İnsanlara hürriyət, millətlərə istiqlal!

MÜƏYYƏN MƏSƏLƏLƏR

Ermənistanın Baş naziri Nikol Paşinyan Moskvada səfərdədir. O, Ermənistan – Rusiya münasibətlərində bir çox sərhəddi, bəlkə qırmızı cizgini keçmiş Baş nazirdir. – Özü (özləri) bilər. Ermənistan, sərhəd və qırmızı cizgidən danışırıqsa, vİranın Ermənistan üzərində cızdığı “qırmızı cizgi” dəxi yada düşür. Fransa, bəlkə ABŞ və bəzi başqaları da hansısa “qırmızı cizgi”lərlə çıxış etmiş ola bilər... 29,8 min kv.km ərazi üzərində (üzrə) neçə çeşid qırmızı cizgi olar?.. Bu, başlı-başına uzun bir mövzudur...

Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında şərti dövlət sərhəddinin uzunluğu təqribən 1000 km, Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında dövlətlərarası sərhəddin uzunluğu isə toplam 350 km-dir (327,6 km (ondan 55,2 km çay üzrə olmaqla) quru sərhəddi, 22,4 km isə dəniz sərhəddidir).

Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasındakı dövlət sərhəddi əsasən 1991-ci ildə dəqiqləşsə də, sərhəd haqqında müqavilə illər sonra – 2010-cu ildə bağlanıb. İki dövlət arasında avtomobil, dəmir və piyada keçidləri müxtəlif hissələrdə yerləşir. Onlardan biri dağlıq və dağətəyi bölmədən – Samurçay üzərindən, digəri isə aşağıdan – Samurçayın deltası üzərindən keçir. Eyni zamanda, Xəzərdə dəniz gəmiçiliyi mövcuddur və gəmilərin dənizdən çaya, çaydan dənizə keçidi bəlli texnolojilərin tətbiqi ilə həyata keçirilməkdədir.

Bir vaxtlar Rusiya Federasiyasının Azərbaycan Respublikası ərazisində iki köksüz eksklavı – Xraxoba və Uryanoba kəndləri vardı.

Adıkeçən hər iki kənd keçmiş SSRİ dönəmində - RSFSR-in Dağıstan MSSR-dəki Axtı rayonundan bizim Xaçmaz rayonundakı boş əraziyə köçürülmüş ailələr üçün salınıb. Bu salınma keçmiş SSRİ-nin Dağıstanın dağlıq və ucqar ərazidə yerləşən kəndlərində yaşayan əhalinin digər yerlərdəki düzənlik bölgələrə köçürülməsi siyasətinə görə idi. İndi siz Kremlin ilk baxışda balaca görünən hoqqasına fikir verin: doğma Dağıstan qalsın bir yana, Rusiya Federasiyasının ucsuz-bucaqsız ərazisində təsərrüfat üçün yer qəhətmiş sanki, gəlib bizim respublikanın ərazisində boş yerə göz dikibmiş... Yoxsa, şükür Tanrıya, bizim ləzgi qardaşlarımızla problemimiz olmayıb, olmayacaq da – lakin tarixən iç-içə yaşamış xalqları nə vaxtsa, üz-üzə qoymaqçün bəlkə... bəlkə bir başqa bədniyyətlə Kreml eksklav, anklav-filan qondarırmış...

Nəysəki Dağıstanın Xrax kəndi çoxdan keçmişdə qalıb – tərk edilmiş kənd rəsmi olaraq ləğv edilib.

Uzun sözün qısası, Xaçmazın Xraxoba və Üryanoba kəndlərinin əraziləri bundan 70 il öncə - 1954-cü ildə keçmiş SSRİ Nazirlər Sovetinin qərarıyla müvəqqəti olaraq Dağıstanın nəzarətinə - Axtı rayonunun kolxozuna icarəyə verilib. 1984-cü ildə isə Azərbaycan SSR Nazirlər Soveti icarə müddətini 2004-cü ilə qədər uzadıb. Bugündən baxanda, “çox nahaq uzadıb” deyə bilərik, ancaq yaxşı ki, heç olmasa, bəlli bir müddətədək uzadıbmış...

