Onlayn ictimai-siyasi qəzet
İllərdir deyilir ki, hər gün səhər əzablı yollarla Sumqayıtdan, Xırdalandan, Ceyranbatandan, Saraydan, Masazırdan Bakıya işə gələn və eyni məşəqqətlə geri qayıdan 10 minlərlə vətəndaş yazıqdır, onların nəqliyyat probleminə, saatlarla tıxacda qalması məsələsinə bir əncam çəkin. Vətəndaşlar baxırdılar ki, müvafiq qurumların vecinə deyil, özlərinə qismən çıxış yolu tapmışdılar, 1 manatlıq taksilərlə gəlib gedirdilər.
Vətəndaşların özlərinin tapdığı çıxış yolunu da AYNA adlı qurum onlara çox görüb. İndi insanların bircə variantı var, Sumqayıta, Xırdalana piyada getmək. AYNA piyada zolağı yaratsa, adamlar qaça-qaça gedə bilərmi görəsən?! Bu məşəqqətə tamaşa etməkdən zövq alanlar kimlərdir görəsən...
Manatlıq taksilər, səhər-axşam Bakıya şəxsi maşını ilə gəlib-gedəndə yolüstü adam götürənlər yoxa çıxıb, çünki yolda dayanmaq mümkünsüzdür, Tiflis prospektinə avtobus zolaqları çəkiblər.
Yeri gəlmişkən, avtobus zolaqları yaratmaq doğru işdir, amma indiki kimi eybəcər olmamalı idi bu plan. Təsəvvür edin, qəfil maşınında birinin halı pisləşir, yaxud maşın xarab olur, kənara çıxmaq istəyirsən, kənarda zolaq, ondan o yana dayanmağa yer də yox. Məcburi dayanmaya görə 100 manat cərimələnirsən! Gedin baxın Türkiyədə - İstanbulda bu xüsusi zolağı necə çəkiblər? Çox çətindir dünya təcrübəsini öyrənmək? Gərək özünüzdən Amerika icad edəsiniz?!
Əlbəttə, 20 yanvarda xaotik durum aradan qaldırılmalıdır. Amma vallah, billah, hazırda görülən işlər vəziyyəti daha da pisləşdirir. Günlərdir onsuz da əsələri tarıma çəkilmiş adamlar yollarda qalıb.
Narazılıq bildirən insanlara deyirlər ki, Sumqayıta avtovağzaldan gedin. Avtovağzala isə metro xətti birbaşa yoxdur. Kasıb əhali indi 20 yanvardan da avtobusa hər gün 1 manat verib avtovağzala getsin və 20 yanvara gəlsin? Bəs Masazıra, Xırdalana gedənlər nə etsin? Normal avtobuslar, normal qrafik yoxdur axı...
Avtobus zolaqları isə tıxacların aradan qalxmasına səbəb olmayıb, əksinə, təkan verib. Bu zolaqların bircə AA seriyalı maşınlara faydası var tıxacda, orada şütüyürlər...
Qismən çıxış yolu kimi, 20 yanvarda, Velotrekin arxasında Sumqayıta, Masazıra, Xırdalana getmək üçün daim hərəkətli, dayanma-durma avtomatik 3-5 dəqiqə təşkil edilən bir məntəqə yaratmaq lazımdır.
Bakı-Sumqayıt yolunda tıxacı azaltmaq üçün də - Bakıya gələrkən avtovağzala çatmamış Yasamala və eyni zamanda Biləcəri-Binəqədi yoluna doğru yeni birbaşa yol salınmalıdır. Sumqayıta doğru gedəndə isə Ekologiya postuna çatmağa bir qədər qalmış tikilən "Rahat" marketin yanından başlayaraq, Xırdalan dairəsinədək yol genişləndirilməli, Xırdalan dairəsindən Binəqədiyə tərəf ikinci zolaq salınmalıdır. Orada söküləsi cəmi bir neçə villa, bir də yöndəmsiz, yola çıxmış "Eurohome" adlı ticarət mərkəzi var, onları söküb, yolu xeyli genişləndirmək və yüz minlərin məşəqqətinə son qoymaq lazımdır.
İstəsələr edərlər. Amma...
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