Onlayn ictimai-siyasi qəzet
Martın 3-də 11-ci siniflər buraxılış imtahanı verdi. Əlbəttə, heç bir işi 100 faiz, ideal təşkil etmək mümkün deyil. Ümumilikdə, ölkədə Dövlət İmtahan Mərkəzinin fəaliyyəti qənaətbəxş hesab oluna bilər, ancaq insan amili olan yerdə neqativlər həmişə var. Problem odur ki, bu neqativ bir insanın taleyi ilə oynaya, qurduğu planları, arzularını darmadağın edə bilər. Müstəqil həyata ilk addımlarını atan vətəndaş heç bir günahı olmadığı halda haqsızlığa uğrayırsa, bu o deməkdir ki, cəmiyyətdə daha bir travmalı, inamı sarsılmış insan artmış olur.
3 martda qızım Məmmədli Gültək Elşad qızı Saray qəsəbəsi, 2 saylı orta məktəbdə, 4733 saylı otaqda buraxılış imtahanı verdi. Əvvəla deyim, yüksək nəticə göstərib, 85 sualdan 79-na doğru cavab yazıb. Uşaq illərdir gecə-gündüz yatmır və qarşısına qoyduğu məqsəd Tibb Universitetinə daxil olmaqdır.
İmtahandan çıxanda gördüm ağlayır. Soruşdum nə olub? Dedi 100 faiz hazır olduğum dinləmə mətninə dair sualları cavablandıra bilməməyim DİM-in nəzarətçisinin səhlənkarlığının, məsuliyyətsizliyinin nəticəsidir. Bunun ucbatından stress yaşayıb bütün uşaqlar, yarım saat vaxt itib və qızım o biri 4 sualı da bu üzdən cavablandırmaq vaxtını itirib. Belə ki, imtahanda ingilis dilindən səsləndirilən sualla (listinq, dinləmə mətni) bağlı texniki qüsur baş verib, mətni səsləndirən audioqurğu normal işləməyib, sualı dinləmək mümkün olmayıb, səs itib, qırılıb. Uşaqlar nəzarətçidən yeni maqnitofon gətirməyi, rəhbərliyə məlumat verməyi tələb ediblər, əhəmiyyət verməyib, əksinə, təhdid tonunda bozarıb ki, "dinməyin, yazınızı yazın". Uşaq elə bu andan stressə düşüb imtahanda, o və bir neçə qız əsəblərindən ağlayıblar, tələbləri isə zaman itkisindən başqa bir şeylə nəticələnməyib, əhəmiyyət verilməyib. Bu, çox ciddi məsələdir. Ümumi 10 bala yaxın fərq edir. Yekunda bəzən 1 bal da həlledici olur, bir insanın taleyidir bu 10 bal! DİM-dən bu məsələni araşdırmağı, həmin 2 sualla bağlı apelyasiya təşkil etməyi dərhal xahiş və tələb etdim. Yeri gəlmişkən, Saray 2 saylı məktəbdə həmin gün digər imtahan zallarında da audioqurğu problemi yaşanıb. Habelə, DİM-in səhifəsində bir çox valideynlər digər məktəblərdə də analoji problemlə qarşılaşdıqlarını yazıblar.
Bu nasaz qurğularla imtahan zallarını hansı şirkət təmin edib? Niyə nasaz qurğular alınıb? Kimin şirkətidir bu?..
DİM-in sözçüsü, hörmətli Xanlar Xanlarzadə ilə əlaqə saxladım, elə imtahan günü diqqət göstərək, məsələnin araşdırılacağını dedi. İlkin araşdırma aparılıb və hörmətli Xanlar müəllimə verilən, onun da mənə söylədiyi cavab budur: Bəli, audioqurğuda nasazlıq olub. Ancaq nəzarətçi izahatında bildirib, həmçinin protokolda da yazıbmış ki, otağa digər imtahan zalından audioqurğu gətirilib, uşaqlara yenidən dinlətdirilib, itirdikləri vaxta görə əlavə vaxt da verilib...
