İnsanlara hürriyət, millətlərə istiqlal!

Çubuğunun sehrini itirən Kreml – Bir plenum qərarı ilə rəhbər dəyişmək erası bitib

Bəzən deyirlər ki, keçmiş SSRİ respublikalarından bir neçəsini çıxmaqla yerdə qalanların müstəqilliyi formal xarakter daşıyır. Guya bu məkanlarda yeganə söz sahibi hələ də Moskvadır, Kremldir.

Bu, xeyli dərəcədə Moskvanın şişirdilməsi, eyni zamanda müstəqil dövlətlərin – keçmiş SSRİ respublikalarının aşağılanmasıdır.

Əslində elə deyil. Kreml bu respublikalarla özünü nə qədər ərkyana aparsa da, həyatlarına, qərarlarına, xarici siyasətlərinə müəyyən təsirlər göstərsə də, şaquli inzibatçılığını çoxdan itirib.

Moskva və keçmiş müttəfiq respublikaların 1992-ci ilə qədərki və ondan sonrakı münasibətində ən başlıca fərqi odur ki, Moskva hər istəyəndə keçmiş müttəfiq respublikalarda hakimiyyəti bir fərmanla, plenum qərarı ilə dəyişə bilmir.

5677-1637582784.jpg (26 KB)

Günümüzdə bunun bariz örnəyi var: Ermənistan, Paşinyan.

Bundan əvvəl Moskva eyni münasibətin yumşaq variantını 2012-ci ildə Azərbaycanda həyata keçirmək istəmişdi. Moskvada “Milyarderlər İttifaqı” alı birlik yaradılmışdı. Kreml azərbaycanlı zənginlərin iştirakı ilə Azərbaycanda başqa siyasi komanda ilə işləmək istəyirdi, ancaq sərt müqavimət gördü, geri çəkildi, köhnə komanda ilə anlaşmanı üstün tutdu.

Hazırda Rusiyanın Ukrayna ilə apardığı qanlı müharibənin iki əsas səbəbindən biri məhz Moskvanın Kiyevdə özünə yaxın qüvvələri hakimiyyətə gətirə bilməməsi, daha doğrusu, onları hakimiyyətdə saxlaya bilməməsi, rüsvayçılıqla devrilmələrinin qarşısını almağı bacarmamasıdır. Əgər 2014-cü ildə Yanukoviç iqtidarı devrilməsəydi, böyük ehtimalla Krım və Donbas Ukraynadan qoparılmayacaqdı və 2022-ci ilin fevralında yeni müharibə başlanmayacaqdı.

c5ad3d1170855c2cbb6a86f466590bb6.jpg (470 KB)

2008-ci ilin avqustunda Gürcüstanla Rusiyanın arasında baş verən qısamüddətli müharibənin də bir səbəbi kiçik Qafqaz ölkəsində hakimiyyətdə Moskvaya yaxın olmayan şəxsin – Qərbin adamı Mixail Saakaşvilinin olmasıydı. Moskva son seçkisində Belarus prezidenti Lukaşenkonu başqasıyla əvəzləmək planından da vaz keşməli oldu, anladı ki, Lukaşenkonu devirsə də yerinə Kremlin adamını təyin edə bilməyəcək və hakimiyyət Qərbpəsət qüvvələrin əlinə keçəcək.

Bir sözlə, indi keçmiş müttəfiq respublikalarda hakimiyyətə kimin gəlməsi, qalması o dövlətlərin özündə həll olunur. İslam Kərimov sağlığında Şavkat Mirziyoyevi öz varisi kimi görmək istəmişdi, Mirziyoyev Özbəkistanın prezidenti oldu. Qurbanqulu Berdımühəmmədov öz yerinə oğlu Sərdarı Türkmənistan prezidenti təyin etdi. (Əslində bu ölkədə artıq kimin – atanın, yoxsa oğulun dövlətin birinci şəxsi olduğu bilinmir). Qazaxıstanda özündən sonra kimin ölkəyə rəhbərlik edəcəyini eks-prezident Nursultan Nazarbayev özü müəyyən etdi və baş kürsünü Kasım-Jomart Tokayevə verdi.

4b6161b5f75f70317b2dd629b000d676.jpg (66 KB)

Moskva bütün bu təyinatlarda müşahidəçi mövqeyindəydi və təyinatların hamısı ilə razılaşırdı, “yox, mənim o posta öz namizədim var” demirdi. O, bunu heç 2018-ci ildə jurnalist-bloqer Nikol Paşinyanın bir neçə ayın içində Qərbin və xalqın dəstəyi ilə Moskvapərəst Sarkisyan-Köçəryan tandemini devirib hakimiyyətə gələndə də etmədi. Ya Kremldə düşündülər ki, kimliyindən asılı olmayaraq, hakimiyyətə gələn ermənidir və o, Moskvanın bu dövlət üçün müstəsna əhəmiyyət daşıdığını gözardı etməyəcək, ya da RF rəhbərliyinin “erməni inqilabı”nın qarşısını almağa gücü çatmadı. Hər halda Moskva bilsəydi ki, Paşinyan sonradan bu qədər tərs və hiyləgər biri olacaq, Ermənistanı Rusiyadan qoparıb, Qərbin ağuşuna aparacaq, yəqin ki, onun dərsini beşikdəcə verərdi.

