İnsanlara hürriyət, millətlərə istiqlal!

Seçkidə nə baş verdi - təşviqat kampaniyasında gördüklərim

1 sentyabr növbədənkənar parlament seçkilərinin keçirilməsinə cəmi 1 gün qalır. Artıq seçkiöncəsi təbliğat-təşviqat kampaniyasının son günüdür.
Seçki bir hüquq, seçim, bir haqqdır. Cəmiyyətlər, dövlətlər əsasən seçkilərlə, seçimlərlə idarə olunur, bu, insan övladının müəyyən edə bildiyi ən mükəmməl siyasi texnologiya hesab oluna bilər. Alternativi görünmür.

Seçki necə keçir, necə keçirilir, bu hər dövlətin, toplumun öz xarakterinə uyğun bir məsələdir. Fakt bundan ibarətdir ki, dünyada ideal heç nə olmadığı kimi, ideal seçki də heç yerdə mövcud deyil. ABŞ-da da, Norveçdə də, Fransada da seçkidə müəyyən çatışmazlıqlar, qüsurlar olur.

Bəs bu dəfə seçki kampaniyası Azərbaycanda necə keçdi?

Bunu həm real, həm də virtual məkandan kifayət qədər izləməyə çalışdım.

457316062_520796450630515_2160205227074132645_n.jpg (413 KB)

Əksər dairələrdə seçki kampaniyasının xüsusi fəallıqla keçməsinin şahidi olmadım. Amma obyektivlik naminə vurğulamalıyam ki, bir sıra dairələrdə favorit, parlaq seçki kampaniyası aparan namizədlər oldu. Onların işi həm dairə ərazisində, seçicilərlə intensiv görüşlərdə göründü, həm sosial şəbəkələrdə, həm də mediada.
Məsələn, deputatlığa namizədlərdən Azay Quliyev, Əli Hüseynli, Zahid Oruc, Fazil Mustafa, Vüqar Rəhimzadə, Qüdrət Həsənquliyev, Elçin Mirzəbəyli, Tənzilə Rüstəmxanlı, Şəhriyar Məcidzadə nəzərəçarpacaq dərəcədə fəal seçki təşviqatı apardılar.

Onların əksərinin seçki prosesini əsasən media və sosial şəbəkələrdən izləyə bildim.

8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd Azay Quliyevin seçki kampaniyasını isə birbaşa, seçicilərlə görüşlərinə müşahidəçi, jurnalist qismində qatılaraq canlı izləmişəm.

Bakıda bu dairəni izləməyim təsadüfi deyildi. Çünki seçkilərdə iştirak qərarı verən siyasi partiyaların – müxalif təşkilatların əksərinin 8 saylı dairədən namizədləri vardı: Müsavat Partiyasından Mustafa Hacıbəyli, Ümiddən Tamilla Qulami, GAP-dan Ağasif Şakiroğlu, KXCP-dən Rəşid Əliyev, Milli Cəbhə Partiyasından Sənan Daşdəmirli və ümumilikdə, 11 namizəd...

Ona görə bu dairədə seçki prosesinin maraqlı olacağını yəqin etdim və izləməyə qərar verdim.

Ümumi olaraq gəldiyim qənaət bu oldu: Siyasi partiyaların adları qeyd olunan namizədləri dairə ərazisində heç bir nəzərəçarpan təşviqat kampaniyası qura, insanlarla kütləvi, intensiv fərdi görüşlər keçirə bilmədilər. Onların fəaliyyəti ancaq sosial şəbəkələrdə öz təbliğatlarını qurmağa yox, əsasən Azay Quliyevə qarşı kampaniya aparmaqdan ibarət oldu. Hətta qarayaxmadan da çəkinmədilər. Məsələn, Azay Quliyevin adını elə bir şəxslə əlaqələndirib qara piar aparırdılar ki, siyasi dəngələri bildiyimdən bunu necə uydurmalarından heyrətlənməyə bilmirdim... Və yaxud gerçək seçkilərə heç bir aidiyyəti olmayan “onlayn səsvermə”ni tamamilə primitiv şouya çevirənlər, hətta saytlardan birinin keçirdiyi səsvermədə Azay Quliyevin 3627 səslə hamıdan öndə olduğu halda özlərini birinci elan edərək gülünc vəziyyətə düşənlər də oldu.

Bu isə bu cür namizədlərin nə qədər qərəzli, eyni zamanda qeyri-peşəkar və yetənəksiz olduqlarını göstərirdi.
Azay Quliyev isə təmkin nümayiş etdirdi və bununla o, nüfuzunu bir qədər də artırmış oldu: Nə özü, nə qərargahının üzvləri bu cür qarayaxmalara qətiyyən əhəmiyyət vermədilər, ümumiyyətlə onlara baş qoşmadılar, kimsənin də əleyhinə bir söz söyləmədilər. Yalnız öz seçki kampaniyalarını aparırdılar...

8 saylı dairədə Quliyevin Seçki Qərargahı kifayət qədər aktiv, səliqəli işlədi. Azay Quliyev seçki təşviqatına start verildiyi gündən sonadək Tennis Akademiyasında seçicilərlə ümumi görüşlər təşkil etdi. Hər görüşə 150-250 arasında seçici qatılırdı. Hansı ki, ölkə üzrə namizədlərin əksərinin keçirdiyi görüşlərə bunun heç yarısı qədər adam toplanmırdı. Bundan başqa, son 4 ildə olduğu kimi kampaniyanın son günlərində Azay müəllimin seçicilərilə onların həyətlərində və məhəllələrində də çox səmimi və coşğulu görüşləri oldu.

Görüşlər şablon olmurdu, seçicilərlə interaktiv müzakirələr aparılırdı, hesabat təqdim edilirdi, seçicilərin ən müxtəlif suallarına cavab verilirdi. Bir çox fəal, ictimai-siyasi həyatla maraqlanan seçicilər Azay Quliyevin deputat kimi fəaliyyəti, o cümlədən ATƏT PA-da nümayəndə heyətimizin rəhbəri və qurumun komitə sədri kimi beynəlxalq aləmdə gördüyü işlərdən də məmnunluqlarını ifadə edirdilər...

455034118_1005467711036631_6982773963116113160_n.jpg (184 KB)
Bəzi alternativləri isə özlərini təbliğ etməyin mümkünsüzlüyü səbəbindən sosial şəbəkələrdə yazırdı ki, Azay Quliyev ötən çağırış parlamentdə də 8 saylı dairədən deputat idi, nə iş görüb?

Görünür, təcrübəli və məsuliyyətli deputat kimi Azay Quliyev belə sualların ünvanlanacağını bildiyi üçün seçki kampaniyasına məhz ötən 4 ilin geniş hesabatı ilə başlamışdı. Həmin hesabatın video variantı da hazırlanmışdı, insanlar girib tanış olurdu: https://www.youtube.com/watch?v=V7F8Gu3pXXg
Düzü, bu işlərin bir çoxunun xəbərini hələ 2020-2024-cü illər ərzində şəxsən özüm çalışdığım media orqanında vermişəm. Ona görə də “Azay Quliyev ötən dövrdə nə iş gördü” sualı qeyri-ciddi görünürdü.

 

100-dən çox xəbərin linkini paylaşa bilərəm ki, A.Quliyev keçən 4 ildə məhəllə-məhəllə seçiciləri ilə görüşərək, onları problemlərini dinləyib, müvafiq qurumların rəhbər şəxslərini həmin görüşlərə dəvət edib və məsələlərin bir çoxu elə yerindəcə həll olunub.

Bunu əks etdirən yazıların bir neçəsini fakt kimi təqdim edə bilərəm:

- https://musavat.com/mobile/news/azay-quliyev-secicilerile-gorusdu-problemler-memurlarla-birge-muzakire-olundu_922174.html

- https://musavat.com/news/azay-quliyev-secicilerile-gorusdu-problemlere-dair-qerarlar-verildi_1075543.html

- https://musavat.com/mobile/news/azay-quliyev-secicilerinin-problemlerini-dinledi-qerarlar-verildi_986308.html

- https://musavat.com/news/azay-quliyev-secicilerile-gorusub_833025.html

- https://musavat.com/news/azay-quliyev-secicilerile-gorusdu-problemlerin-helline-dair-gosteris-verildi_971491.html

- https://musavat.com/mobile/news/azay-quliyev-secicilerile-gorus-kecirib_824945.html

- https://musavat.com/mobile/news/azay-quliyev-secicilerile-gorusdu-problemlere-dair-qerarlar-verildi-fotolar_1044891.html

- https://musavat.com/news/azay-quliyev-secicilerle-videogorus-kecirib_732091.html

Bu xəbərlərə baxanda aydın olur ki, deputat ağır pandemiya şəraitində, yayın istisində, qışın soyuğunda seçicilərinin yanında olub.
Belə xəbərlər qeyd etdiyim kimi, onlarladır. İstəsəniz “google”da axtarış verin, hamısı ilə tanış olun...

Şübhəsiz, buna görə idi ki, seçki kampaniyası dövründə görüşə gələn seçicilərin Azay Quliyevə açıq dəstəyi və səmimiliyi aydın sezilirdi.
Seçici pafoslu şüarlara “toxdur”. Onun real iş görə bilən, problemlərini həll etmək üçün əlçatan olan, seçicisini unutmayan və artıq sınaqdan çıxan deputata-namizədə ehtiyacı var.

Bu səbəblərdən Azay Quliyev 8 saylı dairədə sözün həqiqi mənasında nümunəvi bir seçki kampaniyasını həyata keçirdi.
Təsəvvür edin, siyasi təşkilatların namizədlərinin var-yoxluğu belə bilinmədi. Hansı ki, namizədlər müəyyən qədər ictimai-siyasi çevrədə tanınan adamlar idi, amma yenə də bir iş görə, hətta rəqib olduqları görüntüsünü yarada bilmədilər.
Beləliklə, 8 saylı dairədə Azay Quliyevin timsalında maraqlı bir seçki kampaniyası baş tutdu.
1 sentyabrda isə bu reallıqları əyani görən seçici sözünü məntəqədə deyəcək...

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR