Onlayn ictimai-siyasi qəzet
Sürücülər arasında yol verməmək üstündə başlayan mübahisə ağır cinayətlə nəticələnib. Sürücülərdən biri digərinə ağır xəsarət yetirib.
Musavat.com-un xəbərinə görə, hadisə İmişlidə baş verib.
Elxan M. idarə etdiyi avtomobillə Araz Mehdiyevin idarə etdiyi avtomobilin arxasında hərəkətdə olub.
Elxan yol istəmək məqsədi ilə bir neçə dəfə yaxın-uzaq işıqlarını yandırıb. Araz isə ona yol verməyib. Bir neçə dəqiqə sonra onlar maşınları yol kənarında saxlayaraq mübahisə ediblər. Mübahisə zamanı Araz əvvəlcə kəllə ilə Elxanın sifətinə vurub. Sonra da təpiklə başına iki zərbə vuraraq ona ağır xəsarət yetirib.
Araz dindirilən zaman deyib ki, maşını yüklü olduğuna görə Elxana yol verə bilməyib. Elxan da “zibili sürə bilmirsənsə, sürmə” deyərək onunla mübahisə edib. O, Elxanı vurduğuna görə peşman olduğunu, müharibədən sonra atdığı dərmanların təsirindən əsəblərini cilovlaya bilmədiyini deyib. Əlavə edib ki, Elxana dəymiş zərəri ödəyib, onunla barışıq əldə edib.
Araz Mehdiyev İkinci Qarabağ müharibəsi iştirakçısıdır. O, xidmətlərinə görə “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.
Məhkəmə tərəflərin barışmasını, Araz Mehdiyevin qazi olmasını nəzərə alıb. Hökmə əsasən, A.Mehdiyev törətdiyi əmələ görə 3 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzası şərti hesab edilib. Barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.
İ.Muradov
Musavat.com
19 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