İnsanlara hürriyət, millətlərə istiqlal!

Zəngəzur üçün YENİ MODEL - Nələr var?

Rusiya ilə Baltikyanı ölkə arasındakı “Kalininqrad anlaşması” bizim üçün yaxşı presedentdir - yüklərin Naxçıvana yoxlanışsız daşınması mümkündürmü?

Ermənistan mediası Bakı və İrəvan arasında Zəngəzur dəhlizinin açılması barədə yekun razılıq olduğunu yazıb. İddia edilir ki, Ermənistanın baş naziri Nikol Paşinyan pərdəarxasında dəhlizin “maneəsiz keçid” prinsipi ilə açılmasına razılaşıb. Artıq bu istiqamətdə işlər aparıldığı qeyd edilir.

AzTV-nin sözügedən məsələ ilə bağlı hazırladığı süjet də bu baxımdan diqqət çəkir. Doğrudanmı, Ermənistan Zəngəzur dəhlizinin Bakının şərtləri ilə açılmasına razılaşıb? Sabiq xarici işlər naziri Elmar Məmmədyarov Globalinfo.az-a deyib ki, Ermənistan parlamentinin spikeri Alen Simonyan Zəngəzur dəhlizi ilə bağlı məsələnin razılaşdırılacağını bəyan edib: “Fikrimcə, yüklərin daşınmasında hər hansı problem olmayacaq. Yüklər Bakıdan plomblanaraq göndəriləcək və plomb Naxçıvanda açılacaq. Çünki dünyada belə praktika mövcuddur. Məsələn, Rusiya ilə Litvanın münasibətləri yaxşı deyil, amma yük daşınır və plomb Kalininqradda açılır. Ona görə düşünürəm ki, bizdə də eyni rejim tətbiq olunacaq”.

Sabiq nazir vurğulayıb ki, əsas məsələ gələcəkdə sərnişinlərin daşınmasıdır: ""Sərnişinlər" dedikdə ağıla ilk təhlükəsizlik məsələsi gəlir. 10 noyabr sazişinə təhlükəsizliyin qorunması ilə bağlı bənd boş yerə əlavə olunmayıb. Yükdən öncə sərnişinlərin işini həll etməyin yolunu tapmaq lazımdır. Yük daşınması asan razılaşdırılacaq. Çünki ermənilər də buna maraqlıdır. Onlar da istəyirlər ki, Naxçıvan vasitəsilə yükləri Rusiyaya rahat şəkildə göndərsinlər. Ermənistanın yeganə yolu Yuxarı Larsdır. Əvvəllər yükü Suxumi ilə aparırdılar, amma indi Abxaziya işğal altında olduğu üçün dəmir yolu işləmir. Ermənilər hansısa yükü Azərbaycan ərazisindən Rusiya göndərmək istəyirlər. Əslində buna görə bizə ödəniş edəcəklər ki, bu da büdcəyə gedəcək".

Kalininqrad anklavına gəlincə, Litva və Rusiya dəhlizin yaradılması ilə bağlı müqavilə imzalayıblar. Ona əsasən Rusiyadan gələn sərnişin, yük qatarları Litva sərhədinə qədər adi şəkildə gəlir. Litva sərhədinə çatanda isə qalan yolu qatar heç bir yerdə dayanmadan bütün qapı və pəncərələri bağlanılmaqla Kalininqrada doğru hərəkət edir. Həmin qatarlar yalnız Kalininqrad sərhədini keçəndən sonra yenidən adi qaydada hərəkət edir. Zəngəzur dəhlizi Çini Avropa ilə birləşdirəcək Orta dəhlizin tərkib hissəsi olmalıdır. Bu dəhlizin işə düşməsi Çin, Mərkəzi Asiya ölkələri, Azərbaycan, Türkiyə, eləcə də Ermənistan üçün faydalıdır. Bu yol Rusiyadan yan keçsə də, Rusiya Azərbaycan üzərindən Zəngəzur dəhlizi vasitəsilə Türkiyəyə çıxış imkanı qazanacaq. Deməli, Zəngəzur dəhlizi Rusiya üçün də faydalıdır. Hələlik isə Bakı ilə İrəvan arasında Zəngəzur dəhlizi ilə bağlı fərqli yanaşma ortadan qaldırılmayıb. Azərbaycan maneəsiz keçid tələb edərkən, Ermənistan dəhlizdə yoxlama həyata keçirmək istəyir. Azərbaycanın əsas arqumenti budur ki, Zəngəzur dəhlizi Azərbaycanın bir hissəsini digər hissəsi olan Naxçıvanla bağlayacaq və bu halda sərhəddə Azərbaycan vətəndaşlarının yoxlanılması düzgün deyil. İrəvan isə dəhlizin Ermənistanın yurisdiksiyası altında fəaliyyət göstərməsini tələb edir.

