İnsanlara hürriyət, millətlərə istiqlal!

30 qram heroin, 3 ton heroin - 1-cidə edam, 2-cidə sudan quru çıxan adam

Dünən, demək olar ki, bütün ölkələrin media resurslarında belə bir xəbər vardı: “Sinqapurda 2018-ci ildə təxminən 30 qram heroin satarkən yaxalanan və ölüm cəzasına məhkum ediilən Saridevi Camani adlı qadının barəsindəki hökm 2023-cü il iyulun 28-də icra olunub”.

30 qram heroinə görə bir qadlnl edam etmək... Əlbəttə, bu, olduqca amansız, qeyri-humanist hökmdür. Hələ onu da nəzərə alaq ki, bu qadın düz beş il ölüm hökmü altında, hökmün hər gün icra olunacağını gözləyə-gözləyə, cəzasının dəyişdiriləcəyinə ümid edə-edə, yəni psixoloji işgəncə altında yaşayıb.

Bundan sonra onu edam etmək qəddarlığın son həddidir. Amma nə edəsən ki, dövlətin qanunu budur və bu qanunu qəbul edənlər vaxtilə hansısa zərurəti nəzərə alaraq belə bir ağır cəza tətbiq ediblər. Bu cinayətə qol qoyanlar öncədən cəzalarının nə olacağını bilirlər. Bunu bilə-bilə, şüurlu şəkildə bu cinayəti törədirlərsə, gərək əfvə o qədər də ümid etməsinlər.

54q-1592209021.jpg (27 KB)

Sinqapurda belədir: 500 qram marixuana, 30 qram kokain, 15 qram heroin satanı dar ağacı gözləyir.

Bu məsələ ölkəmizdə də aktualdır. Bildiyiniz kimi, son 3 ildə minlərlə nakotik alverçisi yaxalanıb, polis şöbələrinə aparılıb, oradan məhkəmələrə sövq edilib, bir yarısı cəza müəssisələrinə göndərilib, bir yarısı yenidən azadlığa buraxılıb. Sonra onların bir hissəsi yenidən yaxalanıb, yenidən ora, oradan o tərəfə, ya da bu tərəfə göndərilib. Sanki ölkədə bir narkotacirlər karuseli var.

Bu, ona görə belədir ki, ölkəmizdə narkotk maddələrlə alver edənlərə qarşı mübarizə Sinqapurdakı kimi sərt və prinsipial deyil. Onların cəzalandırılması xüsusunda müxtəlif variantlar var. Bir çoxlarının alverçi kimi yox, istifadəçi kimi sənədləşdirilməsi halları olur, istehlak miqdarından aşağı-yuxarı miqdar”la da manipulyasiya imkanları var.

herorro.JPG (46 KB)

9 il əvvəl İrandan gətirilən, Azərbaycandan keçirilən, Sarp sərhəd-keçid məntəqəsindən Türkiyəyə adladılarkən Gürcüstan sərhədçiləri tərəfindən tutulan 2950 litr maye heroinlə bağlı məsələnin ört-basdır edildiyi regionda belə məsələlər təəccüblü deyil. İndi siz dünyanın işinə baxın: 5 il əvvəl Sinqapurda 30 qram heroini satan qadın edam edilir, 5 il əvvəl Qafqazda təxminən 3 ton heroini 3 ölkənin sərhədindən keçirən adam(lar)ın adı çəkilmir.

Bəs başqa ölkələrdə narkotik maddə alverçiləri mübarizə necə aparılır?

Belarusda narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə cəza sərtləşdirilib: 14 yaşdan yuxarı narkotacirlərə maksimum cəza müddəti 15 ildən 25 ilə qaldırılıb. O vaxtdan bəri 12 mindən çox narkotik alverçisi uzun müddətə azadlıqdan məhrum edilib. 2014-cü ildən bu ölkədə “narkotik aludəçiləri” üçün düşərgələr yaradılmaqdadır. Bu iş üstə məhkum olunmuş şəxslərə amnistiya və şərti cəza tətbiq edilmir.

ukrnark.jpeg (159 KB)

Ukraynada ilk dəfə narkotikə görə saxlanılan şəxsə 3 ilə qədər həbs cəzası verirlər, ikinci dəfə eyni əmələ görə “ilişsə” cəza 5 ilə qədər həbs olur. Bu ölkədə məhkumların onda biri narkotikə görə yatır. Həmin şəxsləri 80%-ni Avropanın əksər ölkələrində inzibati məsuliyyətə belə cəlb etməzdilər. Yəni Ukraynada da bu cinayətə görə cəza sərtdir.

Avropa ölkələrində - Avstriya, Fransa və İsveçrədə narkotiklərin istehsalı və yayılması məşğul olanlara 20 ilə qədər, Danimarka və Almaniyada 15, İsveçdə 10, Macarıstanda 8, Polşada isə 7,5 ilə qədər həbs cəzası verilir. İtaliya əldə tutulan narkotitikn miqdarını nəzərə alaraq, cəza arasında geniş interval tətbiq edir - 2 ildən 20 ilə qədər. Böyük Britaniya, Yunanıstan, Avstraliya (Yeni Cənubi Uels) isə narkobaronlara ömürlük həbs cəzası verir.

