İnsanlara hürriyət, millətlərə istiqlal!

Zəngəzur spekulyasiyası - ermənilərin Şarl Mişelə “düzəliş” etmək cəhdi

Ermənistan rəsmiləri dəhliz sözündən  yayınmağa çalışırlar...

Brüsseldə keçirilən Azərbaycan və Ermənistan rəhbərlərinin növbəti görüşündə tərəflərin Zəngəzur dəhlizinin açılması ilə  bağlı razılığa gəlinməsinin elan edilməsi erməniləri təşvişə salıb. Belə ki, İrəvan rəsmiləri hər vasitə ilə çalışırlar ki, dəhliz  termini işlənilməsin, guya  ölkənin ərazisindən keçəcək hər hansı dəhliz  suverenliyin pozulmasıdır.

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Armenpress” agentliyinin dəhlizlə bağlı sualına cavabında bildirib ki, Ermənistan ərazisindən dəhliz məntiqi ilə yol, yaxud nəqliyyat marşrutu ola bilməz: “Brüsseldə əldə olunan bütün razılaşmalar regional kommunikasiyaların açılması ilə əlaqədardır. Brüsseldə əldə olunan razılaşmaların hamısı Ermənistan təmsilçilərinin keçmişdə verdiyi bəyanatlara uyğundur. Avropa İttifaqı Şurası başçısının görüşün nəticələrinə dair bəyanatından görmək olur ki, regional əlaqələrin açılması kontekstində razılaşmalar sərhəd, gömrük nəzarəti, ödəniş tutulması, beynəlxalq tranzitlə bağlıdır. Bu vacib məsələlər ”Ermənistan qovşağı" layihəsinin reallaşmasına aiddir və Ermənistan hökuməti bu istiqamətdə davamlı irəliləyəcək".

Bütün bunlar onu təsdiq edir ki,  prinsipial razılaşmaya baxmayaraq, Ermənistan rəsmiləri dəhliz sözündən  yayınmağa çalışırlar. Ermənilər dəmir və avtomobil yollarının ikisinin də açılmasına etiraz edir və bunu istəmirlər. Qriqoryan məlum fikirləri ilə faktiki olaraq guya Şarl Mişelin açıqlamasının düzgün başa düşülmədiyi haqda bir rəy yaradır. Həm də mifik “Ermənistan qovşağından” danışır. Halbuki Ermənistanın nəqliyyat xabı olması mümkünsüzdür. Ən azı Ermənistanın yerləşdiyi coğrafi məkan, indiyədək əldən verilən fürsətlər bu ölkəyə belə bir  status tanıya bilməz. O halda ermənilər niyə Şarl Mişelə “düzəliş” etmək, Zəngəzur dəhlizi razılaşması ilə bərabər bu terminin işlədilməsinə qarşı çıxırlar? Bu, daxili auditoriyanı sakitləşdirmək cəhdidir, yoxsa yenə də razılaşmadan yayınırlar?

RUSİYA QARABAĞDA GƏRGİNLİKDƏ MARAQLIDIR VƏ NİYYƏTİ BUDUR Kİ...” – “Rəsmi  İrəvan da Moskvanın üzərinə müəyyən öhdəliklər qoymağa çalışır”

