İnsanlara hürriyət, millətlərə istiqlal!

“Kəko” Vahid... - Rauf Arifoğlu yazdı



Kim olduğunu bilmədən səhər-səhər redaksiyaya zəng vurub Qarabağ qazisi adına kömək istəməsinə görə gənc müxbirimiz Cavanşiri yolladım… Cavanşir dönəndə “bəy, Qarabağ qazisi dedi ki, “Rauf bəy məni tanıyır, bir yerdə olmuşuq, Çaylı döyüşlərində iştirak edən Vahidəm…”  

“Çaykənd deyər, Çaylı yox”, - düzəliş verdim. Yaşı Çaykənd ətrafında gedən döyüşlərdən ötən zamandan da kiçik olan Cavanşir bilməsə də, dərhal razılaşdı. “Kəko Vahid olmaya”, deyə sordum… “Dedi şəklimi görən kimi məni tanıyacaq”, bunu da Cavanşir cavab olaraq söylədi… 
 
“Kəko” AXC Gəncə şöbəsinin və “Yeni Müsavat” Partiyasının 1989-90-cı illərdə qurduğu könüllü dəstənin ən cəsur döyüşçülərindən idi. Danışanda kəkələrdi -  ona görə siyasi toplantılarda (AXC-nin Gəncə çayının üstündəki binasının zalında) ən arxada oturardı. Utanıb-eləməzdi, sadəcə danışmağa qalxanda o qədər kəkələrdi ki, hamı “Vahid bəsdi də…, az danış deyərdi…” Hansı ki, çox zaman heç danışmağa başlaya da bilməzdi. Onun ən yaxşı tərcümanı Gəncə Cəbhəsinin mərhum sədri, həm də “Yeni Müsavat” Partiyasının katiblərindən olan Rasim Mürsəlov idi (Allah rəhmət eləsin). Bir də Səfər Hümbətov  -  könüllülərin ilk döyüşlərdəki komandiri, keçmiş “əfqan”, Qarabağ döyüşlərinin qəhrəman qazisi.  (“Boz Qurd” Partiyasının hazırkı rəhbərlərindən biridir)... 

Döyüşdə isə öndəydi, qorxmazdı, çəkinməzdi Vahid…Çaykənddən, Todan, Sarısudan, Hacıkənddən sonra müxtəlif bölgələrdə döyüşdü. Şuşa, Tovuz uğrunda gedən döyüşlərdə erməniyə güllə sıxdı... 

Qarabağ savaşında atəşkəs elan olunandan sonra ürəkli oğullar və könüllülər, savaşçılar arxa plana keçdi. Başımıza yığdıqlarımızdan, vətən savaşına qazandırdıqlarımızdan sağ qalanlar ya həbs olundu, ya da Rusiyaya, çörək dalınca getdi…

20 ildən çoxdur onu görmürdüm. Bir şəkildə gördüm. Problemi vardı. Bizim şikayətçilərdən biri kimi... Qarabağ qazisini, vətəni necə qəhrəmancasına, canını heçə sayaraq qoruduğunu gözlərimlə gördüyüm Vahid Rüstəmovu öz evindən qovurdular... Erməni gülləsi onu əlil edib; daha avtomatı da yoxdu; əsası var, ona söykənib, yuvasını qorumaq üçün yeni bir savaşa qalxıb. Lakin burda həm də sözlə atışmaq lazımdır...  Yazıq Kəko... Danışa da bilmir ki, sözünü desin...Erməni olaydı, döyüş olaydı və Kəko Vahid səngərdən sıçrayaraq, “aaa-ko-ko-ko-ko” deyə hayqıraraq, silahını qaqqıldadaydı... O, atəş açanda belə erməninin qarasınca kəkildəyirdi...Gör indi evinə atəş düşəndə nə zülmlər çəkir...  

AXC Gəncə şöbəsi unikal bir mərkəz idi. Kimlər yox idi burada? Bir tərəfdə ziyalılar -  mərhum Mürşüd Məmmədov, Əlvan Əliyev, Vahid Hümbətov, Çingiz Firudinoğlu (“Vətən” qrupu), şəhərin tanınmış həkimlərindən, həm də təşkilatın idarə heyətinin üzvləri  Yelmar bəy, Üzeyir bəy, Rüştü Məmmədov, professor Bağır Bağırov, Aypara Əliyev... Digər tərəfdə jurnalistikaya maraq göstərən gənclər, hazırda medianın tanınan simaları – Qabil Abbasoğlu, Əli Həziquliyev, Mahir Məmmədov (o zaman məktəbli idi), Sədrəddin Soltan, Sevil Nuriyeva (o da məktəbli idi)... Digər tərəfdə döyüşçülər Səfər Hümbətov, Əlövsət Qasımov, Məmməd Əmrahov, Çeçen İlham, Bəxtiyar Əliyev, Neman, Abbasqulu, Ruzgar (sonuncuların dördü döyüşdə şəhadətə qovuşdu), Todan Yusuf, Telman, Əlixan, Mehman (Gəncə qiyamında ilk şəhid olan zabit), Ənvər Arazov (sonradan polk komandiri oldu, polkovnik rütbəsi aldı, döyüşlərin birində şəhid oldu), Yasin Əliyev (Allah rəhmət eləsin)... Və bunların da başında Rasim Mürsəlov -  10 illik həbsxana həyatından sonra Gəncədəki xalq hərəkatının başına keçən...   

İllər hiss etdirmədən üstümüzə elə çöküb ki, geriyə dönüm xatirələrin 20-25 illik ölçüsü yaranıb. Yaddaşımızdan çıxan adlar, soyadlar, fraqmentlər var. Lakin “Kəko Vahid” yaddan çıxmayan qəhrəmanlardandır... Onun sayəsində xeyli uzaqlardan, 24 il öncədən nə qədər dostumuzu xatırladıq, ölənlərə rəhmət, qalanlara can sağlığı dilədik...

***
Rüstəmov Vahid... Şəkillərdən tanıdım, sevindim ki, sağdır Vahid. "Kəko Vahid". 1990-cı ildə Çaykənd-Todan ətrafında gedən döyüşlərin ən cəsur iştirakçısı... Ölümlə alay edən, cəsarəti ilə hər kəsi heyrətləndirən, səngərdən çıxıb erməninin üstünə atəş aça-aça gedən, qumbara səpən, onları pərən-pərən salan  "Kəko"... Dilində qüsur vardı... Amma əli və ürəyi ilə düşmənə qan uddurardı... İndi özümüzünkülər ona qan uddurur…


 
   

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

27 Iyul 2024

22 Iyul 2024

31 May 2024

03 Mart 2024

26 Fevral 2024

25 Fevral 2024

21 Fevral 2024

09 Fevral 2024

27 Yanvar 2024

14 Yanvar 2024

10 Yanvar 2024

24 Dekabr 2023

27 Oktyabr 2023

23 Oktyabr 2023

17 Oktyabr 2023

28 Sentyabr 2023

13 Sentyabr 2023

05 Sentyabr 2023

30 Avqust 2023

22 Iyul 2023

18 Iyun 2023

03 Aprel 2023

29 Mart 2023

16 Mart 2023

19 Fevral 2023

15 Fevral 2023

10 Noyabr 2022

09 Noyabr 2022

28 Oktyabr 2022