Asiya və Afrikada da narkotacirlik təhlükəli peşədir. Orada bu yolun yolçularına uzun həbs müddəti nəzərdə tutulub: Hindistanda - 20 ilədək, Şri-Lanka və Keniyada – 10 ilə qədər, Yaponiyada, Taylandda, Misirdə, Nigeriyada – ömürlük, Venesuelada – 15 ilə qədər, Argentina, Ekvador və Kosta-Rikada – 12 ilə qədər.

hollhall.jpg (126 KB)

Hollandiya narkotiklərin rəsmi olaraq “yüngül” və “sərt”ə bölündüyü azsaylı ölkələrdən biridir. 30 qramdan çox olmayan həcmdə "yumşaq" narkotik vasitələrin saxlanması qanunla təqib olunmur, eyni zamanda "ağır" preparatlarla “işləyənlər” ciddi şəkildə cəzalandırılır. Yəni Hollandiyanın narkomanlar üçün cənnət olduğunu zənn edənlər yanılır. Orada yalnız 5 qramlıq “ot presi”ni yandırıb tüstüsünə durmaq azaddır.

Bir müddət əvvəl İsveçrə hakimiyyəti Sürixdə narkotik aludəçilərinin heroindən qanuni olaraq istifadə edə biləcəyi ictimai park yaradıb. Amma narkomanlar arasında ölüm nisbəti kəskin artdığı üçün park bağlanıb.

Belçikada 1998-ci ildə marixuananı yumşaq narkotik kimi təsnif etmək və istifadəçilərinin təqibini minimuma endirmək qərara alınıb.

Almaniyada əksər hallarda 5 qramdan az marixuana saxlayanlar cinayət məsuliyyətinə cəlb edilmir.

Çexiyada 15 qrama qədər marixuana, 5 qram həşiş, 1,5 qram heroin, bir qram kokain, 2 qram pervitin daşımağa və ya saxlamağa icazə verilir.

Lüksemburq, İspaniya, Portuqaliya və Yamayka kimi ölkələrdə marixuana qanunidir.

edsaud.jpg (728 KB)

Narkotik vasitələrin istehsal və satışı üçün ölüm cəzası tətbiq edən ölkələr aşağıdakılardır: Hindistan, Banqladeş, İndoneziya, İran, Malayziya, Cənubi Koreya, Tayland, Türkiyə, Misir, Səudiyyə Ərəbistanı...

Burada İranı müəyyən mənada istisna etmək olar. Bu ölkədə narkobaronlar “ölüm maddəsi”ni ölkə xaricində xırıd etsələr, ağır cəzalanırlar (ildə 500 adam asılır), xaricə satsalar, cəzalanmırlar. Ona görə də az qala hər gün İrandan ölkəmizə bir neçə yüz kilo narkotik maddə keçirilməsinə cəhd edilir. Əgər İran narkotik alverçiləri ilə prinsipial mübarizə aparsaydı, onlar sərhədin o tayında tutulardılar.

Səudiyyə Ərəbistanı kimi şəriət ölkələrində məhkum narkotacirin başı kəsilir. Bu ayin, demək olar ki, hər gün, ənənəvi olaraq günorta namazından sonra icra edilir. Əcnəbilər də daxil olmaqla ayda 40 adam narkotik maddə satmağın güdazına gedir. Başı uçan əcnəbilərin arasında pakistanlılar, əfqanlar, yəmənlilər, misirlilər, filippinlilər, çadlılar və nigeriyalılar üstünlük təşkil edir.

Çində narkotik ticarəti (5 kq həşiş qətranı, 1 kq heroin və ya 50 q kokain üçün) ölümlə cəzalandırılır. Bu ölkədə ildə yüzlərlə insan narkotikə görə edam edilir.

Lakin Honq-Konq və Makaoda narkotik cinayətkarları edam edilmir, sadəcə həbs olunurlar.

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) də narkotacirlərə ölüm və ya ömürlük həbs cəzası verirlər. Hətta kiminsə paltarına xaşxaş toxumu və ya bir misqal nəşə doldurulmuş siqaret qırığı yapışıbsa, adam dörd il həbs cəzası ala bilər.

20140707_zaf_x99_045_1.jpg (83 KB)

Vyetnamda narkotacirlər adətən ölüm cəzasına məhkum edilmir, lakin onlar elə bir həbs düşərgəsinə göndərilir ki, orada tez-tez aclıqdan ölürlər.

Malayziyada 15 qram heroinə və ya 200 qram marixuanaya görə adamı edam edirlər.

Bir sözlə, tək Sinqapur deyil, başqa ölkələrin də narkotik alverçilərinə qarşı qanunları sərtdir. Ancaq bir çox ölkələrdə o qanunlar lazımi qədər işlək deyil. Bu isə narkomaniyanın çiçəklənməsinə rəvac verir. Azərbaycan bu xüsusda çiçəklənən diyardır.

P.S. 3 ton heroin işi ilə bağlı  Türkiyə vətəndaşı Bayram Coşkun ömürlük həbs cəzasına məhkum edilib.edilib, onun tərəfdaşları – Gürcüstan vətəndaşı Yevgeni Qorqadze və Türkiyə vətəndaşı Şefik Semizoğlu isə bəraət alıb. 3 ölkənin sərhədindən sərbəstcə keçirilmiş o boyda narkotik maddə partiyasının arxasında duran narkobaronun adı hələ də naməlumdur.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

23 Noyabr 2024

21 Noyabr 2024

20 Noyabr 2024

19 Noyabr 2024

17 Noyabr 2024

15 Noyabr 2024

13 Noyabr 2024

12 Noyabr 2024

11 Noyabr 2024

09 Noyabr 2024

08 Noyabr 2024

06 Noyabr 2024

05 Noyabr 2024

03 Noyabr 2024

01 Noyabr 2024

30 Oktyabr 2024

28 Oktyabr 2024

26 Oktyabr 2024

24 Oktyabr 2024

22 Oktyabr 2024

21 Oktyabr 2024

19 Oktyabr 2024

17 Oktyabr 2024

16 Oktyabr 2024

15 Oktyabr 2024

13 Oktyabr 2024

11 Oktyabr 2024

10 Oktyabr 2024

08 Oktyabr 2024

06 Oktyabr 2024