 Oqtay Qasımov

Politoloq Oqtay Qasımov “Yeni Müsavat”a bildirdi ki, Ermənistan təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın verdiyi açıqlama təəssüflə qarşılansa da, eyni zamanda təəccüb yaratmamalıdır. Çünki biz Armen Qriqoryanın vaxtaşırı bu cür bəyanatlar səsləndirdiyinin şahidi oluruq: “10 noyabr üçtərəfli bəyanatında konkret olaraq Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirən ərazi kimi Mehri rayonu ərazisi göstərilsə də Armen Qriqoryan bildirirdi ki, guya Zəngəzur dəhlizi adlanan ərazidən keçəcək avtomobil yolu Gorus-Biçənək yolunu əhatə edəcək. Yəni o, tamamən fərqli ərazini nişan verirdi. Qriqoryan reallığı başa düşsə də, daha çox erməni cəmiyyətinə yönəlik açıqlamalar verir. Ermənilər mümkün qədər 10 noyabr razılaşmasının şərtlərini yüngülləşdirməyə çalışırlar və mümkün qədər onların maraqlarına uyğun olmasını istəyirlər. Amma bütün hallarda bunlarla bərabər konkret reallıqlar var və bununla hesablaşmağa məcburdurlar. O ki qaldı son Brüssel görüşündə Şarl Mişelin görüşün nəticələri ilə bağlı verdiyi bəyanata, orada məsələlər konkret şəkildə göstərilib və buradan bir daha məlum olub ki, müzakirə olunan məsələlərdən biri də kommunikasiyaların açılmasıdır. Bu açıqlamada biz konkret olaraq Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirən kommunikasiyadan söhbət getdiyinin şahidi oluruq ki, bu da 10 noyabr anlaşmasında qeyd olunan Mehri ərazisidir. Həmin ərazidə tarixən də həm dəmir yolu, həm də avtomobil yolu mövcud olub. İndi söhbət həmin yolların yenidən bərpa olunmasından gedir”.

Politoloq qeyd etdi ki, Ermənistan tərəfinin, sadəcə olaraq, bu termindən imtina etməsinin və yaxud onun üzərində termin oyunu oynamasının əsas səbəbi 10 noyabr üçtərəfli bəyanatında “dəhliz” sözünün işlədilməməsidir: “Bu bəyanatın 4-cü bəndində Laçına aid olan hissədə ”dəhliz" ifadəsi işlənib, amma 9-cu maddədə Mehri ərazisindən keçən Zəngəzur dəhlizi ilə bağlı hissədə isə “dəhliz” ifadəsi işlənməyib. Amma biz həmin bəyanatın konkret bəndlərinə baxdıqda görərik ki, hər ikisi ilə bağlı eyni ifadələr işlədilir. Yəni Laçın dəhlizində Azərbaycan tərəfi təhlükəsizliyə təminat verir və orada nəqliyyatın, insanların hərəkət təhlükəsizliyinin təmin olunmasını Rusiya sülhməramlıları adlanan hərbçilər həyata keçirir. Lakin Mehri ərazisində isə qeyd olunur ki, Ermənistan tərəfi yüklərin və vətəndaşların hərəkətinin təhlükəsizliyinə təminat verir və burada nəzarət Rusiya sərhəd qoşunları tərəfindən həyata keçirilir. Heç birində də gömrük-sərhəd məntəqəsi, yoxlamalar ifadəsi keçmir. Bu, o deməkdir ki, eyni mənanı daşıyan ifadələr və cümlələrdir. Sadəcə olaraq, birində dəhliz ifadəsi yer alıb, digərində yer almayıb. Ermənilərin də formal olaraq istifadə etmək istədiyi məqam bundan ibarətdir. Amma bütün hallarda, əgər xatırlayırsınızsa, Brüsseldə 14 dekabr üçtərəfli görüşündə Azərbaycan Prezidenti bəyanatla çıxış etdi və qeyd etdi ki, Zəngəzur dəhlizinə veriləcək status nə olacaqsa, eyni status Laçın dəhlizinə veriləcək. Bu, o deməkdir ki, əgər ermənilər Laçın dəhlizi ilə bağlı məntiqi Mehridən keçən dəhlizlə bağlı da qəbul etməlidirlər. Yox, əgər Mehridən keçən dəhlizdə gömrük sərhəd keçid məntəqələri qurulacaqsa, eyni proses Laçın ərazisində də həyata keçiriləcək.

Ona görə də hesab edirəm ki, Ermənistandan verilən açıqlamalar iki məqsəd güdür. Birincisi, onlar prosesdən düşdükləri ağır durumu yüngülləşdirmək üçün istifadə etmək, ikincisi, öz daxili auditoriyalarını müəyyən qədər sakitləşdirmək üçün istifadə edilən ifadələrdir. Bölgədə marağı olan qüvvələrin-Rusiyanın və Qərbin, Brüsselin məsələyə münasibəti daha konkret olacaq, nəinki Ermənistanın mövqeyi".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR