Onlayn ictimai-siyasi qəzet
Bu əhvalatı vaxtilə Naxçıvan cəbhəçiləri Qabil Abbasoğluya danışıblar, o da çox adama, o cümlədən mənə nəql edib – həm də bəzəyə-bəzəyə. Uzun illər öncə yeri gələndə bu söhbəti hansısa yazımda istifadə etmişəm, indi yenə yeri gəlib, təzədən yazıram ki, bilməyənlər də bilsin.
Deməli, 1992-ci ilin bu vədələri imiş. Mərhum Elçibəyin prezident, mərhum Heydər Əliyevin isə NMR Ali Sovetinin sədri olan vaxtlarıymış. Türkiyə ilə ölkəmizi birləşdirən Sədərək körpüsünün üstündə bizim sərhədçi-gömrükçülər durumuş və onlar siyasi baxımdan iki tirəyə bölünübmüşlər. Bir tərəf elçibəyçilər, o biri tərəf isə əliyevçilər imiş. Təbii ki qrupların arasında intriqa da varmış və bu, bəzi hallarda onların əmək fəaliyyətlərinə, türkün sözü, yansıyırmış. Bir gün bir kasıb kişi – yerli adam alver və ya iş məqsədilə Türkiyəyə keçmək istəyərkən, gömrükçü-sərhədçilərimizdən biri ondan soruşur: “Kişi, hələ bir de, görək, Elçibəyçisən, yoxsa Əliyevçi?”
Kişi bu intriqadan xəbərdar olduğu üçün naqolay durumda qalır, anlayır ki, “elçibəyçiyəm” desə, əliyevçilər ona əngəl yaradacaqlar, “əliyevçiyəm” desə, elçibəyçilər keçişinə mane olacaqlar. Yazıq adam düşdüyü duruma görə qeyzlənir, maraqla ondan cavab gözləyən qruplara baxır və hirsini özünə tökür: “Nə elçibəyçiyəm, nə əliyevçi, qurumsağam mən”.
İndi o kişinin sözünün lətifəsi heç kəsə dəyməsin, ölkəmizin ictima-siyasi fəalları yenə də dilemma, seçim qarşısında qalıblar. Onlardan tərəf, mövqe bildirmək tələb olunur. Hamı aydın şəkildə deməlidir ki, iki gün öncə həbs edilən jurnalist Əvəz Zeynallı ilə vəkil Elçin Sadıqovun tərəfindədirlər, yoxsa onları tutduranların tərəfində.
Neytral olmaq mümkün deyil. Tərəflərin ikisi də ağır şərtlər qoyur, açıq mövqe tələb edir. Necə deyərlər, “iki yoldan birini seç”. Yuxarıda yazdığım lətifədə naxçıvanlı kişi alternativ üçüncü mövqeni özü müəyyən etmişdisə, burada o damğanı qoymaq haqqı toqquşan, qarşı-qarşıya duran tərəflərin ikisində də var – özü də eksklüziv şəkildə.
O gün baxıram ki, jurnalistlə vəkilin həbsinə qarşı çıxanlar jurnalistlərdən, ziyalılardan, vəkillərdən, konkret olaraq, yazıçı Anar və şair Ramiz Rövşəndən dəstək istəyirlər, onları həbs edilənlərin müdafiəsinə çağırırlar.
Sonra görürəm ki, bu həbsə haqq qazandıranlar da jurnalistlərdən, vəkillərdən, ziyalılardan, konkret olaraq, şair Ramiz Rövşəndən və yazıçı Anardan prinsipial mövqe bildirməyi tələb edir, onları vəkil və jurnalistin həbsinin doğru olduğunu deməyə dəvət edirlər.
Bir sözlə, klassik “qaçan da Allah deyir, qovan da” situasiyası yaranıb. İndi yazıçı Anar və şair Ramiz Rövşən nə etsin? Başqa vaxt onların “əsl yazıçı” və “əsl şair” olmadığını iddia edənlərin əlindən sosial şəbəkəyə girmək olmur, amma belə situasiyalarda ilk yada düşən də onlardır.
