Onlayn ictimai-siyasi qəzet
Türk Dövlətləri Təşkilatının (TDT) Şuşa Zirvəsinə sözardı
Gündəmdə Türk dünyasıdır.
Özü də Şuşa adı ilə birgə!
Nə yaxşı belədir!
Türk dünyasının daha sıx və möhkəm birləşməsi üçün onun bütün əməli çalışma sahələri üzrə - bütün kateqoriya və türdən olan gücünün artırılması lazımdır. Nə üçün? Bu, ilk sırada özümüzə, sonra dünyanın qalan bölümünə nə vəd edir? Bəri başdan deyək:
-Nə zamanki türklər dünyada söz yiyəsiydi dünya belə bərbad deyildi;
-İki Dünya müharibəsinin hər ikisi türklər qlobal meydanda geriləyəndən sonra baş verib;
-Türklər Dünyada söz yiyəsiykən kütləvi qırğın silahları yaradılmamışdı yaxud o dönəmçün kütləvi sayılan qırğın silahları yalnız ədalətin, düzənin təmini üçün qullanılırdı. İddia edirəm, əgər türklər Dünyada keçərli söz yiyəsi olmuş olsaydı, Xirosima və Naqasakiyə atom bombası atılmazdı, hətta hər iki Dünya müharibəsi ya baş verməzdi ya daha az itkilərlə, daha qısa müddətdə sonuclanardı;
-Türklər Dünyada söz yiyəsiykən Türk dünyasından qıraqda qalanların öz aralarındakı qarşıdurmaları da türkün adının işığında çözümə qovuşa bilirdi. Haqsızlığa uğrayan tərəf məhz türkün ədalətinə sığınırdı, o ədaləti görürdü;
-Türkün fitrətində fəth var amma işğal yoxdur;
-Türklər fəth etdiyi şəhərlərin, ölkələrin ədalətli yönətilməsinə çalışırdı; türklər yerli əhalinin dil, din, gələnəklərinin dəyişdirilməsinə çalışmırdı, fəth olunan ərazilərin sakinlərinin öz yaşayış yerlərini kütləvi şəkildə dəyişdirmək işinə isə ümumən qalxışmırdı;
-Türklər haqsızın qarşısında, haqlının yanındaydı...
Siyahını uzatmaq da olar lakin sanıram, deyilənlər belə aydın təsəvvür üçün yetərlidir.
Hazırkı müstəqil türk dövlətləri də güclərinin yetdiyincə məhz bu xətti – dədələrimizin yolunu davam və inkişaf etdirməyə çalışır. Ancaq Türk dünyasının ictimai-siyasi, sosial-iqtisadi və hərbi gücünün daha da artırılması, qlobal meydanda sanballı güc mərkəzinə çevrilməsi baş vermədən sözümüzün kəsəri nə dədələrimizin sözü kəsərincə olar, nə də anti-türk gedişatı başlatmağa fürsət gözləyənləri peşman edə bilərik. Hələ 7-8 yüzil bundan öncə Hacı Bektaş Vəli demiş, “Bir olalım, diri olalım, iri olalım”! – Yol budur! Bu Yolda yürümüşlərin ruhuna, yürüyənlərin özünə və bayrağına salam-sayğılar olsun!
Türk birliyi adına çalışmalarda Azərbaycan həmişə öndədir! – Bunu könül şadlığı ilə, qürurula vurğulayırıq!
Budur, Azərbaycanın yeni təşəbbüsü də Türk dünyası ünvanlı oldu: Türk Dövlətləri Təşkilatının ildə bir dəfə qeyri-rəsmi Zirvə görüşü keçiriləcək. Doğrudur, hər il rəsmi Zirvə olur – o, öz yerində; ancaq növbəti rəsmi Zirvəni gözləmədən daha bir dəfə görüşmək ümumi işin xeyrinədir. Çözümə qovuşmalı məsələlər vardır, TDT bir çox beynəlxalq təşkilatla müqayisədə cavan qurumdur və təxirəsalınmaz işlər bir çox halda formallıq yox, qeyri-formal görüşlər tələb etməkdədir. Çevrəmizdə o qədər sürətli və qarmaşıq olaylar baş verir, elə oyunlar oynanır, oyun içində oyunlar çıxarılır, vaxtında reaksiya verilməsi, ortaq mövqenin müəyyənləşdirilməsi qaçınılmazdır. Gücümüz birliyimizdədir! – Hər nə qədər gələnəksəl deyim olsa da, bu, belədir, belə də qəbul görməlidir.
Gəlin bu yerdə, 15 il öncə Naxçıvanda keçirilən Türk Zirvəsini xatırlayaq. Naxçıvan Zirvəsi (2009) Ankara (1992), İstanbul (1994), Bişkek (1995), Daşkənd (1996), Astana (1998), Bakı (2000), İstanbul (2001) və Antalyada (2006) keçirilmiş Zirvələrdən sonra daha olumlu sonuclara varılmış bir Zirvəyə dönüşdü: özündən öncəkilərin məntiqi sonluğu, özündən sonrakıların başlanğıcı, istinadgahı oldu. O cümlədən Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası (Türk Keneşi) yaradıldı və Naxçıvan Bəyannaməsi qəbul edildi. Təsadüfi deyil ki, Naxçıvan Zirvəsinin keçirildiyi 3 oktyabr tarixi Türk dünyası sevdalılarının ortaq bayram günü dərəcəsində qəbul görüb.
O zaman hələ 20 faiz ərazimiz işğal altındaydı; bu azmış kimi, dünya erməniliyi Naxçıvana ağılsızca, əsilsizcə iddiaları körükləməkdəydi...
Naxçıvan Zirvəsinin işığı Qarabağa da düşdü – bunu Bütöv Azərbaycan, Türk dünyası sevdalılarının həmən-həmən hər biri görür, sezir, inanırdı. Uzun sözün qısası,
Naxçıvan və Şuşa Zirvələri arasında digər Zirvələr də oldu, ilbəil irəlilədik və nəhayət, 2021-ci ildəki İstanbul Zirvəsində TDT yaradıldı (Şura Təşkilata çevrildi)! – Həmin Zirvə II Qarabağ müharibəsində Azərbaycanın qələbəsinin 1-ci ildönümü ərəfəsində gerçəkləşdi və Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə məhz tarixi Zəfər vurğusu, Türk birliyinə xidmət vurğusu ilə Türk Dünyasının Ali Ordeni verildi. Ali Ordeni təqdim edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan belə deyirdi: “Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Zati-aliləri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad edilməsini və ərazi bütövlüyünün bərpasını təmin edərək türk birliyinə mühüm töhfə verən və bölgədə davamlı sülh və sabitliyin əldə olunmasına yol açan tarixi qələbəyə görə Dövlət Başçıları Şurası Türkiyə Respublikasının Prezidenti Zati-aliləri Rəcəb Tayyib Ərdoğanın təklifi ilə Zati-aliləri İlham Əliyevin böyük şərəflə “Türk Dünyasının Ali Ordeni” ilə təltif edilməsi haqqında qərar qəbul etmişdir”.
Budur, bu dəfə Şuşa qeyri-formal Türk Zirvəsinə ünvan oldu! Hər şey bir yana, bax, “Şuşada Türk dünyası Zirvəsi keçirildi!” kimi bir cümlə qura bilmək bəxtiyarlığı özü bir ömrə ən gözəl bəzək deyilmi? Göydə Tanrımıza, Yerdə Dövlət babaya çox şükürlər olsun! Şəhidlərimizin ruhu şad olsun, qazilərimizin yarası tez sağalsın!
Bəli, Azərbaycanın xarici siyasətinin üstün yönü dünən Türk dünyası idi, bu gün Türk dünyasıdır, sabah Türk dünyası olacaq! – “Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir.
...Azərbaycanın yürütdüyü siyasətin bunu aydın göstərdiyini vurğulayan dövlət başçısı bildirib: “Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”. – Bu sözləri Azərbaycan Prezidenti Şuşa Zirvəsindən aylar öncə demişdi. Sözü imzası qədər keçərli olan Prezident İlham Əliyev Şuşada Zirvə təşəbbüsü ilə çıxış etməklə, həmkarlarını önəmli mövzuların üstün müzakirəsinə yığmaqla və Şuşa Bəyannaməsi ilə bir sonrakı ortaq çıxarlarımızı, gələcək zirvələri, bir sözlə, Yol xəritəmizi zənginləşdirmiş oldu. Bizim Yol xəritəmiz Ruh xəritəmiz əsasında şəkillənir. Söhbət Türk dünyasından gedirsə, söhbət Şuşadan və Zirvədən gedirsə, daha hansı kateqoriya hadisə bizim üçün yetərli ola bilər ki?!. Biz dədələrimizin ruhunu şad edən Yolla yürüyürük – gələcək nəsillər üçün işıq gələn yolla!..
Deməli, nə etməliyik? – Bəli, TDT-ni ümumdünya miqyasında güc mərkəzlərindən birinə çevirməliyik. Vaxtı ilə “Başqa yolu yox artıq” nidası ozan dilində Qarabağ üçün səslənirdi, indi bu nidanı Turan üçün bölüşməliyik!
Azərbaycan Prezidenti Şuşa Zirvəsində dedi:
“Biz böyük coğrafi məkanı əhatə edirik, üzv ölkələrdə müsbət demoqrafik dinamika müşahidə olunur, hərbi potensialımız döyüş meydanlarında özünü dəfələrlə göstərmişdir. Zəngin təbii resurslarımız, onların nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tariximiz, mədəniyyətimiz bizim böyük sərvətimizdir. Xalqlarımızın ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik köklərə malik olmaları ölkələrimizi sıx birləşdirir. XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır”.
Hüseyn Cavid nə deyirdi? –
“Turana qılıncdan daha kəskin, ulu qüvvət,
Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət”!
Türk dünyasının qeyri-formal Zirvə görüşünün keçirildiyi Şuşa şəhəri Azərbaycanın Mədəniyyət paytaxtıdır; Şuşa ötən il Türk dünyasının Mədəniyyət paytaxtı statusunu şərəflə daşıdı, bu ilsə İslam dünyasının Mədəniyyət paytaxtı statusuna malikdir. 2022-ci il Azərbaycanda “Şuşa İli” adlandırılmışdı, bu il isə, Azərbaycanda “Yaşıl Dünya naminə Həmrəylik İli”dir. Şuşa adı yaşıllığı da, göyərməyi – dirçəlməyi də, həmrəyliyin təntənəsini də özündə toplayan şəhərdir. – Şuşamız “mənası özündən böyük” tərifini ən çox haqq edən azsaylı şəhərlərdəndir!
Ayrıca, Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında 2021-ci il iyunun 15-də imzalanmış bəyannamə də məhz Şuşada imzalanıb.
44 günlük müharibədə məhz Şuşanın qurtuluşu işğalçıların ağ bayraq qaldırmasını şərtləndirdi.
Şuşanın işğala uğradığı illəri çıxsaq, bu əziz şəhərimiz həmişə Azərbaycanın, ümumən bölgəmizin mədəni, ictimai-siyasi həyatının önəmli ocaqlarından olub. Dilimizdə gözəl bir alxış var, el deyər, “Ocağın sönməsin”! – Görünür, Şuşamız üçün, Azərbaycan üçün, bütövlükdə Türk dünyası üçün bu alxış yetərincə edildi, ermənilər onu söndürə bilmədi. Qaraltdılar, ancaq söndürə bilmədilər; indi özləri qaraltıya dönüblər, Tovuzlular demiş, Ermənistanın eləcə qaraltısı qalıb, özü yox kimi bir şeydir...
“Şuşanın 1992-ci ilin mayında Ermənistan tərəfindən işğal edilməsi Azərbaycan xalqının böyük faciəsi idi. Azərbaycan xalqı bu işğalla heç vaxt barışmamış, həmişə Şuşaya və işğal altında olan digər ərazilərimizə qayıtmaq arzusu ilə yaşamış və buna nail olmuşdur”. – Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan Şuşadakı salamlama nitqində bu sözləri də dedi.
İndi Şuşada həyat qaynayır, Bakıdan Şuşaya ard-arda köç karvanları yola salınır. Öz doğma yurd-yuvasına dönən hər şuşalı ora insanlıq aparır; onlar işğal mədəniyyətsizliyini quruculuq mədəniyyəti ilə əvəz etməyə öz töhfəsini vermiş olur. Yurd-yuvasına dönən hər şuşalı Şuşaya özü boyda (ruh gücü qədər) Türk dünyası aparır. Hər dönüş özünə dönüşdü, ruhlanmaqdı, ruhlandırmaqdır, qanadlanmaq və qanadlandırmaqdır. Bu işin üfüqötəsinədək gedəcəyi vardır: “Yüksəl, Türk, yüksəl! Sənin üçün yüksəkliyin hüdudu yoxdur. Bax, parol budur”. (Atatürk).
Bir azdan Qarabağ haqqında “Gün var əsrə bərabər”dəki bəlli sözlər müsbət emosiya ilə təkrarlanacaqdır: “Bu yerlərdə qatarlar gündoğardan günbatara, günbatardan da gündoğara gedir”... Bura Sarı Özək deyil, Qarabağdır! Qarabağdan günbatara Zəngəzurdur, ondan sonra Naxçıvan, sonra da Anadolu...
Kim bilir, Qarabağ Zəfərinin birinci ildönümü günlərində Şura Təşkilata çevrildisə, Şuşa Zirvəsindən bir il sonrakı Zirvədə Təşkilat Birliyə çevrilə bilməzmi?..
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
25 Noyabr 2024
18 Noyabr 2024
12 Noyabr 2024
08 Noyabr 2024
07 Noyabr 2024
28 Oktyabr 2024
25 Oktyabr 2024
20 Oktyabr 2024
18 Oktyabr 2024
15 Oktyabr 2024
09 Oktyabr 2024
27 Sentyabr 2024
25 Sentyabr 2024
20 Sentyabr 2024
16 Sentyabr 2024
31 Avqust 2024
26 Avqust 2024
25 Avqust 2024
20 Avqust 2024
16 Avqust 2024
08 Avqust 2024
02 Avqust 2024
30 Iyul 2024
28 Iyul 2024
21 Iyul 2024
18 Iyul 2024
13 Iyul 2024
12 Iyul 2024
08 Iyul 2024
05 Iyul 2024
ŞƏRHLƏRŞƏRH YAZ