Onlayn ictimai-siyasi qəzet
Slovakiya kimi sakit, üçdə alacağı, beşdə verəcəyi olmayan, oxumuş adamlar demişkən, ekstessiz ölkənin baş nazirini də güllə ilə vururlarsa, demək, çoxdüşmənli ölkələrin rəhbələri ehtiyatlı olmalıdırlar.
Dünya üzündə belə bir trend var, hansı prezident və baş nazir özünü sadə aparırsa, istədiyi vaxt istədiyi yerdə xalqın arasına qatılırsa, dərhal hamının sevimlisi olur, onu başqalarına örnək göstərirlər, deyirlər, baxın, o da prezidentdir, amma necə sadədir.
İndi Robert Fitsonun üzərində mürəkkəb tibbi əməliyyat aparılır, sadə məsələ deyil, adama 5-6 güllə vurublar.
Tarixdə belə şeylər çox olub. 1986-cı ilin fevralında İsveçin sadə baş naziri Ulof Palmeni də sadə xalqın arasına mühafizəçisiz çıxdığı zaman güllələmişdilər.
Halbuki Palme İsveç tarixinin ən yaxşı siyasi xadimlərindən biri kimi tanınırdı, necə deyərlər, uşaqla uşaq idi, böyüklə böyük, heç kimi asıb-kəsmirdi – nə sözlü şəkildə, nə də birbaşa mənada. Amma yoldaşıyla piyada gəzdiyi yerdə vurdular kişini.
Ronald Reyqanı isə 1981-ci ilin martında, prezident vəzifəsinin icrasına başlayandan 70 gün sonra güllə ilə vurmuşdular. Halbuki ABŞ-də qaydadır, yeni prezidentin 100 günü tamam olmamış ona nəinki güllə, heç söz də atmırlar. Adam hələ yeni mənzilinə, oval kabinetə isnişməmişdi, amma onu son mənzilə göndərmək istəyirdilər.
İntəhası, ABŞ-də bir ənənə də var: axırı 0-la bitən illərdə seçilən prezidentlərin başına mütləq pis iş gəlirdi. “Pis iş” deyəndə Klintonun başına gələndən yox, sadəcə olaraq, onlar ya ölürdülər, ya da öldürülürdülər. Linkolndan Kennediyə qədər belə olmuşdu. Reyqanı isə ya müasir tibb xilas elədi, ya da şaman Tekumsenin tarixi qarğışı artıq öz təsirini itirmişdi, ona görə ölmədi. Hər halda 2000-ci ildə seçilən oğul Corc Buşa da heç zad olmadı. Sadəcə, bir dəfə boğazında qalet qalmış, çeçəmişdi, az qala öləcəkmiş, arvadı Lora kişinin belinə 3-4 dəfə şappıldadıb, “halal-halal” deyib, ondan sonra ser özünə gəlib.
İsrail kimi özünüqoruma instinkti güclü olan ölkədə 5-ci və 11-ci baş nazir olan İshaq Rabini vurublar, a kişilər. Özü də adam sülh üzrə Nobel mükafatı almışdı. Al, sana mükafat və sülh. Düşmənlə sülhə gedərsən, öz millətinin tələbəsi səni tapança ilə vurar. Ta orasını bilmirəm, o tələbəni öyrədən, dil, pul, tapança verən olmuşdu, yoxsa öz içindən gəlmişdi.
1998-ci ilin fevralında Gürcüstanın prezidenti Eduard Şevardnadzeni güllə ilə də yox, qumbaraatanla (bazuka) ilə vurdular, eləcə, zirehli maşını zədələndi, özünə heç nə olmadı, maykada çıxıb müsahibə verdi. Yeri gəlmişkən, deyirlər, onu yazıçı Caba İoselianı vurdurmaq istəyib.
Elə başıxarablar hər ölkədə ola bilər və mövcuddurlar. Onlar girəvə gəzirlər, Bu vaqiəyə bəzən Herostorat hadisəsi də deyirlər. Herostorat öz zamanında Artemida məbədini yandırıb ki, tarixə düşsün və düşüb. Dövlət rəhbərini tarixə düşmək üçün öldürmək istəyənlər də var. Onların əllərinə fürsət düşəndə qaçırmırlar. Demək, onlara o fürsəti vermək lazım deyil.
Türkiyənin 10-cu prezidenti Əhməd Necdət Sezər 2000-ci ildə prezident seçiləndə ilk vaxtlar mühafizə xidmətinin əmədaşlarını, onu müşayiət edən maşın karvanındakı avtomobillərin sayını xeyli azaltmışdı, yolu bağlatdırmırdı, karvan işıqforda dayanırdı və s. Hətta bir dəfə prezident Sezərin maşını yolla şütüyüb gedərkən, parkın içiylə addımlayan jurnalist Emil Çölaşanı görmüş, sürücüyə demişdi ki, saxla, bu kişiylə görüşüm. Mühafizə məsləhət bilməsə də, prezident düşüb jurnalistlə görüşmüşdü və demişdi, bilirəm, səni işdən çıxarıblar, nə kömək edə bilərəm sənə. O da demişdi, sağlığın bəsdir, sayın başqan.
Sonra kimsə onu başa saldı ki, belə olmaz, dövlət rəhbərlərinin mühafizəsi güclü olmalıdır, nə olsun ki, yaxşı kişisən, düşmənin-filanın da yoxdur, qədər dəli-dülü var, çıxar, vurar, gedər, yatar, hələ fəxr edər ki, mən elə-belə oğlan deyiləm, prezidenti vurub gəlmişəm.
Uzun sözün kəsəsi, baş nazir belə başının salamatlığını qoruya bilmir. Bircə Paşinyandır, oddayanmaz, sudabatmaz şeydir. Hərçənd sabah onu güllə ilə vursalar, minlərlə sosial şəbəkə fəalı yazacaq ki, “mən demişdim...”.
P.S. Allah tərəfi, yazıçı Juray baş nazirə atdığı güllə ilə özünü də, Slovakiyanı da, Fitsonu da dünyada babat tanıtdı.
P.P.S. Yuxarıda adları çəkilənlərdən başqa sui-qəsdə məruz qalaraq güllələnən liderlərin natamam siyahısı belədir: Kral Faysal, Ənvər Sadat, Bülənt Ecevit, Benazir Bhutto, Mahatma, İndira və Raciv Qandilər, Turqut Özal, Rafik Həriri, Zoran Cinciç, Şinzo Abe, Jovenel Mois və başqaları...
20 Noyabr 2024
18 Noyabr 2024
16 Noyabr 2024
14 Noyabr 2024
10 Noyabr 2024
07 Noyabr 2024
06 Noyabr 2024
04 Noyabr 2024
02 Noyabr 2024
31 Oktyabr 2024
29 Oktyabr 2024
27 Oktyabr 2024
25 Oktyabr 2024
23 Oktyabr 2024
20 Oktyabr 2024
17 Oktyabr 2024
14 Oktyabr 2024
12 Oktyabr 2024
09 Oktyabr 2024
07 Oktyabr 2024
05 Oktyabr 2024
03 Oktyabr 2024
01 Oktyabr 2024
29 Sentyabr 2024
27 Sentyabr 2024
25 Sentyabr 2024
23 Sentyabr 2024
21 Sentyabr 2024
19 Sentyabr 2024
17 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