İnsanlara hürriyət, millətlərə istiqlal!

İncidilmiş sevgilinin qisası – kuryoz cinayət işi

Maşallah olmasın heç, bizdə də xırda-xırda girövgötürmə, işgəncəvermə, xərac tələbetmə vaqiələri olurmuş. Yoxsa türk və rus seriallarında o cür epizodları izləyir və bədgüman olurduq ki, deyəsən, bizim kriminal dünyamızın “zəhmətkeşlər”İ fərasətsizdir, eləcə qeyri-mütəşəkkil işlər görürlər.

Məlum olur ki, yox, papaq altında oğlanlar var və film kimi cinayət epizodları yaradırlar. İntəhası, bizimkilərin əlinin olduğu cinayət işləri bir az tragikomik olur, məzəli detallar işin ciddiyyətini azaldır.

Məsələn, o gün bir “ayıq sürücü” sərxoş müştərisini evə aparıb, axırda kartdan-karta pul köçürmək lazım gəlib. Sərxoş müştərinin dili söz, barmaqları rəqəm tutmadığından bu işi “ayıq sürücü”nün özü edib və o, müştərinin kartındakı 700 manatı öz kartına köçürüb. 7 manat əvəzinə “ayıq sürücü”yə 700 manat ödədiyini ertəsi gün görən və içki sərxoşluğundan tamam ayılan adam şikayətçi olub və sürücünü tutublar. Məhkəmədə deyiblər, niyə belə iş görmüsən, bilmirdin ki, bu, cinayətdir, deyib, bilirdim e, amma pul lazım idi.

Bir dəstə göyü 500 dollara satan oğlanın lətifəsinə oxşadımı? Bilməyənlər üçün yazıram. Biri bazarda qarşısına göy dəstələri qoyub satırmış. Müştəri yaxınlaşır, qiymət soruşur, satıcı deyir, bir dəstəsi 500 dollardır. Alıcı deyir, qardaş, başın xarabdırmı, 500 dollara göy olarmı, bunun qiyməti 15-20 qəpikdir. Adam deyir, bilirəm e 500 dollara göy olmaz, amma pul lazımdır.

Xüləs, keçək əsas mətləbə. Demək, bir müddət əvvəl 3 nəfər kriminal ünsür bir “barıqa”nı günün günorta çağı maşına basıb, əli-qolu, ağzı-gözü bağlı halda Hövsana aparıblar, bir həyət evində köməksiz vəziyyətə salıblar. Heç demə, “barıqa”nın bu vəziyyətə salınmasını keçmiş sevgilisi (“sevgidən nifrətə bir addım” məsələsi) sifariş edibmiş, çünki o, son vaxtlar qızı döyürmüş. Qız o biri sevgililərinə deyib, onlar da adamı 3 gün ərzində ac-susuz saxlayıblar, vaxtaşırı döyüblər, işhəncə veriblər, lüt soyundurub üzüqoylu qoyublar, videosunu çəkiblər, hətta ona işgəncə verilməsini nazəndə sevgiliyə canlı-canlı izlətdiriblər.

“Xanıma qarşı yanlış hərəkətə görə” ondan alınan qisas akt sona yetəndən sonra mütəşəkkil qrup “yazıq barıqa”dan pul tələb ediblər. Axı adam narkotik alverçisidir, əli pulla oynayır. Amma tərs kimi, onun pulu-filanı olmayıb, işgəncə davam edib. Adamda pul olmadığı yəqin olandan sonra onu şərtlə buraxıblar ki, getsin, 5 min manatlıq narkotik satsın, pulunu da gətirib bunlara versin.

Əslində bu haqq-hesabdan sonra, xarici ölkələrdə olsaydı, ya adamı öldürüb meşədə basdırmalıydılar, ya da bir qəhrəman mayor həyatını riskə qoyub onu xilas etməliydi. Ancaq görünür, bizdə “barıqa”dan ötrü həyatını riskə atacaq mayor və boş meşə zolağı olmadığından iş belə alınıb, adama rəhm ediblər.

O haqq-hesabın axırı belə olub ki, cinayətkar qrup yaxalanıb, iş məhkəməyə çıxıb və “barıqa”nı griov götürənlərin hərəsinə 8 il iş veriblər.

İndi haqlı olaraq deyəcəksiniz ki, bəs cinayət işinin məzəli məqamları necə oldu.

O da budur: işgəncəyə, alçaldılmaya məruz qalan şəxs məhkəmə bildirib ki, onu döyənlərdən, başına oyun gətirənlərdən şikayətçi deyil, çünki onlar etdiklərini pis niyyətlə etməyiblər.

İndi siz deyin, belə bir zərərçəkmiş ifadəsi hansı ölkədə olub və ya var?

Amma zərərçəkənin sözlərində müəyyən həqiqət də var. Təsəvvür edin ki, onu döyüb pis günə qoyan, lüt soyundurub ağzı üstünə masaya uzadan şəxslər onun haqqında pis niyyətə düşsələr və prosesi videolentə alsaydılar, necə olardı. Hər şey o tərəfə adamın reputasiyası əldən gedərdi.

Bu yerdə dəli şeytan deyir ki, nə bilirsən adama heç nə etməyiblər və videoya çəkməyiblər? Bəlkə onu məhkəmədə şikayətçi olmaqdan vaz keçirən elə həmin videodur? Ola bilməzmi? Prinsipcə, incidilmiş sevgili döyüldüyü zaman “səni belə-belə etdirməsəm, dədəmin qızı deyiləm” kimi and içmiş ola, qrupa verdiyi sifarişə bu məqamı da əlavə etdirə bilərdi.

Açığı, kriminogen seriallarda hər şey olduğu üçün adam mütərəddid qalır. Güman ki, “barıqa” yenidən o vəziyyətə salınmaqdan orxur və içəridə “üzə durmayan yaxşı oğlan” imici qazanmaq istəyir.

Hər halda hər şey yaxşı, salamatçılıqla qurtarıb, adamın fiziki təzyiqə məruz qalan əzaları da indiyə sağalmış olar. Bir iş anlaşılmır ki, o öz peşəsini davam etdirir, yoxsa onu da tutub içəri göndəriblər.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

16 Avqust 2025

14 Avqust 2025

12 Avqust 2025

10 Avqust 2025

08 Avqust 2025

07 Avqust 2025

05 Avqust 2025

03 Avqust 2025

02 Avqust 2025

31 Iyul 2025

30 Iyul 2025

28 Iyul 2025

26 Iyul 2025

24 Iyul 2025

23 Iyul 2025

21 Iyul 2025

19 Iyul 2025

17 Iyul 2025

15 Iyul 2025

13 Iyul 2025

11 Iyul 2025

09 Iyul 2025

07 Iyul 2025

05 Iyul 2025

03 Iyul 2025

30 Iyun 2025

28 Iyun 2025

26 Iyun 2025

24 Iyun 2025

22 Iyun 2025