Onlayn ictimai-siyasi qəzet
5 il keçir, amma hələ də yuxu kimidir. Bəlkə də 44 gün yox, 4 ay, Allah göstərməsin, hətta 4 il uzanan Vətən müharibəsi olsaydı... Axı işğal çox uzun çəkmişdi- 4 il, 14 il, 24 il? Yox daha uzun... Ona görə bu Qələbəni 44 günə nə qədər çalışırıqsa, sığışdıra bilmirik, möcüzə kimi 5 il...

İndi Şuşanın işğalından keçən 5 il sonranı, yəni 1997-ci ili xatırlamağa çalışacam. O zaman adam bilsəydi ki, bu işğal 5 nədir, 25 nədir, daha çox çəkəcək, ürəyi dayanırdı.

5 il keçmişdi Şuşanın işğalından, Fransanın da haradansa, nə səbəbləsə qoşulduğu Minsk Qrupunda artıq üç həmsədr vardı. Yeni terminə də çox tez öyrəşmişdik- həmsədrlər. Bu həmsədrlər iki hissədən ibarət təkliflər irəli sürmüşdülər. Kommunikasiya indikimi kimi deyildi, bizim sığındığımız birotaqlı evdə heç televizorumuz belə hələ yox idi. Ona görə həmsədrlərin təklifləri haqda gerçəkləri ancaq qəzetlərdən oxumaq mümkün idi. 1997-ci ildə həmsədrlər uzun illər eşidəcəyimiz terminləri ortaya atdılar: paket və mərhələli həll variantı...

1997-ci ilin yayında təqdim etdikləri ilk təklif münaqişənin “paket” (bu variantda Dağlıq Qarabağın statusu da daxil olmaqla, bütün məsələlərə eyni vaxtda razılıq verilməsi nəzərdə tutulurdu) həlli, həmin ilin sentyabrında irəli sürdükləri ikinci təklif münaqişənin “mərhələli” (bu variantda isə münaqişənin mərhələlərlə nizama salınması nəzərdə tutulurdu) həllindən ibarət idi. Bu plana əsasən, ilk olaraq Ermənistan qoşunlarının işğal edilmiş rayonlardan geri çəkilməsi, məcburi köçkünlərin öz torpaqlarına qayıtması, kommunikasiya vasitələrinin bərpası, ATƏT-in sülhyaratma missiyasının bölgəyə yerləşdirilməsi həll edilməli, sonra isə Dağlıq Qarabağın statusu məsələsinə baxılmalı idi. Qəliz, çoxlu suallar doğuran “həll variantları”nı sən demə, hələ uzun illər eşidəcək, düşünəcək və...məyus olacaqdır. Ömrümüzü yeyən, atəşkəsin ömrümüzdən kəsdiyi ilk 5 il...

İşğaldan cəmi 5 il keçmişdi, Ermənistan rəhbərliyi guya ətraf rayonların qaytarılmasının mümkünlüyü haqda yalan-palan danışırdılar, amma Qarabağda qurulmuş separatçı rejimi israrla bildirirdi ki, “onların iştirakı olmadan əldə edilən heç bir razılaşmanı tanımayacaqlar”. Yaddaşın təzələndikcə, adamın cızdağı çıxır, “Qarabağdakı qondarma rejim”, bir-birinin əvəz edən qondarma prezidentlər, “müdafiə nazirləri”, daha kimlər...Baxın, indi müharibədəki Qələbimizin 5 ilinin tamamında həmin qondarma rejimin “prezidentləri” Bakıda mühakimə olunurlar! Tarixi məhkəmə proses, ilahi ədalətin təntənəsi!
Adamın inanmağı gəlmir, axı sentyabrın 27-dək Xankəndində yaşayan Araik Harutyunyan səhər evindən çıxıb, əvvəl Hadrutdakı çaxır zavoduna baş çəkə, oradan özünü Şuşaya günorta yeməyinə çatdıra bilərdi. Ürəyi istəsə, Laçına gedib burada məskunlaşmış qohum-əqrəbasına baş çəkə, digər dığalarla hal-əhval tutmaq olardı. Orada da bir stəkan çaxır içə, sonra istəsə, maşınını 300-350 kilometr də cənub istiqamətində sürüb Zəngilandan da keçməklə Cəbrayıladək gedə- Xudafərin körpüsünün yanında bir siqaret sümürüb bu işğaldan həzz ala bilərdi. Qayıdanda Kəlbəcərdə gecələyib, səhəri gün aşağı yolla yenidən Xankəndinə qayıdırdı...

Cəmi 5 il keçib, amma indi Xankəndinə son 100 ildə ilk dəfə əsl sahibləri qayıdıb, “artsax”ın iyi belə daha yoxdur! Adam bu möcüzəvi 5 ilin gətirdiyi xoşbəxtliyin, rahatlığın altında xumarlanır... Canımız çox yandı, bu rahatlığı Azərbaycan xalqı haqq etdi, müstəqilliyini burnundan gətirdilər, indi müstəqilliyi və suverenliyinin bir yerdə yaşayır. Mən qınamıram, dünyanın indiki vaxtında(bu ifadənin altında nələr gizlənir, nə gerçəklər var...) Azərbaycanın sıraladığı qələbələri necə deyərlər, beyinə ötürmək asan olmaya bilər. Kənardan da çoxları bu qələbəni həzm edə bilmirlər, onların dərdi ayrı, bu da bir başqa mövzudur...

Səmimi deyirəm, işğal illərində nəinki Şuşanın, bir kəndin belə danışıqlar yolu ilə qaytarıla biləcəyinə inandığmı xatırlamıram. Uzun işğal illərində, hamnı kimi mən də Şuşa, Qarabağ haqda bir neçə kitaba sığacaq yazılar yazdım, amma yalançı optimist ola bilmədim. “Axı insanı yaşadan ümiddir” deyirlər. İndi ekranlarda tez-tez eşidirik, siyasət nəhəngi mərhum Heydər Əliyevin “işğal olunmuş torpaqlara mütləq qayıdacağıq” dediyi köhnə lent yazılarını. Heyrət etməyə bilmirsən səsdəki bu inama- bu yalnız siyasi konyuktura deyil, bu bir mesajdır. Heydər Əliyevin siyasi kimliyi “Stepanakert gədəsi” Köçəryanla nəinki bir masada, bir məkanda olmağa yaraşmırdı. Heydər Əliyev Qarabağın qoparılması planın Kreml kabinetlərində necə hazırlandığını da yaxşı bilirdi, Qarabağ danışıqları aparanların arxasındakı dövlətlər də ona bəlli idi. Demək, o “QAYIDACAĞIQ” deyəndə... İlham Əliyevə inanırdı.
Bunu bir dəfə də yazmışam, erməni hakimiyyəti- Köçəryan, Sərkisyan, nəhayət Paşinyan həm də ona görə uduzdular ki, İlham Əliyevin nəyə qadir ola biləcəyini hesablamağa ağıllarının gücü yetmədi.

Prezident İlham Əliyevin son 5 ildə həyata keçirdiyi planlar 100 ilə bərabər tarixdir, həm də ona görə adama yuxu kimi gəlir. Bu yuxudan oyanmaq olar, çünki son 5 ildə baş verənlər hamısı gerçəkdir, bizimdir...
Nazim SABİROĞLU,
Musavat.com
07 Noyabr 2025
06 Noyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