İnsanlara hürriyət, millətlərə istiqlal!

“Biladi, Biladi, Biladi…”

Misir çağdaş dünyada sivilizasiyanın beşiyi olaraq qəbul edilir. Havayı yerə deməyiblər: Misir – dünyanın anasıdır…

Azərbaycan çağdaş dünyada sivilizasiyalar və mədəniyyətlərarası diloqun əsas ünvanlarından biridir.

Misir əsas hissəsi Afrikada yerləşən qitələrarası ölkədir.

Azərbaycan əsas hissəsi Asiya, digər hissəsi Avropa qitəsində yerləşən qitələrqovuşuğu ölkədir.

Misir Ərəb Respublikasının (جمهوریّة مصر العربیّة‎‎) elanı (18.06.1953) Azərbaycan Xalq Cümhuriyyətinin (آذربایجان خالق جمهوریتي) elanından (28.05.1918) 35 il sonra, Azərbaycanın öz müstəqilliyini bərpa etməsindən (18.10.1991) isə 38 il öncə baş verib. Misirin əhalisi Azərbaycan Respublikası əhalisindən təqribən 10 dəfə çox, ərazisi təqribən 12 dəfə böyükdür.
“Dünyanın anası”nın himnində üç dəfə təkrarlamaqla “Biladi” - “Mənim ölkəm” vurğusu edilir.
Bizdə himnin başlanğıcında iki, sonunda dörd dəfə “Azərbaycan” deyilir...

Azərbaycan Prezident İlham Əliyev iyunun 8-də Misirdə rəsmi səfərdə oldu, önəmli görüşlər, qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsini keçirdi, Misirli həmkarı ilə birgə mətbuata bəyanatla çıxış etdi.
Artıq 8 aydır beynəlxalq ictimaiyyətin diqqəti Misirin yanıbaşında – Qəzza zolağında, Fələstində, İsraildədir... Quzey-doğu hissəsi Asiya qitəsində olan Sinay yarımadasında yerləşən Misir, gündoğarda Fələstin, İsrail və Qəzza zolağı ilə həmhüduddur.

Misirin aid olduğu coğrafiya yalnız son ayların deyil, son illərin ən mürəkkəb hadisələrinə səhnə olub və olmaqdadır. Misir özü bir neçə il öncə gərgin daxili çaxnaşmalardan keçdi. Bölgəsinin çəkili ölkəsi olan Misirlə bizi yalnız uzaq tarix, eyni din inancı deyil, beynəlxalq məzmunlu məsələlərə ortaq baxışımız və bu ortaq baxışı sərgilədiyimiz, üzvü olduğumuz beynəlxalq qurumlar (da) birləşdirir. Azərbaycan Prezidentinin Qahirədə dediyi kimi: “Bütün beynəlxalq məsələlərdə bizim fikrimiz üst-üstə düşür. Hər iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində fəal çalışır, o cümlədən BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəal əməkdaşlıq olunur, habelə İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində birgə səylər göstərilir”.

Yuxarıda da vurğuladığımız üzərə, Misir yanıbaşında yaşanan qanlı olaylara biganə deyil, əlbəttə; Azərbaycan özü Ermənistanın (havadarlarının hərtərəfli dəstəyi ilə) həyata keçirdiyi 30 illik işğalın ağır sonuclarını yaşayıb, soyqırım aktları görüb, itkinlik görüb… Azərbaycan II Qarabağ müharibəsi və ondan sonra qısamüddətli antiterror tədbirləri ilə öz ərazi bütövlüyünü bərpa etmiş qürurlu, güclü dövlətdir. Bu güc, qürur həm də onu ifadə edirk ki, bütün yaşanmışlara baxmayaraq, Azərbaycan məhz sülh üçün çalışır, müharibədə olduğu kimi, sülhdə də qızıl ləyaqət göstərir. – “Azərbaycan keçən ilin sentyabr ayında öz dövlət suverenliyini və ərazi bütövlüyünü tam bərpa etmişdir. Bu, Ermənistan ilə normallaşdırma yolumuzda önəmli amil olacaqdır. İki ilə yaxındır Azərbaycan-Ermənistan şərti sərhədində sakitlikdir, heç bir atəşkəs pozuntusu müşahidə edilmir”. – Prezident İlham Əliyev bunları Qahirədə söylədi. Əlavə etdi ki: “Danışıqlar prosesində irəliləyiş üçün yaxşı imkanlar var. Azərbaycanın Qazax rayonunun otuz ildən çox müddət ərzində işğal altında olmuş dörd kəndi danışıqlar yolu ilə Azərbaycana geri qaytarılmışdır”.

