Onlayn ictimai-siyasi qəzet
Sovet dönəmində keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycandan qoparılıb Ermənistana birləşdirilməsinə qarşı ümumxalq hərəkatı başladı. Bəli, bu, hansısa qrupun, siyasi axımın, ictimai quruluşun deyil, məhz xalqın hərəkatı, millətin etirazıydı! Bu, ötəri hadisə olsaydı nə öncələr rast gəlinməz, nə də sonralar təkrarlanmazdı. Yada salaq ki, XX yüzilin əvvəllərində dəfələrlə xalqın ruhu qabarmış, millətin cəsarəti özünü göstərmiş, Gəncə üsyanı və başqa hadisələr olmuşdu. Kimə qarşı? - Bəli, etiraz edilən ünvan o vaxt-bu vaxt eyniydi: Kreml və Kremlin əmrqulları! 2020-ci ilin payızında dövlət-xalq birliyi ilə - Dəmir Yumruqla torpaqlarımızdan iti qovan kimi qovub çıxardığımız işğalçılar da əsasən Kreml arxalığı və arxayınçılığı ilə qudurmuşdular. Üstəlik, Kremlin dəstəyi azmış kimi, Yeliseyin (Parisin), Ağevin (Vaşinqton) dəstəyi də İrəvan rejiminin arxasından əskik olmamışdır…
Bir sözlə, 34 il öncə qanlı Yanvar hadisəsi Azərbaycanı cəzalandırmaqçün Kremlin planlaşdırıb törətdiyi cinayət idi. Bu cinayət bizi cəzalandırmaq niyyəti ilə yanaşı, Ermənistanı da həvəsləndirməyə xidmət edirdi. İşğala hazırlaşan (hazırlaşdırılan) tərəfin yanında, arxasında olub, ərazisi işğal ediləcək tərəfin paytaxtını qana boyamaq nə anlama gəlir? - Bunu başa düşməkçün böyük bilgi yiyəsi olmaq gərəkmir.
Bəli, 20 Yanvar tamamən öncədən planlaşdırılmış hərbi-siyasi cinayət idi. Stavropoldan, Rostovdan, Krasnodardan səfərbər edilmiş erməni zabit və əsgərləri, habelə hərbi məktəblərdə oxuyan erməni kursantları Azərbaycana göndərilən keçmiş Sovet ordu hissələrinin tərkibinə, əlbəttə, təsadüfən cəlb edilməmişdi. Keçmiş SSRİ-nin Müdafiə və Daxili İşlər nazirliklərinin, eləcə də, digər xüsusi təyinatlı hərbi birləşmələrin on minlərlə əsgər və zabiti 1990-cı il yanvarın ortalarında Bakı və çevrəsinə məqsədyönlü şəkildə sövq edilmişdi. Burada asayişi təmin etmək, guya dinc əhalini qorumaq, dövlət orqanlarının fəaliyyətini bərpa etmək yox, tam tərsinə, əhalinin gözünü qırmaq, paytaxtı iflic etmək hədəflənmişdi.
Bunu sübut etməyə xüsusi istedad tələb olunmur. - Əgər dinc əhali ağır texnikadan, müxtəlif tip və fərqli çapda silahlardan atəşə tutulur, kütləvi qətliam törədilirsə, Kremlin bədniyyəti açıq-aşkar bəlli olmurmu?
Kreml başbilənləri “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın ən ilk bəndindən başlayaraq, beynəlxalq və ölkə qanun-qaydalarını kobud, urvatsız şəkildə pozmuşdu. Ali Baş Komandanı alabaş Qorbaçov olan SSRİ silahlı qüvvələrinin xüsusi təyinatlı dəstələrinin iri kontingentinin Bakını xüsusi qəddarlıqla zəbt etməsi, bu azmış kimi bəzi rayonlarımızda da əməliyyatlar keçirməsi heç bir kitab-dəftərə sığmırdı. 34 il üstündən keçəndən sonra belə, o qəddarlıq, o qanunsuzluq heç bir şəkildə “təmiz”ə, “ağ”a çıxardıla bilməyib, bilməyəcək də!
20 Yanvar ləkəsi Kremlin üzərində əbədi qara ləkədir. 30 illik işğal da yalnız İrəvanın deyil, həm də Kremlin üzərindədir! Bu, belədir.
Bəs təsəllimiz nədir?
Bəs biz nə üçün 20 Yanvara həm də Qürur Günü olaraq baxırıq?
Çünki 20 Yanvar hadisələri SSRİ-nin əcəl zəngini çaldı.
Çünki xalqın Kommunist partiyasına - hakim rejimə qarşı haqlı nifrəti son həddə çatdı, mərkəzə bağlılıq amili aşıntıya uğradı.
Çünki Bakı hadisəsindən sonra xalqımız nəinki sındı, tam tərsinə Sovet imperiyası Azərbaycanda bütün mənəvi və sosial-siyasi dayaqlarını itirdi.
Çünki xalqımız müstəqillik arzu, niyyətini əzmə, iradəyə çevirdi və dövlət müstəqilliyinə imza atdı.
Çünki 20 Yanvarın, Azərbaycanın haqlı dirənişinin, məğrur duruşunun nəticəsində bütün keçmiş Sovet respublikaları müstəqillik yolunda geridönməz yola varıb, həlledici mərhələyə keçdilər.
Əlbəttə, xalq ruhunun parlaq təcallasından, millətin cəsarətindən danışarkən, 20 Yanvar qətliamının səhərisi günü, Moskvanın mərkəzində ucalan cəsarətli səsi də minnətdarlıqla yad edirik:
Sovet rejiminin urvatsız qadağalarına baxmayaraq, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə təşrif buyuran Heydər Əliyev o zalım qətliamın təşkilatçılarını dünya ictimaiyyəti qarşısında açıq mətnlə ittiham etdi.
Ümummilli lider cəsarətli bəyanat verərək əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, insanlığa zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi:
“Mən bu faciəyə həmişə ürəkdən yanaraq həm də vətəndaşlıq borcumu yerinə yetirməyə çalışmışam və bu gün də həmin mövqedəyəm, sabah da həmin mövqedə olacağam. Birinci növbədə, ədalət naminə, eyni zamanda, Azərbaycan xalqının namusunu, şərəfini, milli mənliyini qorumaq naminə”!
20 Yanvarın seçkili orqanlar tərəfindən ilk siyasi qiyməti də Ümummilli liderin sayəsində verildi. Belə ki Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə dair 21 noyabr 1990-cı ildə qərar qəbul etdi. Ümummilli liderin təşəbbüsü, göstərişləri ilə 29 noyabr 1994-cü ildə Milli Məclis “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi. Heydər Əliyevin Fərmanı ilə 1998-ci ildə “20 Yanvar Şəhidi” fəxri adı təsis edildi.
Şəhidlər Xiyabanında aparılmış təmir və yenidənqurma işləri, bununla yanaşı, “20 Yanvar” dairəsində, Həsən bəy Zərdabi və Müzəffər Həsənov küçələrinin kəsişməsində Qanlı Yanvar şəhidlərinin xatirəsinə memorial abidənin ucaldılması İlham Əliyevin Prezidentliyi dönəmində baş verib.
Son illər şəhidlərin əziz xatirəsinə dərin sayğı ifadəsi olan digər çoxsaylı qərar, Sərəncam və s.-yə vurğu edə bilərik. Lakin ən əsas vurğumuz odur ki,
Il Qarabağ müharibəsi, ötən ilki antiterror tədbirləri və o aradakı digər zəruri hərbi aktlarla qazandığımız böyük Zəfər bütün dönəm şəhidlərimizin ruhunu şad edən ən böyük - əvəzsiz tarixi hadisədir. - Müstəqilliyimizin möhkəmlənməsi, qüdrətli dövlət bütün dönəm şəhidlərimizin ruhuna şadlıq bəxş edir. Şəhidlərimiz nəyin uğrunda mübarizə aparmış, əziz canlarını nə üçün qurban vermişdi? - Müstəqillik, suverenlik, güclü dövlət üçün!
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
18 Noyabr 2024
12 Noyabr 2024
08 Noyabr 2024
07 Noyabr 2024
28 Oktyabr 2024
25 Oktyabr 2024
20 Oktyabr 2024
18 Oktyabr 2024
15 Oktyabr 2024
09 Oktyabr 2024
27 Sentyabr 2024
25 Sentyabr 2024
20 Sentyabr 2024
16 Sentyabr 2024
31 Avqust 2024
26 Avqust 2024
25 Avqust 2024
20 Avqust 2024
16 Avqust 2024
08 Avqust 2024
02 Avqust 2024
30 Iyul 2024
28 Iyul 2024
21 Iyul 2024
18 Iyul 2024
13 Iyul 2024
12 Iyul 2024
08 Iyul 2024
05 Iyul 2024
26 Iyun 2024
ŞƏRHLƏRŞƏRH YAZ