürcüstanın rolu məsələsinə toxunsaq, Azərbaycanın da, Ermənistanın da Avropaya çıxışı üçün əsas marşrutun Gürcüstandan keçdiyini vurğulamalıyıq.
Bu üçtərəfli işbirliyi, Bakı-Tiflis-Qars dəmir yolunun, liman infrastrukturunun inkişafı və Ermənistanın potensial inteqrasiyasına imkan yarada bilər.
c) Bölgəsəl təhlükəsizlik və sabitlik
- Azərbaycan və Ermənistan arasında barış anlaşmasının və ya anlaşmanın çərçivə prinsiplərinin yaxud niyyət protokolunun imzalanması bu üçtərəfli görüşün əsas sonuclarından biri ola bilər;
- Əlbəttə, Gürcüstanın öz ərazi bütövlüyü məsələsi də önəmlidir. Bu kontekstdə, Gürcüstanın ərazi bütövlüyünə Azərbaycanın bir daha və Ermənistanın açıq şəkildə dəstək ifadə etməsi bölgədə yeni güvən ortamının formalaşmasına kömək edə bilər.
d) Humanitar və mədəni işbirliyi
- İtkin düşən şəxslərin taleyi, mədəni irs məsələləri, sərhəd bölgələrində birgə layihələr və təhsil mübadilələri bu görüşün humanitar ölçüsünü təşkil edə bilər.
Yaxşı, bəs potensial çıxış yolu və sonuclara vurğu edərkən daha nələri deməliyik?
Əgər tərəflər gerçək siyasi iradə nümayiş etdirərsə, bu görüşün konkret nəticələri ola bilər.
Nəticələri nəzəri olaraq sıralayaq:
- Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası sürəcinin sürətləndirilməsi barədə səlist, bitkin razılıq;
- Üçtərəfli ticari, iqtisadi işbirliyi üçün yeni mexanizmlərin yaradılması;
- Gürcüstanın tranzit ölkə olaraq rolunun dəyərləndirilməsi ilə yanaşı, Orta dəhlizin inkişafı;
- Üçtərəfli görüşlərin davamlı olması (örnəyi, illik görüşlər formatı halına gətirilməsi) və s.
Əgər belə bir üçtərəfli mexanizm işə düşsə, bu, Güney Qafqazda uzunmüddətli sabitlik, iqtisadi işbirliyi, inteqrasiya, təhlükəsizlik, deməli, hərtərəfli inkişaf üçün yeni səhifə aça bilər. Ancaq bunun üçün ən vacib şərt – siyasi iradə və qarşılıqlı güvəndir.
Bir qədər də dəqiqləşdirsək, əsas problem yığnağı Ermənistanla bağlıdır. Ermənistan:
- qonşulara açıq, gizli ərazi iddialarından birmənalı, açıq, səmimi və əbədi imtina etməsə,
- o cümlədən Anayasasında zəruri dəyişikliklər etməsə,
- 30 illik işğala görə Azərbaycandan, Abxaziyadakı qanunsuz erməni batalyonlarının qanlı fəaliyyətinə, Cavaxetiyadakı pozuculuq çalışmalarına görə Gürcüstandan üzr istəməsə (o cümlədən Azərbaycana təzminat ödəməyi üzərinə götürməsə),
- rəsmi təlim-tədris materiallarında qonşulara qarşı əsassız iddialara qəti son qoymasa,
- separatçılıq, terrorçuluq simvolu abidələri, yalançı tarixşünaslığı, mədəni mənimsəmələri sıfırlamasa…
o üçtərəfli görüş nəyə yarar?..
Biz inanırıq, Ermənistanla Azərbaycan arasındakı 44 günlük müharibənin və antiterror tədbirlərinin nəticələri Türküstana da sirayət edib. Necə deyərlər, Orta Asiyadakı dostlar, qardaşlar öz aralarında ya savaşmalı ya da barışmalıydı... Türküstanın bəxti onda gətirib ki, orada Ermənistan yoxdur!.. Yəni biz Qafqazda barışdan danışırıq, barışı istəyirik, ancaq Ermənistan gərək barış yerinə batış yolunu seçməsin. Rəsmi bilgilərə görə, elə bu gün Ermənistan silahlı qüvvələrinin şərti sərhəddin müxtəlif yönlərində təxribatları, atəşkəs pozuntusu faktları olub. Buna nə ad qoyaq - hara yazaq bunu?..
Bəli, biz Xucənd görüşünü qiymətləndiririk, lakin barış, anlaşma düsturlarını Xucənddən öncə də çox yaxşı bilirik. - Ya gərək, Ermənistan nəhayət sözübütov, ağzıbir, konstruktiv Ermənistan olsun ya da gərək, daha Ermənistan olmasın… - Bax, məsələ bundadır…
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
Qafqazlardan Türküstana salam-sayğılarla,
31 Mart 2025
29 Mart 2025
27 Mart 2025
20 Mart 2025
08 Mart 2025
06 Mart 2025
05 Mart 2025
01 Mart 2025
28 Fevral 2025
25 Fevral 2025
24 Fevral 2025
18 Fevral 2025
11 Yanvar 2025
10 Yanvar 2025
08 Yanvar 2025
05 Yanvar 2025
04 Yanvar 2025
03 Yanvar 2025
02 Yanvar 2025
01 Yanvar 2025
29 Dekabr 2024
27 Dekabr 2024
23 Dekabr 2024
22 Dekabr 2024
19 Dekabr 2024
16 Dekabr 2024
11 Dekabr 2024
25 Noyabr 2024
18 Noyabr 2024
12 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