Güclü havadarlarına arxalanan Ermənistan kimi bir keçmiş işğalçı ilə münasibətlərdə belə gələcəyə baxan sülhpərvər Azərbaycan, Fələstin-İsrail münasibətlərinin də məhz ədalətli sülh anlayışı içində (beynəlxalq hüquq normalarına uyğun) həllinin tərəfdarıdır: “Fələstin-İsrail münasibətlərinin tənzimlənməsi və müstəqil Fələstin Dövlətinin yaradılması bizim Qoşulmama Hərəkatına sədrliyimiz dövründə hər zaman diqqət mərkəzində idi. Bir çox tədbirlər keçirilmişdir və Azərbaycanın mövqeyi birmənalıdır - müstəqil Fələstin Dövləti qurulmalıdır, Şərqi Qüds onun paytaxtı olmalıdır”.
Azərbaycan Prezidenti Qahirədə Azərbaycan dövlətinin prinsipial mövqeyini bu cümlə ilə duyurdu: “Qəzzada yaşanan faciə tezliklə dayandırılmalıdır, müharibə dayandırılmalıdır və bütün məsələlər danışıqlar yolu ilə həll olunmalıdır”.

Beləliklə, Azərbaycan Prezidenti İlham Əliyevin Misirə səfəri əlamətdar hadisədir. Prezident Əbdülfəttah Əs-Sisinin ötən il ölkəmizə səfəri də əlamətdar hadisəydi Müxtəlif əməli çalışma sahələri üzrə qarşılıqlı faydalı işbirliyimiz ilbəil möhkəmlənir. Bizim işbirliyimiz bir sıra regional, beynəlxalq məsələlərə kontstruktiv baxışın formalaşması, beynəlxalq ictimaiyyətə çağırışlar və s. baxımından da yeni səhifələrin açılmasına səbəb olur. Prezidentin dediyi kimi, “Ölkələrimiz arasındakı siyasi dialoq müntəzəm xarakter daşıyır. Bu siyasi dialoq bundan sonra da davam ediləcək”.

Prezident Əliyev Prezident Sisini COP29-un açılış törəninə dəvət etdi.

Misir Qoşulmama Hərəkatında ən ilk dönəmlərdən aktiv mövqe tutan ölkədir və Afrikanın, demək olar, bütününü əhatə edən Hərəkatın yeni inkişaf dönəmi Azərbaycan Prezidentinin bu beynəlxalq quruluşa sədrlik etdiyi illərlə sıx bağlıdır. Azərbaycanın Misirin soy və din qardaşlarının qayğılarına aşina olması, mümkün dəstəklər nümayiş etdirməsi, heç şübhəsiz, Misirdə də bilinir.

Ayrıca, Azərbaycan Türk Dövlətləri Təşkilatının qurucu üzvüdür və Prezident Əliyev Misir səfərindən öncəki gün TürkPA-ya üzv ölkələrin parlament sədrlərini qəbul etmişdi. “Mən əminəm gün gələcək ki, dünyanın bütün məsələlərini Türk Dövlətləri Təşkilatı ilə məsləhətləşmə yolu ilə həll edəcəklər” – İlham Əliyev bu sözləri həmin görüşdə demişdi. Azərbaycan Prezidentinin Misirə rəsmi səfəri, orada verdiyi ismarıclar Türk Dövlətləri Təşkilatının baxışı kimi də şərh oluna bilər. Gəlin bu yerdə Misir – Türkiyə münasibətləri zəifləyən vaxtlarda, məsələn, Fransa-Misir, Yunanıstan-Misir gəliş-gedişlərinin necə sıxlaşdığını yada salaq. Qardaş Türkiyənin Aralıq dənizində iki gündən bir “NAVTEX” elan etmək zorunda qaldığı, ondan öncə Liviya və Türkiyənin Aralıq dənizində Dəniz Yetki Alanlarının Sınırlandırılması Anlaşması (27.11.2019) imzaladığını yadımıza salaq. Həmin Anlaşmadan 7 ay sonra (06.08.2020) Misirlə Yunanıstan Dəniz Yetki Alanlarının Sınırlandırılması Anlaşmasını imzaladı... Həmin anlaşma imzalanandan 27 gün sonra (02.09.2020-ci ildə) Azərbaycan Prezidenti Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkosun etimadnaməsini qəbul edirdi. “Cənab səfir, mən sizinlə açıq danışacağam. Sözsüz ki, diplomatların özlərinə məxsus ünsiyyət üslubu olur. Mən diplomatlar hazırlayan institutda təhsil almışam. Ona görə də mən diplomatik dilin nə olduğunu bilirəm. Lakin zənnimcə, yaxşı olar ki, harada olduğumuz, nə istədiyimiz və necə irəli getməyimizlə bağlı aydın anlayışa sahib olmaq üçün bir-birimizin mövqelərimizi bilək” deyən Azərbaycan Prezidenti çox vacib mövzulara toxundu. Onlardan biri də Türkiyə və Yunanıstan arasında Şərqi Aralıq dənizi regionunda o dönəmdə baş verən gərginlik idi: “Bu sirr deyil ki, Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir. Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik. Biz eyni dəstəyi türk qardaşlarımızdan da görürük. Onlar Azərbaycanı bütün məsələlərdə dəstəkləyirlər və biz onları bütün məsələlərdə dəstəkləyirik, o cümlədən Şərqi Aralıq dənizində kəşfiyyat məsələsi ilə bağlı. Mən istəyirəm ki, siz bizim mövqeyimizi biləsiniz. Bu mövqe mənim göstərişimlə artıq Azərbaycan hökuməti tərəfindən rəsmi açıqlanmışdır. Sizə bir daha deyə bilərəm ki, Türkiyə bizim üçün təkcə dost yox, qardaş ölkədir və türklər bizim qardaşlarımızdır. Beləliklə, bütün məsələlərdə biz onların yanında olacağıq”.