Müstəqillik dövründə - icarə müddəti bitəndən sonra belə, çözümə qovuşmayan bu məsələ, nəhayət 6 il sonra – 2010-cu ilin sentyabrında Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiyanın o vaxtkı Prezidenti Dmitri Medvedev arasında keçirilən görüşdə çözülüb. Beləliklə, Xraxoba və Üryanoba kəndləri tam olaraq Azərbaycanın ərazisi kimi qəbul edilib.

Sonrakı illərdə (2012-ci ilin aprelindən başlayaraq) Xraxoba və Üryanoba sakinləri qarşılıqlı razılıq əsasında Dağıstana köçürülüb. Köçürülmə Azərbaycan hökuməti, Rusiyanın respublikamızdakı səfirliyi və Dağıstanın hakimiyyət orqanlarının işbirliyi ortamında həyata keçirilib.

Bəli, o kəndlərdə Rusiya Federasiyasının pasportunu daşıyan – bəlli tarixdə ora köçürülmüş əhali yaşasa da, ərazi Azərbaycana məxsus idi, vaxt gəldi-vədə yetişdi bu məxsusluq bilavasitə (yaxud bir daha), rəsmi olaraq və ən yüksək səviyyədə təsbit olundu, mövcud problem də çözümə qovuşdu. Əslində, bu, bir yaxşı örnəkdir.

Onu da vurğulayaq ki, iki dövlətin sərhəd çayı olaraq bilinən Samurçaydan suvarmada istifadə olunur.

90-cı illərdə sərhəd barədə müəyyən problem çıxınca, Samurçaydan istifadə üçün müqavilə imzalanıb. – 28 avqust 2010-cu il tarixli, 1416 saylı müqavilədə Rusiya və Azərbaycan arasında sərhəddin delimitasiyası, həmçinin Samurçayın suyundan istifadə məsələləri aydın göstərilib.

Bu müəyyən məsələləri niyə xatırladıram? – Sualın cavabı üçün gəlin, Rusiya Federasiyasının paytaxtına səfərdə olan Paşinyanın Baş nazir olduğu dövlətə diqqət yönəldək.

Yuxarıda vurğuladığımız kimi, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında şərti dövlət sərhəddinin uzunluğu təqribən 1000 km-dir. Qazaxın bəlli 4 kəndi səmtində delimitasiya, demarkasiya işləmlərinin gedişində bu uzunluğun az bir hissəsi üzrə razılaşma əldə olunmaqdadır. - Artıq 40 sərhəd dirəyinin quraşdırıldığı bildirilir. Respublika ərazisinin 20 faizinin 30 illik işğalına son verildikdən sonra 5 faiz olsa dəxi, bu razılaşmalar önəmlidir, əlbəttə.

Ermənistan Respublikasının mübaliğəsiz 20 faizi, mübaliğəli olsa dəxi tamı bizim torpaqlardır. Bəs o torpaqlar necə indiki Ermənistan Respublikasına keçib? Necə olacaq? Təqribən Xraxoba, Üryanoba kimi...

Otlaq, əkin, biçin, nə bilim nə adlasa verilib “Sosialist Ermənistanı”na... Bəs o boyda Rusiya Federasiyası ilə başa çatan icarə müqavilələri misalı, Ermənistan Respublikasına icarəyə verilmiş ərazilərimizin “ded layn”ı (“deadline”; son möhlət tarixi) olmazmı?..

Diqqət edin: Zəngəzur Ermənistana ona görə peşkəş edilməliymiş ki, onlar sosialist hakimiyyətinə razı olsunlar... Bilmirəm, “sənədləşmə”ni necə ediblər – otlaq, yaylaq yeri icarəsi ya necə?.. Amandı, Tanrı, amandı! Bütün bunlar azmış kimi, Azərbaycanın yerdə qalan ərazisinin içində də “DQMV” yaradılmasına nail olmuşdular. – “Nə gözəl sosializmmiş, bə: - o tərəfdən Zəngəzur, Göyçə, ayrıca, neçə kənd (tarixdəki ilk erməni dövləti sayılan) yeni qurulmuş Ermənistana verilsin, ərazimizin dərinliklərində muxtar vilayət yaradılsın, Naxçıvanla birbaşa əlaqəmiz kəsilsin, bəzi kəndlərimizsə anklav durumuna düşsün... bu da olsun müttəfiqlik, dostluq, qardaşlıq, beynəlmiləlçilik, nə bilim, kirvəlik... Bütün bunlar azmış kimi zaman-zaman Gədəbəydə Başkənd, Xaçmazda Xraxoba, Üryanoba, Qəbələdə məlum RLS ərazisi üzərində bizim yox, qonşu və ya “qonşu” dövlətin hakimiyyəti peydahlansın...

İndi Moskvada səfərdə olan Paşinyan Xraxoba və Üryanobanın Azərbaycanın tam yuridiksiyasına necə qaytarılması təcrübəsini də öyrənsə pis olmaz. Lazım olar...

Hələliksə, kommunikasiyaların açılması mövzusunu demaqogiyadan tamı-tamına həllivacib məsələyə çevirmək lazım: ermənilər və havadarları Qafqazda Ermənistan olmasını istəyirlərsə, Zəngəzur dəhlizi açılmalı, tıxanıqlıqlar aradan qaldırılmalıdır. (Əgər özlərini dövlət bilirlərsə) iki dövlət arasında avtomobil, dəmir və piyada keçidləri açılmalı deyilmi? Bəlkə Araz çayından səmərəli istifadə üzrə də hansısa anlaşmalar ola bilər. Özəlliklə, “Yaşıl dünya naminə Həmrəylik İli” içində olan və COP29-a evsahibliyi edəcək Azərbaycana nə Arazdan, nə digər çaylardan zəhər-zəmbərək axıtmaq Ermənistana xeyir gətirməz!

Əldəqayırma partlayıcı qurğu quraşdırılmış gəlinciyi çayla üzü aşağı axıdıb uşaq qatili olmaq dönəmi tam qapanmalıdır. Dəmir Yumruq zarafat sevmir, zarafat etmir yalnız xəbərdarlıq edir!

Ermənistan (və havadarları) eksklav, anklav-filan üzərindən də hər hansı hoqqadan imtina etməli, bizim yerdə qalan 4 kəndimizi də uhulət-suhulətləcə qaytarmalı, bizdən də heç nə istəməməli, tam tərsinə, 30 il boyunca vurduğu ziyanların əvəzlənməsi haqqında dərin-dərin düşünməlidir.

Başqa bir müəyyən məsələ:

Sapı özümüzdən olan azsaylı “baltlar və o baltaları itiləyən xarici güclər bizi müharibə hazırlıqlarında günahlandırır(dı); günahlandırır(dı)lar ki, bəs deməzsənmi, Ermənistan sülhə gəlməyə can atır, məgər Azərbaycan sülh istəmir. “Sülh istəmir” demək, “müharibə istəyir” deməyə bərabərdir. “Nə hərb, nə sülh” dönəmi isə öncəki uzun illər boyu mövcud olduğu üçün (necə deyərlər) gündəlikdən çıxıb. – Doğrudan da, indi ya sülh olmalıdır ya sülh olmalıdır. Əlbəttə, sülhdən sonra müharibə olmamalıdır, amma müharibədən sonra sülh olmalıdır, əlbəttə. Belə bir söz var, deyərlər, “qızılca çıxartmaq hər bədənin borcudur - bu dünyada çıxartmayanlar da o dünyada çıxarar”… - Bənzətmə qüsurlu sayılmasın, Sülh Anlaşması da belədir: ya onu müharibəsiz imzalamalısan ya müharibədən sonra. - Sülhə gəlməyən dövlət bunun bədəlini ödər və “öldükdən” - özünü buraxdıqdan sonra dəxi o öhdəlik onun üzərində qalar. SSRİ ilə Yaponiya Sülh Anlaşması imzalamamışdı; bu gün o tərəflərdən biri (SSRİ) yoxdur, amma Sülh Anlaşması da yoxdur… - SSRİ “yemədi getdi”… Biz nə SSRİ, nə də Yaponiya deyilik, ancaq Ermənistan özünü gah belə gah elə aparmağa meyl göstərmiş ola bilər. Hansı dövlət hansı dönəmdə ədalətsiz olubsa, bu, Ermənistan üçün yaxşı örnəkdir. Ermənistan pis örnəklər topluluğudur - harda nə yaramazlıq var suçəkən kimi canına çəkir.

