İnsanlara hürriyət, millətlərə istiqlal!

“Priussiya” ölkəsinin Əzrayılı

 

7-8 il öncəydi, bir dəfə qışda, yerə 0,3 sm qar yağan günlərin birində 4\4-lük cipi olan qohumu piyada gördüm, soruşdum ki, nədən piyadasan, səmimi şəkildə cavab verdi ki, bu gün “nolyeddi”lərin (VAZ-2107 markalı avtomobilləri nəzərdə tuturdu) qorxusundan maşınla çıxmadım.

“07” niyə qorxulu olsun ki? Adam izahat verdi: “Qanıb-qandırmırlar, arxadan, böyürdən gəlib çırpılırlar. Səhər-səhər biri həyətdə sürüşüb qonşunun “Leksus”unu becərdi. Küçəyə baxıram ki, biri də bir cipə girib. Dedim, bu gün gözləym. Cavan uşaqlardır, vururlar, sonra ağlaşma qururlar ki, maşını düzəltməyə pul yoxdur. Az qalırsan, sən çıxarıb pul verəsən”.

Gerçəkdən elə bir durum vardı. Bu giley-güzarı, rəsmi dildə desək, digər yol hərəkəti iştirakçılarından da eşidirdim. Hamısı “cavan uşaqların maşını” olan 07-lərdən pis şeylər danışırdı, deyirdilər, çoxu avtoxuliqandır, minirlər, “zmeykalayırlar”, əl tormozunu çəkib maşını qışqırdırlar, təhlükəli manevrlər edirlər və sair və ilaxır.

Adı çıxmaq pis şey olduğuna görə, sonradan fotosu, videosu çəkilən avtoxuliqanların polisə çəkilməsi, sutkalıq həbslərə göndərilməsi “07 terroru”nu bir az səngitdi. Əlbəttə, təkcə bu yox. Onlardan bəziləri - “konserva qutusu” adlandırılan avtomobillərini tərpədəndə cüyüldədənlər və “qaqa, Gəncə nə uzaqlıqdadır ki... mənim sürüşümlə 2 saatlıq yoldur dəə” deyənlərin bir çoxu iş başında həlak oldular.

Açığı, 07-nin adı o qədər pis çıxmışdı ki, bəzi ağsaqqal adamlar məcbur qalıb o markadan olan maşınların satıb, başqasını almalı olurdular. Bəzilərini DYP tez-tez saxlayırmış, yaxınlaşıb görəndə ki, yaşlı adamdır, deyirmiş, ağsaqqal, yaşına yaraşan maşın alsan, yaxşıdır.

07-dən sonra ölkədə, ən çox da paytaxtda “Niva” markalı avtomobillərin “terror”u başladı. Balaca olmağına baxmayın, nə olsa da, cip növlüdür və güclü maşındır. Mən “Niva”nın qeyrətini bu yay İsmayıllıda gördüm. Bir dəstə jurnalist dağın təpəsəindəki Qaranohur gölünə gedərkən hamımızı oraya, heç bir texnikanın qalxa bilməyəcəyi dikdirlərə “Niva”yla qaldırdılar.

Ancaq bu, o demək deyildi ki, “Niva” güclü maşındırsa, yollarda onun qabağınca heç bir maşın gedə bilməz və “Niva” sürən mütləq hamını ötüb keçməlidir. Tərs kimi, eləydi. “Niva” sürücüləri kiminsə onların qabağında getməsini özlərinə ar bilirdilər, mütləq çatıb ötürdülər. Hətta dönəcəkləri yer geridə qalsa da, çatır, ötür, sonra geri qayıdırdılar.

Adamlar zarafatla deyirdilər ki, “Niva” dünyada yeganə maşın markasıdır ki, onu sürənlərin varlı və ya kasıb olduğunu bilmək olmur. Çünki ölkənin kasıbı da özünə “Niva” alırdı, varlısı da.

Bu maşının populyarlığını isə “Toyota-Prius”lar vurdu. Artıq şəhər “Prius” qaynaşır. Bəlkə də Yaponiyada bu qədər “Prius” yoxdur ki, Bakıda var. Çoxu da özəl taksi şirkətlərinə məxsusdur. Elə bir gün olmur ki, bu markalı maşınların qəza törətməsi barədə xəbər gəlməsin.

Yox, “Prius”lar qəzaya çorlu maşın deyillər. Maşında nə günah var? Günah onu sürənlərdədir. Sadəcə, bir xeyli naşı, məsuliyyətsiz, kəmhövsələ adam daraşıblar taksi şirkətlərinə, hərəyə bir “Prius” götürüblər və düşüblər şəhərin küçələrinə, vura-vura, vurdura-vurdura sürürlər. Bu gün-sabah o avtomobillərin 90 faizini küçələrdə böyrü-başı sarı-qəhvəyi boyalı, bufersiz, sınıq şüşəli görəcəyik. Çünki bizdə qaydadır, taksi xidməti göstərən maşınlar mütləq sınıq-salxaq, tökülmüş, içinə tüstü verən, salonu siqaret hisiylə iylənən olmalıdır. Sifarişə təmiz və saz taksi maşını gələndə sərnişin-müştərilər təəccüblənir, bir az sorğu-sualdan sonra aydın olur ki, adam maşını yeni götürüb.

Uzun sözün qısası, məşhur sovet filmində deyildiyi kimi, avtomobildən qorunun. Bu gün onun adı “Prius”dur, sabah da yəqin ki, təzə bir ucuz marka çıxacaq və camaatın canı üçün Əzrayıla dönəcək. Dostlardan biri zarafatla ölkənin artıq “Priussiya”ya döndüyünü yazmışdı. Amma gerçəkdən də elədir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

19 Sentyabr 2024

17 Sentyabr 2024

15 Sentyabr 2024

14 Sentyabr 2024

12 Sentyabr 2024

10 Sentyabr 2024

08 Sentyabr 2024

06 Sentyabr 2024

04 Sentyabr 2024

02 Sentyabr 2024

01 Sentyabr 2024

30 Avqust 2024

28 Avqust 2024

22 Avqust 2024

20 Avqust 2024

18 Avqust 2024

16 Avqust 2024

14 Avqust 2024

12 Avqust 2024

11 Avqust 2024

09 Avqust 2024

07 Avqust 2024

05 Avqust 2024

03 Avqust 2024

01 Avqust 2024

31 Iyul 2024

30 Iyul 2024

28 Iyul 2024

26 Iyul 2024

24 Iyul 2024