İnsanlara hürriyət, millətlərə istiqlal!

Toyu yasa döndərənlər – karvanlara məhdudiyyət qoyulsun!

Hər birimiz şahidi olmuşuq: “Gəlingətirdi” zamanı maşın karvanında bir neçə dəliqanlı sürət yarışına çıxır. Onları durdurmaq, ayağını qazdan aralamaq olmur. Bu onu ötür, o bunu, biri daşlıqdan keçir, başqası əks yola çıxaraq özünü bəy-gəlin maşınının bərabərinə yetirir. Kimisə maşının iki təkər üstə qaldırır. Beləcə, toya gedən insanlar elə buradaca stress yaşamağa başlayır. Hətta məhz bu ötüşməyə görə yaranan gərginlik şadlıq evində əlbəyaxaya davaya da çevrilir və s.
Bunlar necə deyərlər, “toya getməlidir”. Bəzən də toy karvanında avtoxuliqanlıq dəhşətli qəzalarla, ölümlərlə nəticələnir. Camaatın toyu vaya dönür...

Son belə faciə sentyabrın 24-də baş verib. Cəlilabad rayonunun Göytəpə şəhərinə Ağcəbədi rayonundan gəlin gətirən toy karvanında iştirak edən "VAZ 21124" markalı minik avtomobilini idarə edən şəxs dönmə əməliyyatında sürəti azalda bilməyərək onu "MAN" markalı yük avtomobilinə çırpıb.

Sürücü - 1994-cü il təvəllüdlü Hüseynov Pərviz Allahşükür oğlu və üç sərnişin - 1990-ci il təvəllüdlü Hüseynova Aidə Yasər qızı, 1958-ci il təvəllüdlü Hüseynova Mehriban Hüseyn qızı və 1995-ci il təvəllüdlü İsayev Vasif Əkbər oğlu hadisə yerində ölüb. Onların meyiti FHN-nin müvafiq qüvvələri tərəfindən avtomobildən çıxarılıb. Avtomobildə olan daha bir şəxs isə, 1991-ci il təvəllüdlü Hüseynova Xoşbəxt Akif qızı ağır vəziyyətdə Biləsuvar Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin onun da həyatını xilas etmək mümkün olmayıb.
Ölənlər hamısı qohumdur, Cəlilabad rayonunun Göytəpə şəhər sakinləridir. Dünyasını dəyişən X. Hüseynova isə toyu olacaq bəyin bacısıdır.

Dəhşətin miqyasını təsəvvür, sözlə ifadə etmək mümkün deyil! Sözün əsl mənasında bir sürücü bir nəsli vaya salıb!

Bir insanın ömrünün ən özəl, ən gözəl günüdür toy. Ata-ana, bacı-qardaş, bəy, gəlin səbirsizliklə bu büsatı gözləyir, illərlə xəyallar qurur. Və toy günü bir özünü və maşını idarə edə bilməyən adam toyu yasa döndərir. Bu dəhşətin peşmançılığını nə qədər yaşayacaq toy sahibləri, bilirsiniz? Nə qədər tənələr də eşidəcəklər...

Bu toy karvanının nə müsbət mənası var axı? Niyə insanlar 20-30 maşın toplaşıb təhdid, həyəcan, qanqaraçılıq sala-sala toya gəlib-getməlidir? Maksimum 3 maşınla gəlin və bəyi ən yaxın çevrəsi müşayiət edərək şadlıq evinə, yaxud yaşadığı ünvana gətirməlidir.

Uzun illərdir müşahidə edirik ki, toy karvanlarında emosiyalar yüksəlir, sürət yarışı təşkil olunur və bədbəxt hadisələr baş verir, ictimai qınaq, polisin çağırışları da eşidilmir. Toy sahiblərinin maşını asta sürmək, avtomobildəki adamların qışqırtılarına məhəl qoymayaraq avtoxuliqanlıq etmək “ənənəsi” aradan qalxmır.  
Ağır nəticələrlə yanaşı, biz həmçinin onu da illərdir görürük ki, paytaxtda bu toy karvanları onsuz da tıxaclı olan yolları xüsusən də pik saatlarda iflic edirlər. 

Onsuz da iş yükü çox olan polis əməkdaşlarına da bir əlavə problemlər yaradır bu amansız karvanlar...


İnsanlar təhlükəli və xoşagəlməz əməllərdən ictimai qınaqla, ağsaqqal-qarasaqqal sözü ilə çəkinməyəndə mütləq şəkildə inzibati metodların tətbiqinə başlanılmalıdır.

Bir ictimai xadim, redaktor, QHT rəhbəri kimi DİN rəhbərliyindən toy karvanlarına məhdudiyyət qoymağı xahiş edirəm. Çünki toy sahibləri, ağsaqqallar – cəmiyyət özü bu prosesi tənzimləyə bilmədi.

Dəhşətli faciələr, yarımçıq kəsilən ömürlər üst-üstə gəlməsin deyə, toy karvanı ilə bağlı konkret normalar qoyulmalı və sərt cəzalar tətbiq edilməlidir.

Bu gün toy karvanında ötüşmə düz 5 nəfərin həyatını sonlandırıb. Yeni qurulan ailənin də xoşbəxtliyi elə buradaca ömürlük əlindən alınıb! Onlar ömrü boyu bunun acı təsirindən qurtula bilməyəcəklər. Nə qədər də adam gözüyaşlı, yetim, boynubükük qalıb.
Əgər bu canalan karvanlara məhdudiyyət qoyulmasa, sabah, birigün də bu kimi olaylar yenə təkrarlanacaq. Çünki bütün vətəndaşların baş verən bu olaydan nəticə çıxarıb normal maşın sürəcəyi nağıldır. Mümkün deyil, olmayacaq. Ətrafa baxaq, insanlar getdikcə aqressivləşir, səbirsizləşir, məsuliyyətsizləşir və s. Odur ki, uyğun qaydada bu işə əncam çəkilməlidir. Neçə-neçə toylar yasa çevrilmədən, daha çox həyatlara son qoyulmadan toy karvanlarına məhdudiyyət tətbiq edilməlidir. Başqa yolu görünmür...

 Elşad MƏMMƏDLİ

"Yeni Müsavat"

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR