Onlayn ictimai-siyasi qəzet
Rusiyadan fərqli olaraq Türkiyə də, Azərbaycan da imzasına hörmət edən dövlətdir – Şuşa Bəyannaməsi hər an qüvvədədir!
Rusiya imza atdığı müqavilələrə, daha dəqiq ifadə etsək, öz imzasına hörmət qoymur. Əslində, bu çox da təəccüblü bir məsələ deyil. Çünki hələ təxminən 30 il öncə Çeçenistan lideri olmuş Cövhər Dudayevin “Ruslarla bağlanan müqavilə, suya yazılan yazı kimidir” fikri bütün dünyada məşhurdur. Zaman ötsə də, Rusiyada rəhbərlər, idarəedicilər dəyişsə də, Kremlin mahiyyəti qətiyyən dəyişməyib...
Bunu Azərbaycan Prezidenti İlham Əliyev, Avropa Şurasının sədri Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə Brüsseldə keçirilən son üçtərəfli görüş ərəfəsində Rusiya Xarici İşlər Nazirliyinin Dağlıq Qarabağ ətrafındakı vəziyyətlə bağlı bəyanatı bir daha təsdiq etdi.
Brüsseldə çox mühüm bir müzakirə oldu, Ş.Mişelin açıqlaması da təsdiq edir ki, Avropada baş tutan görüşdə kifayət qədər pozitiv çalarlar, anlaşmalar var. Mişel bildirib ki, “müzakirələr yenə də səmimi, dürüst və məzmunlu olub”.
“Biz Ermənistan ilə Azərbaycan arasında danışıqların ən əhatəli və mürəkkəb mərhələlərindən birini keçirik. Mən liderləri sülh prosesinə güclü sadiqliklərinə görə təqdir etdim. Mən onları normallaşma yolunda qəti və dönməz irəliləyişi təmin etmək üçün daha cəsarətli addımlar atmağa çağırdım. Baxmayaraq ki, görüşümüz gərginliyin artması fonunda baş tutdu, mən siyasi müzakirələrdə və səylərdə mühüm irəliləyiş olduğunu qeyd etdim” – deyə, o bildirib.
Onun pozitiv açıqlamalarından sitatlar:
- Ermənistan və Azərbaycan liderləri Ermənistanın 29,8 min kvadratkilometr, Azərbaycanın isə 86,6 min kvadratkilometr olmaqla ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşdıqlarını bir daha qəti şəkildə təsdiqlədilər.
- Hər iki lider delimitasiya üçün siyasi çərçivə kimi 1991-ci il “Alma-Ata Bəyannaməsi”nə birmənalı sadiqliklərini bir daha təsdiq etdilər.
Mən hər iki sərhəd komissiyasının 12 iyul tarixli iclasını alqışladım. Bu komissiyaların nizamnaməsi və sərhədlərin müəyyənləşdirilməsinin əsasları ilə bağlı müzakirələrdə irəliləyiş əldə edilib.
Ən mühümü isə odur ki, liderlər komissiyaların işini intensivləşdirmək və sürətləndirmək barədə razılığa gəliblər... Tərəflər son iki ay ərzində regionda nəqliyyat və iqtisadi əlaqələrin bərpasına yönəlmiş müzakirələrdə də aşkar irəliləyişə nail olublar. Biz suverenlik, yurisdiksiya və qarşılıqlılıq prinsiplərinə cavab verən gələcək nəqliyyat razılaşmalarının şərtlərini müzakirə etdik.
-Dəmir yolu xəttinin tikintisinə dərhal başlanılmalıdır. Avropa İttifaqı maliyyə töhfəsi verməyə hazır olacaq. Bəzi detallar hələ də aydınlaşdırma tələb edir, lakin bu mövzuda indi mövqelər yaxınlaşır və variantlar fəal şəkildə araşdırılır.
-Mən Laçın yolunun açılmasının vacibliyini vurğuladım. Mən Azərbaycanın Ağdamdan humanitar yardımları təmin etmək istəyini də qeyd etdim. Mən hər iki variantı vacib hesab edirəm və əhalinin ehtiyaclarının təmin olunması üçün hər iki tərəfdən humanitar yardımların çatdırılmasını dəstəkləyirəm.
-Yerli əhalinin ilk növbədə hüquqlarının və təhlükəsizliyinin təmin olunmasına ehtiyacı var. Mən bu kontekstdə Avropa İttifaqının Bakı ilə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində yaşayan ermənilərin nümayəndələri arasında birbaşa dialoqu dəstəklədiyini bildirdim. Bu dialoq bütün tərəflər üçün çox vacib olan etimadı təmin etməlidir...
***
Göründüyü kimi, bütün parametrlər üzrə danışıqlar məhz Azərbaycanın maraqları, tələbləri və regionda diqtə etdiyi tendensiya üzrə inkişaf edir. Nəticələr də məhz bu çərçivədə olacaq.
Bəs bundan duyuq düşən Rusiya nə etdi?
Ermənistanda revanişistləri, Qarabağda sülhməramlı kontingentin müvəqqəti nəzarətində olar radikal separatçıları qızışdırmağa – nəticə etibarı ilə pozitivləri neqativə çevirməyə hədəflənən bir bəyanat yaydı.
Məkrə baxın: Bəyanatda qeyd olunur ki, “Ermənistan 2022-ci ilin oktyabrında və 2023-cü ilin mayında Avropa İttifaqının himayəsi altında keçirilən sammitlərdə Dağlıq Qarabağı (?!) Azərbaycan ərazisinin bir hissəsi kimi tanıyıb. Rusiya hökuməti Ermənistanın suveren qərarına hörmət etsə də, bu tanınmanın Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli bəyanatının imzalandığı şərtləri və bölgədə yerləşən Rusiya sülhməramlı kontingentinin statusunu əsaslı şəkildə dəyişdirdiyini vurğulayıb”.
Bu nə deməkdir? Əvvəla, Azərbaycanda Dağlıq Qarabağ adlı inzibati ərazi vahidi yoxdur! İkincisi, Rusiya özü də Qarabağ daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini rəsmən tanıyıb. O cümlədən bütün dünya! Bəs indi bu nə saxtakarlıq, fitnəçilikdir?!
Rusiya Laçın yolundan terrorçuların qanunsuz məqsədlərlə istifadə etməsi məqamını, sülhməramlıların bu işdə separatçılara dəstək verdiyini “unudaraq” kor-təbii şəkildə “Laçın dəhlizinin açılması istiqamətində dərhal addımların atılmasını tövsiyə edib”.
Kreml bunu niyə edir? Çünki Brüsseldə Azərbaycan tələb qoyub ki, Xankəndiyə, erməni əhaliyə humanitar yüklər Ağdamdan daşınsın. Bu istiqamətdə müzakirə başlayıb, Ermənistandan, Xankəndidəki erməni əhalidən də buna etiraz olmayıb.
Bəs Rusiya niyə ancaq Laçın yolu deyib dayanır? Bu da növbəti fitnəçilikdir, vəziyyətin daim gərgin qalması üçün tryukdur...
Rusiya elə hesab edirmiş ki, onun hüquqdan, məntiqdən kənar və hətta təhdid xarakterli bəyanatına Azərbaycan sakit qalacaq...
Ancaq cavab çox sərt oldu. Azərbaycan XİN-in bəyanatında konkret deyildi ki, “Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin üçtərəfli bəyanatı və sülh prosesini şərh edən 15 iyul 2023-cü il tarixli bəyanatı anlaşılmazlıq və məyusluq doğurur. Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin bu bəyanatı Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannaməyə və Rusiya Federasiyası Prezidenti Vladimir Putin tərəfindən Qarabağ bölgəsi daxil olmaqla Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyən çıxışları ilə uyğunsuzluq təşkil edir”...
Təbii, XİN diplomatik çərçivələri qoruyaraq cavab verib.
Biz isə bir təhlilçi olaraq ictimai yanaşmada Rusiyanın bu mövqeyini öz imzasına, öz dövlət dəyərlərinə hörmət etməməsi kimi qiymətləndirə bilərik.
Əvvəla, bununla Rusiya 2020-ci il 10 noyabr Üçtərəfli Bəyanatındakı imzasına hörmət eləmir. Rusiya bugünədək həmin bəyanata uyğun olaraq separatçıları neytrallaşdırmalı, qanunsuz silahlı dəstələri zərərsizləşdirməli idi. Bunu etməyib, əksinə, separatçılara qanunsuz olaraq yüklər daşıyıb, onlara hərbi dəstək verib.
Ermənilərin bu günlərdə Xankəndidə təşkil etdikləri aksiya zamanı aydın göründü ki, Rusiya sülhməramlı kontingentin qərargahı önündə Rusiya bayrağı ilə yanaşı Ermənistan bayrağı və separatçı rejimin əsgi parçası asılıb. Bu, Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə qarşı hörmətsizlikdir.
Hansı ki, Azərbaycan və Rusiya arasında 2022-ci ilin fevralında - Azərbaycan prezidenti İlham Əliyev və Rusiya prezidenti Vladimir Putinin Kremldəki görüşündə müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə imzalanıb. Sənəddə aydın yazılıb ki, ölkələr öz ərazilərində təşkilatların və şəxslərin digər tərəfin dövlət suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısını qətiyyətli surətdə alırlar.
“Onlar həmçinin təhlükəsizliyin təmin edilməsi, sülhün və sabitliyin qorunub-saxlanması məqsədilə bir-birinə BMT Nizamnaməsi, ayrı-ayrı beynəlxalq müqavilələr əsasında və tərəflərdən hər birinin beynəlxalq-hüquqi öhdəliklərini nəzərə almaqla hərbi yardım göstərilməsi imkanını nəzərdən keçirə bilərlər.
Ölkələr beynəlxalq terrorçuluq, ekstremizm və separatçılıq təhdidlərinə, transmilli mütəşəkkil cinayətkarlığa, silahların, narkotik vasitələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə, insan alveri və informasiya-kommunikasiya texnologiyaları sahəsində cinayətlərə, eləcə də digər yeni təhlükəsizlik çağırışlarına qarşı mübarizədə və onların neytrallaşdırılmasında səylərini birləşdirirlər.
Rusiya və Azərbaycan digər tərəfin maraqlarına birbaşa və ya dolayı zərər vuran hər hansı iqtisadi fəaliyyətlərin həyata keçirilməsindən çəkinəcəklər” və s...
Hanı? Rusiya öz imzaladığı müqavilələri ya “yadından çıxarıb”, ya bunları hüquqi qüvvəsi olmayan sənəd hesab edir, ya da məsələ məhz Cövhər Dudayevin dediyi kimidir...
Rusiya faktiki olaraq bu davranışı ilə bölgədə sülh, sabitlik olmaması üçün əlindən gələn hər şeyi etdiyini və edəcəyini etiraf etmiş olub. Əlbəttə, Rusiya Ermənistanı qızışdırmaqla nələrəsə nail ola bilər. Ancaq hara və nə vaxta qədər?
Kreml nəzərə almalıdır ki, Ukrayna müharbəsindən dolayı dünya onu məngənəyə salıb. İndi Rusiyaya Azərbaycan və Türkiyə çox lazımdır. Bunu unudurlarsa, deməli, Rusiyada vəziyyət doğrudan “ruscadır” və ölkə xaosa doğru addımlayır, bu periodda ancaq konfliktlər çıxarmaqla hansısa oyunlar qurmağa çalışırlar.
Amma unutmamalı olduqları bir məqam var: Daha 90-cı illər deyil. Ortada Şuşa Bəyannaməsi var və lazımi anda işə düşəcək...
Rusiyadan fərqli olaraq Türkiyə də, Azərbaycan da imzasına hörmət edən dövlətdir...
Elşad MƏMMƏDLİ
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