Onlayn ictimai-siyasi qəzet
Postmüharibə dövründə, xüsusilə son 5-6 ayda bütövlükdə cəmiyyətdə aşırı aqressiya əmələ gəlib. Müşahidə edirəm ki, çoxları əsəbidir, sərt reaksiyalıdır. Psixoloji gərginliklər öz işini görməkdədir...
Müharibə dövründə xalq, ordu, polis... hər kəs əl-ələ, çiyin-çiyinə oldu və millət kimi ən ağır sınaqdan üzüağ, alnıaçıq çıxdıq. Hər kəs Ali Baş Komandanın ətrafında yumruq kimi birləşdi. Həmişə belə olmasını o qədər çox dilədik ki. Və sanki gözə gəldik, yaxud nələrsə düz olmadı, nəticədə müəyyən bir gərginlik yaşanır.
Əlbəttə, o da gözləniləndir ki, kimlərsə - anti-Azərbaycan güclər, ermənilər müharibə dövründəki vəhdətimizdən narahat olduqları üçün hər fürsətdə nifaq toxumu səpməyə, çaxnaşma yaratmağa, təzyiq göstərməyə bəhanələr axtaracaqlar.
Belə bəhanələri verməmək üçün isə hər birimiz çaba göstərməliyik, var gücümüzlə çalışmalıyıq. Çünki omuz-omuza görməli çox işlərimiz var, olacaq...
Amma təəssüf, bəzən bu bəhanələr ortaya çıxır və fəsadlar da verir.
...Bu kontekstdə Gədəbəydə baş verən məlum hadisə hər baxımdan üzücüdür. Xüsusən bu xoşagəlməz olayı erməni mediasının manşetlərində görmək çox ağırdır. Hələ ardınca bəzi qərəzli beynəlxalq təşkilatların hayqırtıları da olacaq.
Hansı ki, bir işini bilməyən, şəxsi aqressiyasını cilovlaya bilməyən kiçik rütbə daşıyıcısı müəyyən bir qanunsuzluğu, qəddarlığı etsə belə, bu, bütövlükdə polisin, dövlətin siması, iradəsi deyil və ola da bilməz!
**
Elə bilirsiniz qanunu pozan, yarıtmazlıq edən polis nəfəri, zabiti cəzalandırılmır? Mən şahidi olmuşam ki, vətəndaşla qanundankənar, səlahiyyət həddini aşaraq davranan polis əməkdaşını hətta doğulduğuna peşman edəcək formada cəzalandırıblar, qanuni şəkildə. Və o məsələ ictimailəşibsə, daha ağır cəzalar olur.
Yeri gəlmişkən, DİN açıqlama verib ki, yaşlı qadınla o rəftarı edən əməkdaşla bağlı xidməti araşdırma aparılır. Cəzanın da çox sərt olacağına əminəm.
**
Onu da unutmayaq, polis orqanlarında əksərən vətəndaşın harayına yetişən, qazini qucağında daşıyan, yanğın zamanı körpəni alovlar içindən öz həyatını riskə ataraq xilas edən, gecə-gündüz asayişi ləyaqətlə qoruyan, yolda xarab olmuş, qarda sürüşmüş maşının arxasından itələyən və s. fədakarlıqlar əməkdaşlardır. Xeyli qazimiz də xidmətə alınıb DİN sıralarında...
Yəni bir-iki qeyri-peşəkar bütövlükdə DİN demək deyil...
Gədəbəydə baş verən hadisəyə mənim fikrimcə, yuxarıda qeyd etdiyim kimi, cəmiyyətdə aşırı hal almış ümumi aqressiya rəvac verib. O polis də cəmiyyətin bir fərdi kimi, aşırı aqressivdir. Hansı ki, olmamalı idi. Əksinə olmalıydı. Bu da bir siqnaldır, hər pis işdə bir xeyir cəhət də var, ən azı bunun gələcəkdə təkrarlanmaması üçün çalışırsan...
Heç bir an da yaddan çıxarmayaq, çıxarmamalıyıq, biz qalib xalqıq, erməni ilə də işimiz çox çəkəcək, dəmir yumruq kimi qalaq...
Bunun üçün hökumət təmsilçiləri daha çox həssaslıq göstərməlidir.
Daim əl-ələ, çiyin-çiyinə olmalıyıq. Vətəndaşla həmişə adekvat davranılmalıdir. Vətəndaşlar da eynilə təmkinli, səbrli, qanunlar çərçivəsində münasibət sərgiləməlidir, iğtişaş törətməməlidir, polisə daş atmamalıdır. Təsir əks təsirə bərabərdir...
Olduqca həssas bir dönəmdəyik, fərqinə varmalıyıq.
Başqa yolumuz yoxdur: Xalq-hökumət arasında etimad güclənməlidir, zəifləsə, marığa yatmış düşməni sevindirmiş, fürsət vermiş olarıq...
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