Heyrət etdim, axı nəzarətçi, imtahan rəhbəri yanlış məlumat verib, doğruları deməyiblər! Ən azı tanıdığım 5 ailənin uşağı orada imtahan verib. Hamısı eyni şeyi deyir ki, əlavə qurğu gətirilməyib və əlavə vaxt da verilməyib. Və mənim qızım ömründə bir dəfə də yalan danışmayıb və bu, mümkün deyil! Təbii, nəzarətçi doğruları, özünün, imtahana məsul şəxslərin günahkar olduğunu deməyəcəkdi, özünümüdafiə instinki hər kəsdə var.
Əlavə vaxt verilməsi də doğru deyil, çünki qızımı saat 14:08-də məktəbin həyətində şəxsən qarşılamışam. İmtahan 14-də bitən kimi nəzarətçi hamısını yola salıb.
İndi bizə təklif edirlər rəsmi cavabların açıqlanmasını gözləyək, apelyasiya şikayəti verək. Edəcəyik, bu işin sonunadək gedəcəm. Hətta digər valideynlər nədənsə çəkinə bilər, amma mən qızımın 1 sutkadır ağlamasına dözə bilmirəm. Uşağa niyə belə travma yaşadırsınız? Niyə bir insan hansısa səhlənkarlığın, imtahan rəhbərinin məsuliyyətsizliyinin, bir gün öncədən gəlib audioqurğunun işləyib-işləmədiyini yoxlamamasının acısını yaşamalıdır?! Axı onun heç bir günahı yoxdur! İstənilən komissiya qarşısında yenidən o səsli mətnli suala cavab verəcəyinə əmindir qızım. Məhz bundan ötrü ingilis dili fənnindən əsas repetitoru ilə yanaşı, digər bir müəllim də hazırlaşdırıb.
İlk addımını atan adamlara belə stress yaşatmaq cəmiyyətə zərbədir. Bütün hallarda uşaqların bu travmanı yaşamaması üçün audioqurğunun işləmədiyi etiraf olunduğu halda, həmin sualların balları avtomatik o uşaqların ümumi balına əlavə olunmalıdır. Hüquqda bu kimi hallarda məsələ məhz vətəndaşın xeyrinə həll edilir.
Heç bir məsuliyyəti, günahı olmayan gənclə sərt davranmaqla, haqqını əlindən almaqla, protokolda doğruları deyil, özünümüdafiəni əks etdirməklə, cəmiyyətə, təhsilə, vətəndaşa ancaq zərbə vurmaq, onu sarsıtmaq, küsdürmək olar. Bu, mənəvi cinayətdir, bir insanın taleyi ilə “texinkadır, işləmədi də” deməklə oynamaq olmaz. Texnikanı taleyüklü işə istifadə edəndə, onu öncədən yoxlamaq lazım idi. Əgər səhlənkarlıq edilibsə, bunun acısını şagird, məzun, gəncin yaşaması ədalət, insan haqları prinsiplərinin pozulmasıdır.
Elşad MƏMMƏDLİ
Musavat.com
03 Oktyabr 2024
24 Sentyabr 2024
03 Sentyabr 2024
30 Avqust 2024
25 Aprel 2024
30 Mart 2024
14 Mart 2024
06 Mart 2024
04 Mart 2024
01 Mart 2024
29 Fevral 2024
23 Fevral 2024
21 Fevral 2024
20 Fevral 2024
16 Fevral 2024
24 Yanvar 2024
05 Oktyabr 2023
23 Sentyabr 2023
22 Sentyabr 2023
19 Sentyabr 2023
06 Avqust 2023
04 Avqust 2023
21 Iyul 2023
16 Iyul 2023
15 Iyul 2023
13 Iyul 2023
21 Iyun 2023
16 Iyun 2023
09 Iyun 2023
08 Iyun 2023
ŞƏRHLƏRŞƏRH YAZ