Əslində, başqa şair-yazıçılar da var, qoy onlar da mövqe bildirsinlər. Hətta yaxşı olar ki, rəssamlar, rejissorlar, bəstəkarlar, opera solistləri, baletmeysterlər də kənarda qalmasınlar, hamısı desin ki, məlum həbsə münasibətləri necədir.
Bir iş də var ki, bizim fəalların çoxu onsuz da heç bir məsələdə neytral qalan-filan deyillər. Bir də görürsən, onlar paytaxtda, yaşıl rayonlarda, ilıq ölkələrdə 10-15 villası, bir taksi-motor parkını dolduracaq qədər lüks avtomobilləri, bir neçə sentner hörmətli pulu (funt-sterlinq, avro, dollar) aşkarlanan korrupsionerə görə də ikiyə bölünürlər. Bir tərəf belə deyir: “Vəzifəsi olub, yığıb, yaxşı eləyib, bacarana baş qurban, guya siz olsanız, sərvət yığmazdınızmı”. O biri tərəf də bu cür deyir: “Ona haram olsun, xalqın cibini, dövlətin büdcəsini talayıb, bütün varidatı əlindən alınmalıdır, ən ağır cəza verilməlidir”.
Bütün mübahisələr onunla yekunlaşır ki, tutulan korrupsionerin yığdıqlarını nə qədər əlindən alsalar da, yenə bir xeylisi qalır. Bir də o adam aldığı “ağır cəza”nın bir hissəsini çəkir, vaxtından tez azadlığa çıxır, əlində qalan korrupsiya paraları ilə babat biznes qurmağa başlayır.
Belə məsələlərdə oxudulan valların dəyişdirilməsi vaqiəsi tez-tez olur. Məsələn, əkə-bükə korrupsionerlərin həbsi zamanı ağzını açıb milyonluq ittiham barədə kəlmə də deməyən, qınamayan adamlar jurnalist və vəkilə qarşı irəli sürülmüş qəpuk-quruşluq ittihamlar barədə bülbül kimi ötürlər. Düzdür, eyzən məmurların korrupsiyasından danışan adamlar da bənzər ittihamla üzləşən dostlarını müdafiə edirlər, amma bunların əllərində daşdan keçən arqumentlər var: 1. Ortada keçərli dəlil-sübut yoxdur; 2. Miqyas və miqdar o miqyas-miqdar deyil...
Doğrudan da, əldə tutulan 20 milyon hara, söhbəti gedən 20 min hara?
Bir sözlə, indi bir xeyli adam körpünün üstündə qalıb. Nə etsinlər, necə desinlər ki, kimin tərəfindədirlər. Salamatı tutulan həmkarımzın və vicdanlı vəkillərdən birinin həbsinə qarşı olmaqdır. Buna görə körpüdən o tərəfə buraxmayacaqlarsa, ta nə bilim.
19 Sentyabr 2024
17 Sentyabr 2024
15 Sentyabr 2024
14 Sentyabr 2024
12 Sentyabr 2024
10 Sentyabr 2024
08 Sentyabr 2024
06 Sentyabr 2024
04 Sentyabr 2024
02 Sentyabr 2024
01 Sentyabr 2024
30 Avqust 2024
28 Avqust 2024
22 Avqust 2024
20 Avqust 2024
18 Avqust 2024
16 Avqust 2024
14 Avqust 2024
12 Avqust 2024
11 Avqust 2024
09 Avqust 2024
07 Avqust 2024
05 Avqust 2024
03 Avqust 2024
01 Avqust 2024
31 Iyul 2024
30 Iyul 2024
28 Iyul 2024
26 Iyul 2024
24 Iyul 2024
ŞƏRHLƏRŞƏRH YAZ