İnsanlara hürriyət, millətlərə istiqlal!

Böyük Sabir deyən oldu: “Düşdü qəzetlər hörmətdən...”

Günün tələbinə uyğunlaşmaq... Bu ifadəni parlamentin iclasında Milli Məclisin sədri Sahibə Qafarova işlədib.

O, "Azərbaycan" qəzetinin çapının dayandırılacağı barədə həyəcan təbili çalan deputat, eyni zamanda adı çəkilən rəsmi qəzetin baş redaktoru Bəxtiyar Sadıqova cavab verərkən deyib.

Belə anlaşılır ki, MEDİA agentliyindən ayrılan pul "Azərbaycan" qəzetinə yetmir, ona görə də Milli Məclis bu qəzetə sistemli şəkildə pul ayrılmalıdır. Çünki qəzet MM-in mətbu orqanıdır.

Məlum olduğuna görə, lap köhnə vaxtlardan “Azərbaycan” qəzetində ştat vahidləri çoxdur və qəzet hələ də sovet dövründə çıxdığı formatda, aşağı-yuxarı eyni məzmunda çıxır, bəlli meyar və prinsiplərlə çalışır, yeni qəzetçilik trendlərindən uzaqdır.

Əslində yeni qəzetçilik ənənəsi ötən əsrin sonlarında start götürüb, bu əsrin əvvəllərindən isə sürət yığmağa başlayıb. İlk illərdə, 90-cı illərin əvvəlində böyük formatda çıxan “rəsmi qəzetlər”də çalışanlar elə bilirdi ki, bu “xırda qəzetlər” müvəqqətidir, çox çəkməyəcək, hamısı bağlanacaq.

Amma elə olmadı. O “balaca qəzetlər” əvvəlcə tirajlarını artırdılar, sonra səhifələrini çoxaltdılar, daha sonra günün tələbinə uyğunlaşdılar. Bu uyğunlaşma ondan ibarət oldu ki, yeni oxucu uzun ideoloji səpkili, təbliğat-təşviqat xarakterli yazılar, əmək qəhrəmanlarından bəhs edən oçerklər, istehsalat sexlərindən hazırlanan reportajlar oxumaq istəmirdi, ona operativ xəbərlər, obyektiv şərhlər, neqativ hallara barmaq tuşlayın cəsarətli tənqidi, ifşaedici yazılar lazım idi.

Kimlər ki bu tələblərə uydu, onların tirajı, populyarlığı, həm də qazancı artdı, amma yerində sayanlar, yeniliyə xor baxanlar inkişaf edə bilmədilər. Yeni oxucu nəsli o cür, “içində oxumağa bir şey olmayan”, “pomidor yeşkilərinə yarayan” qəzetləri boykot etdi, maraqlı olanların dalınca getdi.

Ona görə də o cür qəzetlərin maliyyəsi yüzdə doxsan civarında dövlət yardımının ümidinə qaldı.

Məsələnin ikinci, birinciyə tən tərəfi isə budur: rəsmi qəzetlərə günün tələbinə uymaq rüsxəti verən vardımı? Yox idi. Akademik Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri olduğu illərdə hansı rəsmi qəzetin həddi nəydi ki, bircə cümləsində belə özfəaliyyət etsin, “günün tələbinə uyğun” yazı yazsın, adi oxucu şikayəti dərc eləsin. Mümkün deyildi. Elə ertəsi günü həmin qəzetin baş redaktorunu da, məsul katibini də, “cürətli əməkdaşı”nı da işdən çıxarardılar və bir daha yaxın buraxmazdılar.

Rəhmətlik Mahal İsmayıloğlu, mərhum Məmməd Nazimoğlu, Alqış Həsənoğlu kimi tanınmış jurnalistlərin başına gələnlər yaddan çıxmayıb. Onların gözdən çıxarılmasının başqa səbəbləri də ola bilər, ancaq bu şəxslər məhz “yeni dövrün qəzetçiliyi”nə uyğun qəzet buraxmaq təşəbbüsü göstərirdilər, yeniliklər etməyə çalışırdılar, işlədikləri qəzetlərdə əlavələr çap edirdilər ki, qəzetləri rəsmi xronikadan ibarət olmasın, oxucu bu qəzetlərin səhifəsində nəsə koloritli, maraqlı bir şey də oxusun.