Vaxt vardı, Kreml nəinki müttəfiq respublikalarda, hətta sosialist düşərgəsinə daxil olan ölkələrdə (Macarıstandan Monqolustana, Əfqanıstana qədər) hakimiyyətə kimin gələcəyini müəyyən edirdi. O ölkələrin birinci şəxsləri Moskvada təsdiq olunurdu. SSRİ qoşunları müstəqil dövlətlərin ərazisinə girir, hakimiyyəti dəyişirdi.

O zamanlar SSRİ-yə daxil olan milli respublikalarda ikinci katiblik institutu da yaradılmışdı. Bu vəzifəyə əsasən rusları (az-az başqa slavyan xalqlarının nümayəndələri) təyin edirdilər. Stalinin dövründə yaradılmış bu institut onun ölümündən sonra qismən ləğv olunsa da, tezliklə yenidən bərpa edildi.

MUSFAİM.jpg (9 KB)

Mühacirətdə yaşamış çeçen əsilli məşhur sovetoloq Abdurrəhman Avtorxanovun “Hakimiyyət texologiyası” əsərində bu barədə belə qeydlər var: “İttifaq respublikasında partiyanın mərkəzi komitəsinin birinci katibi millilər arasından təyin olunur, MK-nın ikinci katibi isə birbaşa Moskvadan gələn rus olur. O, yerli xalqın dilini, tarixini və mədəniyyətini bilmir və bilməyə də ehtiyac yoxdur. O, Moskvanın potensial separatizmə qarşı gözü və qulağıdır. Yalnız ümidsiz, kixotik yerli birinci katiblər özlərini ciddi şəkildə birincilər kimi təsəvvür edə bilərdilər (məsələn, Türkmənistanda Babayev, Gürcüstanda Mjavanadze, Azərbaycanda Mustafayev, Dağıstanda Daniyalov - Mərkəzi Komitə onları bu səbəbdən vəzifədən uzaqlaşdırdı). Əslində birinci ikincidir, nominal birinci katib isə onun üçün sadəcə milli dayaqdır. Bunu hamı bilir və hamı buna öyrəşib. Milli respublikalarda ümumən yalnız ruslar və ya ruslaşmış vətəndaşlar tuta biləcək vəzifələr də olub və var. Bunlar hərbi dairələrin komandirləri, qarnizon rəisləri, sərhəd dəstələrinin rəisləri, respublikaların DTK sədrləri, daxili işlər nazirləri, dəmir yolları və hava xətlərinin rəhbərləri, respublikaların rabitə nazirləri, respublikaların ittifaq əhəmiyyəti müəssisələrinin direktorlarıdır. İttifaq respublikalarının nazirlər soveti sədrlərinin birinci müavinləri və bütün nazirlərin birinci müavinləri də mütləq rusdur”.

Belə günlər olub. Hərçənd ötən əsrin 80-ci illərində bəzi xarizmatik milli rəhbərlərin yanında çalışan “ikincilər” heç də həmişə ortaya iradə qoya bilmirdilər. Məsələn, Gürcüstanda Şevardnadze, Azərbaycanda Əliyev, Özbəkistanda Rəşidov, Qazaxsıtanda Kunayev o cür rəhbərlərdən idi. 1986-cı ildə Kreml Stalin dönəminə qayıdaraq Kunayevin yerinə qazaxlara Kolbin adlı rusu rəhbər təyin edəndə isə Almatıda üsyan qalxdı, iğtişaşlar baş verdi və Kreml mülki insanlara qarşı silah işlətdi, qırğın törətdi.

İndi həmin Kreml oturub düşünür ki, Paşinyanı, Ermənistanı necə eləsin. Bu, Kremlin müqtədir çubuğunun öz sehrini itirməsi hadisəsidir. Bu çubuğun artıq işləmədiyini anlayınca Moskva çox qan tökəcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

23 Noyabr 2024

21 Noyabr 2024

20 Noyabr 2024

19 Noyabr 2024

17 Noyabr 2024

15 Noyabr 2024

13 Noyabr 2024

12 Noyabr 2024

11 Noyabr 2024

09 Noyabr 2024

08 Noyabr 2024

06 Noyabr 2024

05 Noyabr 2024

03 Noyabr 2024

01 Noyabr 2024

30 Oktyabr 2024

28 Oktyabr 2024

26 Oktyabr 2024

24 Oktyabr 2024

22 Oktyabr 2024

21 Oktyabr 2024

19 Oktyabr 2024

17 Oktyabr 2024

16 Oktyabr 2024

15 Oktyabr 2024

13 Oktyabr 2024

11 Oktyabr 2024

10 Oktyabr 2024

08 Oktyabr 2024

06 Oktyabr 2024