Onlayn ictimai-siyasi qəzet
İlk yayım saatı: 14:47
***
Mən yazıçı Çingiz Abdullayev mövzusunda qərarsızam. Onu nə yararsız hesab edirəm, nə də çox mühüm, vacib, "dünya şöhrətli azərbaycanlı". Rusdilli məkanda tanınan Azərbaycan kökənli detektiv yazıçı, bu məkanda ortaya çıxara biləcəyimiz və bu məkanın tələblərinə cavab verə biləcək ziyalı.
Çingiz Abdullayevi Vətən müharibəsi günlərində 1-2 fraqmentdə təqdir də etdim. Rusiya TV-lərində ölkəsinin həqiqətlərini ifadə edirdi və sərt polemika şəraitinə baxmayaraq, bu onda yaxşı alındı! Bundan sonra siyasət meydanında olmadı; əvvəl də yox idi; bu adam Azərbaycan davasında heç zaman olmayıb.
O, bir yazıçı və ziyalı olaraq, rus dilinin hadisəsidir; həm də artıq köhnəlmiş hadisədir. Son zamanlar yazmır, daha çox ondan yazırlar.
Çingiz Abdullayev Xalq yazıçısıdır, amma Azərbaycan xalqının dilini bilmir. Bu dildə danışmağı və yazmağı bacarmır. Belə bir faktın dünyadakı analoqu varmı, onu da bilmirəm.
Məsələn, ispan xalqının, yaxud fransız, alman, italyan, ingilis xalqlarının hansı görkəmli yazıçıları var ki, onlar da öz ana dillərində danışa və yaza bilmirlər?!
Lap elə, rus xalqının elə bir yazıçısı varmı, olubmu, rus dilinə aşağı baxsın, nə yaza bilsin, nə də danışa?!
Azərbaycan xalqının bu məsələdə şifrəsi açıqdır: Vəzirovun dövründə bu xalqın onun dilində qüsurlu danışanlara münasibəti ortaya çıxdı! Nə olsan belə, onun dilində yaxşı danışa bilmirsənsə, sevilməyəcəksən. Səni qəbul etməyəcək xalq. Dışlayacaq, ələ salacaq, məzələnəcək.
Xalqın işlətdiyi bircə jarqonu, ifadəni, cümləni işlət, ol xalqın sevimlisi! Səni özününkü biləcək və bağrına basacaq! Mahnılar bəsləyəcək, şeirlər yazacaq, əfsanələr yaradacaq!
..."Nooldu, Paşinyan", "Cəhənnəmə getdi status, gorbagor oldu", "dabanyalayan"... Xatırladınızmı? Dərslik kimi nümunələrdir! 6 rəqəmli ən çətin şifrənin birinci cəhddə yığılıb, qapıların taybatay açılmasıdır!
Çingiz Abdullayev illərdir ki, bu xalqın hər kəsə bəlli, açıq şifrəsini yanlış yığır, hər dəfə də qapı açılmır, bloka düşür; o da yenə yorulmadan yanlış cəhdləri davam etdirir; başını da əslində açıq qapının kandarına döyüb, ona heyrətlə baxan cəmiyyətə deyir: "Bezmişəm, gedəcəm..."
Bu istedadlı adam cəmi 6 ay gündə 1 saat zaman ayırsaydı, indi öz xalqının dilini də, öncəliklərini də öyrənib bitirmişdi...
Onu müdafiə edənlər düz edirlər; silib atmaq olmaz, tək qoymamaq lazım. Arqumentlər də doğrudur. Lakin bütün bunların heç bir faydası və əhəmiyyəti yoxdur, olmayacaq da. Çünki qarşıdakı opponent, kontr-arqument qismində olan amil birbaşa XALQdır! Müdafiə platforması Azərbaycandır; hansısa ofis, ya da sosial media otağı, salonu deyil...
Onun bəhbəhlə təqdim edilən kitablarını 2003-2004-cü illərdə Bayıl həbsxanasında oxudum. Əlimizdə olan bütün kitabları bitirmişdik; rus detektiv yazarlarının da o zaman çıxan serialları vardı - Yevgeni Suxovun ("Varyaq"), Boris Sedovun ("Znaxar") əsərlərini orijinaldan oxumaq ayrı bir aləmdir; həbsxanada onları mütaliə üçün bütün şərtlər var idi, ən əsası da zaman! Bu əsərlərin yeni hissələri arasında və bitdikdən sonra təbii ki, başqa kitablar da oxuyurduq. Heminqueyin, Drayzerin, Dostoyevskinin, Markesin oxuduğum əsərlərinin üstündən bir daha keçdim...
Sonra Pənah bəy evdən onunkuları gətirtdi: bizim bu yazının qəhrəmanı Çingiz Abdullayevin kitablarını… Suxovun, Sedovun ağır çəkili, jarqonlu üslubundan sonra Abdullayevin yüngül ruscası mənə azərbaycanca kimi gəldi. Rahat, axımlı, sürətli amma… içi boş, primitiv.
Elə bu rakursu oradaca Pənah Hüseyn mənə verdi: "Rus yazarların tünd ruscasından sonra bunlar adama çox mədəni və rahat gəlir". Bir müqayisə də etmişdi: ""Avrora" siqaretinin tüstüsü kimi ağır..."
İndi bizim media qrup artıq neçənci dəfədir, onun haqqında yazır, danışır, tənqid edir, ünvanına "Avrora" siqaretinin tüstüsü kimi ağır... sözlər işlədir.
Hörmətli Çingiz bəy bütün bunlara və onunla bağlı digər təftiş-tənqid və s. hərəkətlərə dözmür: "Bezmişəm, çıxıb gedəcəm", deyir.
Nə həbs edən var, nə döyən, nə incidən...
Rifah və komfort içərisində yaşayır. Vəzifələr, biznes imkanları, açıq yaradıcılıq üfüqləri...
Heç bir yazıçıda onda olan şərait yoxdur.
Amma o, Vətəndən küsüb, Xalqdan da narazıdır...
Elə bil, Bayıl türməsinin "Ölüm korpusu"nda oturub, mənim kitablarımı oxuyub...
Eh, "Dronqo", çox zəif obrazsan!
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