Sonda:

Bu yazının yazılma tarixi 8 May 2024-cü ildir. Uzun illər 8 May bizimçün qara gün oldu – ta ki Dəmir Yumruq öz kəramətini göstərənədək!.. Elə ki efirə, gündəliyə və milli təqvimimizə 8 Noyabr – Zəfər Günü gəldi, 8 May öz qaramat məzmununu əbədi olaraq itirdi. Bu il isə 8 May Şuşaya ilk köçün gerçəkləşdiyi gün olaraq tarixləşdi! Bəli, şəhidlər ölmədi, Vətən bölünmədi! Bəli, müstəqil Azərbaycan Respublikası Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində xarüqələr yaratmaqda davam edir.

Başqasından asılı olmadan yaşamaq necə də gözəldir! Bu gözəlliyi heç vaxt müstəqil olmamışlara necə anlatmalı, İlahi? Örnəyi, bir dövlət ki, özünü elan edəndən bəri öz hesabına deyil, başqa büdcə(lər), haqsız yardımlar, habelə işğal, vandallıq gəlirləri, oğurluq, qəsbetmə hesabına ayaqda durur... onun başbilənlərinə nəyi necə anlatmalı?.. Ancaq ortada gül kimi yol xəritəsi var: “İndi onlar bütün başqa ölkələrdən yardım gözləyirlər. Elə bil ki, bütün dünya bunlara borcludur. Müstəqil ölkəsən, müstəqil ölkə kimi yaşa. Müstəqil ölkə kimi yaşaya bilmirsən, get başqa ölkənin tərkibinə gir. Endir o bayrağı dirəkdən, bük, qoy cibinə, get başqa ölkənin tərkibində yaşa”... – Müzəffər Ali Baş Komandan bu yol xəritəsini 3 il öncə - 2021-ci il noyabrın 20-də cızıb. Və bu, Paşinyanın tez-tez istinad etdiyi 1975-ci il xəritəsi deyil... Dəqiqdir.

Bəli, qonşularla, ətraf aləmlə - insanlar qalsın bir yana, digər canlılarla, təbiətlə insanca davrana bilməyənlər şələ-külələrini, bayraq-mayraqlarını, unitaz-ləyənlərini, bir sözlə, mərətlərini, andırlarını özləri ilə götürüb təyin olunmuş yer(lərə) getmə haqqına sahibdir.

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

18 Noyabr 2024

12 Noyabr 2024

08 Noyabr 2024

07 Noyabr 2024

28 Oktyabr 2024

25 Oktyabr 2024

20 Oktyabr 2024

18 Oktyabr 2024

15 Oktyabr 2024

09 Oktyabr 2024

27 Sentyabr 2024

25 Sentyabr 2024

20 Sentyabr 2024

16 Sentyabr 2024

31 Avqust 2024

26 Avqust 2024

25 Avqust 2024

20 Avqust 2024

16 Avqust 2024

08 Avqust 2024

02 Avqust 2024

30 Iyul 2024

28 Iyul 2024

21 Iyul 2024

18 Iyul 2024

13 Iyul 2024

12 Iyul 2024

08 Iyul 2024

05 Iyul 2024

26 Iyun 2024