Onlayn ictimai-siyasi qəzet
Köhnə vaxtlarda sözləri çəpləşənlər, movqeyi toqquşanlar axırda hiddətlənər, “ya o, ya mən” deyə bir-birini duelə dəvət edərmişlər, indi eyni ruh halını yaşayanlar bir-birini canlı yayımda debata dəvət edirlər.
Canını götürüb qurğuşun güllənin qabağına getmək, əlbəttə, canlı yayımda debata çıxmaqdan daha təhlükəlidir. Dueldə rəqibin səndən sərrastdırsa, qanın gedir.
Amma canlı yayımda belədir ki, rəqibin səndən nə qədər savadlı və dilli-dilavər olsa da, vəziyyətdən salamat çıxmaq şansı var. Onsuz da iki gündən sonra heç kəsin yadına düşməyəcək ki, debatda kim qalib gəlmişdi, kim məğlub olmuşdu. Tərəflərin ikisinin də tərəfdarları öz “şir”ini qalib elan edə bilər: “Gördünüzmü bizim lider A.-nın ağzını necə cırdı”, “Bizimki B.-nin boğazını qurutmuşdu, yazıq deməyə söz tapa bilmirdi” və s.
Dueldə isə belə söhbət yoxdur. Kimin meyidi ortalıqda qalıbsa, demək, məğlub olub. Kim yaralansa da, sağ qalıbsa, demək, qalib gəlib. Bu qədər sadə. Mübahisəyə yer yoxdur.
Özü də tapançalı duelin bir cəhəti var ki, haqq-hesab bir dəfə olur, münasibətlər birdəfəlik ayırd olunur, mübahisə bitir. Amma söz duelinə çıxanlar iki həftədən sonra yenidən canlı yayıma çıxırlar, yenə danışırlar, atışırlar, dalaşırlar, axırda da “hər kəs öz fikrində qalsın” deyib dağılışırlar. Əsl dueldə “hər kəsin gülləsi özündə qalsın” söhbəti ola bilməz. Tərəflər duelə çıxıblarsa, mütləq atışmalıdırlar və biri, məsələn, üzrlü səbəbdən şeir yazmağa son verməlidir. (Puşkin və Lermontovun ruhuna sayğılar).
O vaxtlar duelə çağrılan heç kəs hələm-hələm qaçmaz, atışmaqdan imtina etməzmiş. Bu, şərəfsizlik sayılırmış və kim belə etsə, gərəkmiş başına şlyapa qoyub cəmiyyət içinə çıxmasın (hərçənd bir məşhur adam olub, nə vaxt duelə çağırılırmışsa bir bəhanə ilə aradan çıxırmış, şərəfsizin adı yadımda qalmayıb).
Söz duelində, “canlı yayımda debata çıxaq” məsələsində isə elə deyil, belə təkliflərin çoxu havada qalır. Olur ki, “duel” çağrılan xarizmatik lider deyir, filankəs mənim səviyyəmə uyğun biri deyil, onunla debata çıxa bilmərəm. Bir başqası rəqibini nəzərdə tutaraq deyir ki, o, getsin 40 il qanqal otlasın, ondan sonra gəlib mənimlə debata çıxar. Bir başqası aparıcını qınayır, deyir, bəy, adam tapmadınmı mənimlə debata çıxarmağa.
Əslində elə həyasız adamlar var ki, onlarla söz duelinə çıxmaq düzgün deyil, çıxsan, ola bilər ki, söz atışmasının axırı studiyada əşya atışması ilə bitsin - stəkan, külqabı, qələm-bloknot və s.
Ona görə də keçmiş duellərdən fərqli olaraq hazırda debat təşkil eləmək çətindir.
Zaman çox dəyişib, indi keçmişdəki duelləri yalnız kriminal avtoritetlər təşkil edir, adını “strelka”, “razborka” qoyurlar, vədələşirlər, bir kimsəsiz yerdə görüşürlər, iki-üç dəqiqəlik mükalimədən sonra silahlarını çıxarıb atışırlar. Kim daha çevik tərpəndisə qalib o olur.
Odur, meksikalı boksçu Alvares argentinalı futbolçu Messini Meksika bayrağına hörmətsizlik etməkdə suşlayaraq duelə çağırmışdı, demişdi, onu harda tutsam, top kimi çiləyəcəm. İntəhası, boksçu qardaş belə bir zəruri qeyd də etmişdi: “Çalışsın, qarşıma çıxmasın”.
Ta bu nə duelə çağırış oldu? “Onu tutsam, çırpacam” nəydi, “gözümə görünməsin” nəydi? Amerikalı boksçu Tayson da deyib ki, Messiyə bir söz deyən qarşısında məni görəcək. Ondan sonra Alvares yumşalıb, deyib, anlaşılmazlıq olub, ta Messiylə işim yoxdur.
Bir də görürsən, danışanda qırx dərənin suyunu bir-birinə calayan, dünən dediyini bu gün təkzib edən, bir budaqda oturub yeddi budağı silkələyən ağzıpərtonun biri özü kimisinin birini, tutaq ki, bizim efirdə debata çağırır. Əvvəlcədən bilirsən ki, bunlar efirdə elə sözlər danışacaqlar, elə boğuşacaqlar ki, ara yerdə debat təşkil edənlərin başı ağrıyacaq.
Bu təxminən ona oxşayır ki, kəndin o başında qalan iki dalaşqan gədə gəlib kəndin bu başında yaşayan müəllimin həyətində bıçaqlaşırlar, polis də gəlib ev yiyəsini aparır içəri. Adama deyərlər, rəhmətliyin nəvələri, söhbətiniz var, özünüzə başqa bir platforma tapın də, indi asandır axı, hamı canlı yayım aça, zoom konfrans keçirə bilir, siz də elə edin, qanınızı gətirib üstümüzə tökməyin.
19 Sentyabr 2024
17 Sentyabr 2024
15 Sentyabr 2024
14 Sentyabr 2024
12 Sentyabr 2024
10 Sentyabr 2024
08 Sentyabr 2024
06 Sentyabr 2024
04 Sentyabr 2024
02 Sentyabr 2024
01 Sentyabr 2024
30 Avqust 2024
28 Avqust 2024
22 Avqust 2024
20 Avqust 2024
18 Avqust 2024
16 Avqust 2024
14 Avqust 2024
12 Avqust 2024
11 Avqust 2024
09 Avqust 2024
07 Avqust 2024
05 Avqust 2024
03 Avqust 2024
01 Avqust 2024
31 Iyul 2024
30 Iyul 2024
28 Iyul 2024
26 Iyul 2024
24 Iyul 2024
ŞƏRHLƏRŞƏRH YAZ