Bu saatdan sonra “Azərbaycan” qəzetinin “günün tələbinə uyğunlaşmaq” cəhdləri alınmayacaq. Çox qiymətli vaxt itirilib. Böyük şairimiz Sabirin 115 il əvvəl dediyi olub, düşüb qəzetlər hörmətdən... (Hərçənd şair bunu cahillərin dilindən rişxəndlə yazmışdı).

Bəli, artıq kağız qəzet dövrü arxada qalıb. Sanki internet qəzetləri, saytlar da öz pik dövrlərini keçiblər. İndi hadisə yerindən canlı videolar yayan, yaxud da kamera qarşısında dayanıb öz düşüncələrini onlayn qaydada xırdalayan bloqerlərin, tiktokerlərin əyyamıdır. Onlar daha populyardır və dəbdədirlər.

Söz yox, klassik juralistikanın, peşəkar jurnalistlərin əməyi, mövqeyi daha mötəbərdir, amma onlar da öz fəaliyyətlərini günün tələbinə uyğun qurmalıdırlar.

Yoxsa 60-70 adamı yığ bir redaksiyaya, hamısı səhər gəlsin, axşam getsin, ortada da heç nə olmasın. İndi “Azərbaycan” kimi qəzetin gündəlik çıxmasını təmin etmək üçün 60, 40, hətta 20 yaradıcı adama ehtiyac yoxdur, 6-7 nəfər reportyor, 2-3 nəfər redaktor və 1-2 səhifələyici bu işi görə bilər. Çünkü düz-dünya hazır informasiyarla doludur, agentliklər, saytlar hər gün 5 qəzeti dolduracaq qədər informasiya yayırlar. Eksklüzivlik vacib şərtdirsə, yenə uzağı 15 bacarıqlı, universal əməkdaş qəzetin fəaliyyətini təmin edə bilər.

O zaman bir qəzetin saxlanmasına fantastik məbləğdə maliyyə vəsaiti lazım olmaz ki, bu da kimlərinsə gözünə çox görünsün, vəsait ayırmaqdan imtina etsinlər.

Ətalət bütün söhələrdə uğursuzluğa, aşınmaya, süquta səbəb olur. Həmişə zamanın tələblərinə uyğunlaşmaq lazımdır.

Jurnalistlər var ki, hələ də sosial şəbəkə üzvləri deyillər, çoxsaylı alternativ paylaımlardan, yeniliklərdən, siyasi həyatın dinamikasından, yeni trendlərdən xəbərsiz qalırlar və bu, özünü onların yazısında, düşüncəsində mənfi səciyyədə göstərir. Dünənə qədər yazılarını qələmlə kağıza yazan, sonra operatora yığdıranlar vardı. Artıq hər kəs öz yazısını özü yığır, yüzlərlə jurnalist öz yazısını sayta özü yerləşdirir və dizayn edir.

Hamımız bir marafondayıq, dayanmadan qaçmağa məcburuq, yorulub yarıyolda qalmamaq üçün rəqiblərinə ayaq uydurmalısan. Günün tələbi budur.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

23 Noyabr 2024

21 Noyabr 2024

20 Noyabr 2024

19 Noyabr 2024

17 Noyabr 2024

15 Noyabr 2024

13 Noyabr 2024

12 Noyabr 2024

11 Noyabr 2024

09 Noyabr 2024

08 Noyabr 2024

06 Noyabr 2024

05 Noyabr 2024

03 Noyabr 2024

01 Noyabr 2024

30 Oktyabr 2024

28 Oktyabr 2024

26 Oktyabr 2024

24 Oktyabr 2024

22 Oktyabr 2024

21 Oktyabr 2024

19 Oktyabr 2024

17 Oktyabr 2024

16 Oktyabr 2024

15 Oktyabr 2024

13 Oktyabr 2024

11 Oktyabr 2024

10 Oktyabr 2024

08 Oktyabr 2024

06 Oktyabr 2024