2013-cü ildən sonra Misir-Türkiyə siyasi bağları müvəqqəti işlər vəkili səviyyəsinə enmişdi. 9 ildən sonra – 2022-ci ilin noyabrında Fütbol üzrə Dünya Kuboku yarışlarına evsahibliyi edən Qətərin Əmiri Təmim bin Həməd Al Saninin vasitəçiliyi ilə Misir və Türkiyə liderlərinin görüşü baş tutdu. Türkiyə və Misir prezidentlərinin Dohada yüksək səviyyəli dialoqa başlaması, bizim qardaş ölkəmizlə dost ölkəmiz arasında münasibətlərdə yeni başlanğıc oldu...

Elə bilirəm, bu xatırlatmalar, Azərbaycan-Misir münasibətlərinin inkişafının digər qardaş, dost ölkələrin, o cümlədən Türk Dövlətləri Təşkilatının da çıxarlarına cavab verdiyini göstərməkdədir...

Qitələrarası Misirlə qitələr qovuşuğunda yerləşən - ərazisindən həm Gündoğar-Günbatar, həm Quzey-Güney daşıma dəhlizlərinin keçdiyi Azərbaycanın işbirliyi yeni uğurlar vəd etməkdədir. Bunu iyunun 8-də Qahirədə imzalanmış Azərbaycan-Misir sənədləri bir daha sübut edir:

- Gənclər və idman sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu;
- Bakı şəhər İcra hakimiyyəti ilə Qahirə Qubernatorluğu arasında dostluq və əməkdaşlıq haqqında Anlaşma Memorandumu;
- Elektrik və bərpaolunan enerji sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu;
- AZPROMO ilə Misir Ərəb Respublikasının Sərmayə və Azad Zonalar üzrə Baş Qurumu arasında 2024-2025-ci illər üzrə Birgə Fəaliyyət Planı;
- Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə Misirin Neft və Mineral Ehtiyatlar Nazirliyi arasında əməkdaşlıq haqqında Niyyət Protokolu;
- Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə Misirin Beynəlxalq Əməkdaşlıq Nazirliyi arasında təcrübə mübadiləsi haqqında Anlaşma Memorandumu;
- İnformasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu.

İmzalanmış sənədlər, əldə edilmiş razılaşmalar ölkələrimiz arasında ticarət dövriyyəsini daha da artıracaq. Energetika, bərpaolunan enerji növlərinin istehsalı, neft sənayesi, əczaçılıq, alüminium sənayesi və b. sahələrdə daha yaxşı sonuclara varmaq mümkün olacaq. Hər bir sahə üzrə işbirliyi isə digər sahələr üzrə işbirliklərini tətikləyir – uğur uğur gətirir...

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Əkbər QOŞALI

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

18 Noyabr 2024

12 Noyabr 2024

08 Noyabr 2024

07 Noyabr 2024

28 Oktyabr 2024

25 Oktyabr 2024

20 Oktyabr 2024

18 Oktyabr 2024

15 Oktyabr 2024

09 Oktyabr 2024

27 Sentyabr 2024

25 Sentyabr 2024

20 Sentyabr 2024

16 Sentyabr 2024

31 Avqust 2024

26 Avqust 2024

25 Avqust 2024

20 Avqust 2024

16 Avqust 2024

08 Avqust 2024

02 Avqust 2024

30 Iyul 2024

28 Iyul 2024

21 Iyul 2024

18 Iyul 2024

13 Iyul 2024

12 Iyul 2024

08 Iyul 2024

05 Iyul 2024

26 Iyun 2024