Bütün hallarda Azərbaycan Şərqi Zəngəzurda dəmir yolunun bərpasını sürətlə icra edir. Ermənistan tərəfdə isə heç bir iş görülmür. Halbuki Zəngəzur dəhlizindən yalnız Azərbaycan vətəndaşları Naxçıvana və Türkiyəyə keçid üçün istifadə etməyəcəklər. Ermənistan vətəndaşları da bu dəhlizdən keçən dəmir yolu vasitəsilə Rusiyaya gedə biləcəklər. Bu baxımdan Azərbaycan üzərindən Rusiyaya sadələşdirilmiş keçid Ermənistanın da maraqlarına cavab verir. İrəvan 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatın müddəalarından biri olan Zəngəzur dəhlizinin açılması məsələsini də öhdəlik kimi öz üzərinə götürüb. Həmin bəyanatda da qeyd olunur ki, maneəsiz hərəkət Ermənistan tərəfindən təmin edilməlidir. Ermənistanın baş naziri Nikol Paşinyan üçtərəfli bəyanatın işlək olmadığını bildirsə də, faktiki olaraq bu bəyanat mövcuddur və Ermənistan tərəfi öhdəliklərini yerinə yetirməlidir. Tərəflərin heç biri bəyanatdan imzasını geri götürməyib və Azərbaycanın Ermənistandan tələbləri də olduğu kimi qalmaqdadır.

Hikmət Hacıyev: Ermənistan bütün hərbi cinayətkarları müvafiq qaydada  araşdırıb cəzalandırmalıdır

Hikmət Hacıyev 

“Kalininqrad modelini daha əvvəl Prezident köməkçisi Hikmət Hacıyev də nümunə gətirib”, - “Yeni Müsavat”a danışan siyasi ekspert Fuad Əliyev belə deyib. Onun sözlərinə görə, Kalininqrad vilayəti ilə Rusiyanı əlaqələndirən dəhliz var: “Həmin dəhlizdən Rusiyadan gedən qatarlar Litva ərazisindən maneəsiz Kalininqrada keçir. Bu zaman onları gömrükçülər və sərhədçilər yoxlamırlar. Bu rejim Ermənistandan keçən 42 kilometrdə də tətbiq edilə bilər. Hazırda Rusiyaya qoyulan sanksiyalara görə Litva dəhlizdən istifadəni məhdudlaşdırıb, amma yüklər daşınır. Azərbaycan da Azərbaycana keçiddə bu hüququ tələb edir. Yəni bu heç də Ermənistanın suverenliyini pozmur, yaxud sərhədlərini dəyişmir. Paralel şəkildə erməni yükləri də bizdən keçərək Rusiyaya gedəcək. Hər bir tərəfin öz iqtisadi üstünlüyü olacaq. Amma təhlükəsizliyə zəmanət verilməlidir”. F.Əliyev yoxlanış olmayacağını rüsum ödəməməklə əlaqələndirib: “Əvvəla, sülh sənədi və diplomatik əlaqələr yoxdur, ona görə rüsum ödənişi tələb edilə bilməz. Amma iqtisadi faydası və regionda dayanıqlı stabilliyin olmasını təmin edən logistikadır. Əgər yüklər qarşılıqlı şəkildə daşınırsa, bölgədə hərbi eskalasiya riskləri də azalır. Bu gün Ermənistana və Azərbaycana da ən çox lazım olan elə sabitlikdir”. Ekspert bu yolların tezliklə blokadadan çıxmasına Rusiyanın daha çox ehtiyacı olduğunu güman edir: “Habelə, Rusiya Bakı və İrəvanla təzyiq dilində danışa bilməyəcək. Ona regional layihələrdən gəlir lazımdır, əvvəlki dövr getdi. Sadəcə, yola nəzarətin Rusiyada olması mübahisəlidir. Ermənistan imtina, Rusiya israr edir. Fikrimcə, ən azından prosesin sürətləndiyini söyləmək mümkündür”.

Ramiyə Məmmədova: “Tehran öz davranışının yanlış olduğunu anladı” - Oxu.az

Ramiyə Məmmədova

Siyasi şərhçi Ramiyə Məmmədova isə nəqliyyat kommunikasiyalarının açılmasının artıq iqtisadi deyil, siyasi məsələyə çevrildiyi qənaətindədir: “Halbuki burada məqsəd regionda iqtisadi dinamikanı sürətləndirməkdir. Amma Ermənistan və himayədarları Rusiyanın yoldan pay götürməməsi üçün razılaşmanı pozur, Moskva isə qəribədir ki, İrəvana bu yöndə lazımi təzyiqlər göstərmir. Əgər Kreml lideri üçtərəfli sənədin imzalanmasının təşəbbüskarı kimi özünü görürsə, onun icra olunması tələbini Ermənistan rəhbərliyi qarşısında qaldırmalıdır. Olduqca şübhəli məsələdir ki, 5 il ərzində Zəngəzur yolunun açılması ilə bağlı Rusiya Ermənistana ciddi təsir etmək istəmir. Üç il ərzində Ukraynada salamat şəhər qoymayan Rusiyanın kiçik Ermənistana gücünün çatmaması inandırıcı fikir olmazdı. O halda, razılaşma niyə 5 ildir yerinə yetirilmir? Belə çıxır ki, ya Rusiya əvvəlki deyil, ya da burada İran və Qərbin ciddi müqavimətinə bata bilmir”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Fevral 2025

20 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR