İnsanlara hürriyət, millətlərə istiqlal!

Obamadan artıq demokrat, Ərdoğandan daha çox Türkiyəçi…


Türkiyənin Azərbaycandakı səfiri Alper Coşqun bir qrup KİV rəhbərini evinə dəvət etmişdi. Türkiyədə iş və siyasət sektorunda səhər yeməyində - “kahvaltı”da görüşmək bir gələnək halını alıb. Gün başlarkən yeməkli toplantı keçirib, sözlərini, mesajlarını, yaxud da iş plan və proqramlarını paylaşırlar, sonra da  hər kəs işinin başına dönür. Bizdə isə bu cür işgüzar və yeməkli söhbətlər adətən axşam saatlarında olur. 

Səfir bizi mümkün olduğu qədər isti qarşıladı. “Heç bir gündəmin yoxdur, bu görüş də Türkiyənin indiki gündəminə görə də düzənlənməyib. Sadəcə ilə başlarkən Azərbaycan mediasının dəyərli təmsilçiləri ilə bir araya gəlməyi, səmimi bir ortamda söhbət etməyi, sizlərlə fikir mübadiləsi aparmağı hələ ilin sonlarında düşünmüşdüm. Sağ olsun, mətbuat müşavirimiz Hamit Karadeniz, bu görüşü təşkil etdi və sizi öz evimdə qəbul etmək fürsəti buldum. İnşallah, bu il sıx-sıx bir araya gələrik... ” 

Lakin səhər yeməyində keçən bütün zaman boyunca ürəyi istəyən hər kəs Türkiyə, Azərbaycan, hətta dünyanın gündəmində olan bütün mövzulardan danışdı. Cənab səfirə çoxsaylı suallar oldu. Hamısını da cavablandırdı. İşə başladığı ilk gündən Azərbaycan mətbuatının yaxın dostuna çevrilmək yolunda bütün imkanlarını səfərbər etmiş Hamit Karadeniz də danışdı. Səfirlikdə yeni işə başlamış 3 əməkdaş redaktorlara təqdim olundu...

Söhbət boyunca bir qənaətim daha da bərkidi. Başqa bir ölkənin səfirliyində bizlərdən kimsə özünü bu qədər rahat hiss etməz, ərkyana aparmazdı. Azərbaycan türkləri qəribə bir toplumdurlar. Onların içərisindən demokratiyanı özünə məslək, yol, əqidə seçmiş insanlar Amerika prezidenti B. Obamadan daha prinsipial, ardıcıl demokrat olur. Vəhhabi olanlarımız, Səudiyyənin kralından daha kral vəhhabi olur; gedib hətta bu təriqət (ya da nəsə) uğrunda savaşır, bəzən həyatını da qurban edir. Rusiyaçılarımız rus dilini, kültürünü, rusca düşünməyi Putindən daha artıq sevir...Türkçülərimiz MHP liderindən daha qatı milliyyətçi olur... Türkiyəçilərimiz bu ölkəni Anadolu türklərindən daha çox sevir və savunur (müdafiə edir)... Başqa? Oxucularımız, hərə öz düşüncəsinə uyğun, cəmiyyətin strukturuna baxıb, əlavələr edə bilərlər... 

Bu gün o mənzərənin kiçik bir modelini yaşadım, səhər yeməyində. Xoş mənzərə idi, lakin həm də düşündürücü idi. Azərbaycanı sevməyin tarixdə və günümüzdəki nümunə və modelləri barədə də düşündüm, o arada. Məhəmməd Əmin, Elçibəy... Daha kim? Bəs, cəmiyyət, bəs ziyalılarımız, deputatlarımız, qazilərimiz, yazarlarımız, müxalifət lider və funksionerlərimiz, iqtidarımız, elə bu masa arxasında oturan qəzet redaktorlarımız... Modeli kimlərlə qurmaq, kimlərlə tamamlamaq mümkün?.. 
Bunları düşünməkdəykən, türk səfirimiz belə bir cümlə işlətdi: “Amerikanın yeni vətəndaşı olan, Amerika pasportunu bir həftə öncə alan əski mühacir bu ölkə uğrunda canını fəda etməyə hazır olur... Deməli elə bir ortam, elə bir vətən sevgisi modeli yaratmışlar ki, o, əskimədən (köhnəlmədən) qalır və daim təsir göstərir ”...

Azərbaycan üçün aktual budur. Həm də bu o deməkdir ki, Obamadan artıq demokrat, Putindən artıq rusçu, Ərdoğandan artıq Türkiyəçi (türkçü yox!) olan azərbaycanlılar Məhəmməd Əmindən və Elçibəydən daha artıq Azərbaycançı olmaq zorundadırlar... 

Replika və danışıqlarından anladıq ki, səfirimiz qəzetlərimizi diqqətlə izləyir. Bu ara Azərbaycan mediası Türkiyədən və onu indiki iqtidarından çox yazır, məlum səbəbdən. Bunlardan da danışdıq. Kürd, ərəb açılımından da... 

Ayrılırkən, səfirimizi qəzetimizin redaksiyasına dəvət etdim: “Məmnuniyyətlə gələcəm, dedi”...  Turan Moralıdan başqa, Türkiyəmizin bütün səfirləri ilə isti, dostluğa və qardaşlığa dayanan münasibətlərimiz olub.  Turan bəy daha çox restoranları sevərdi, redaksiyaları heç sevməzdi.  İndiki səfir ölçülü-biçili, Türkiyəni ləyaqətlə təmsil edən birisi. 15 ay ərzində heç səhv buraxmadı, yanlış yapmadı. Dedik axı, Türkiyəni o qədər aşırı sevirik ki, onun səfiri də səhv buraxanda, özümüz etmişik kimi, Türkiyənin xarici işlər nazirindən daha çox üzülürük...

Allah ən azından bu cür aşırılığı bizlərə çox görməsin. Qalanından bir fayda gəlməz...


 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

27 Iyul 2024

22 Iyul 2024

31 May 2024

03 Mart 2024

26 Fevral 2024

25 Fevral 2024

21 Fevral 2024

09 Fevral 2024

27 Yanvar 2024

14 Yanvar 2024

10 Yanvar 2024

24 Dekabr 2023

27 Oktyabr 2023

23 Oktyabr 2023

17 Oktyabr 2023

28 Sentyabr 2023

13 Sentyabr 2023

05 Sentyabr 2023

30 Avqust 2023

22 Iyul 2023

18 Iyun 2023

03 Aprel 2023

29 Mart 2023

16 Mart 2023

19 Fevral 2023

15 Fevral 2023

10 Noyabr 2022

09 Noyabr 2022

28 Oktyabr 2022