İnsanlara hürriyət, millətlərə istiqlal!

Zəngəzur dəhlizi ilə bağlı yeni müzakirələr - Binəli Yıldırımın anonsu

Qarabağın azadlığından sonra bütün dünyanın diqqət mərkəzində olan məsələlərdən biri də Zəngəzur dəhlizidir. Çünki bu, olduqca böyük strateji əhəmiyyətə malikdir və faktiki alternativi olmayan bir marşrutdur. Ermənistan, İran buna müqavimət göstərsə də, dünyanın böyük güclərinin marağında olan bu dəhlizlə bağlı müzakirələr şübhəsiz ki, davam edir.

İctimaiyyətə detallar haqlı olaraq açıqlanmasa da, bu haqda müəyyən məlumatlar da ara-sıra vurğulanır.

Bu kontekstdə Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin birinci müavini, sabiq baş nazir Binəli Yıldırımın açıqlaması diqqət çəkir. O, “Zəngəzur dəhlizinin açılması Orta dəhlizdə daşımaların maya dəyərini daha da aşağı salacaq və xəttin üçüncü ölkələrdən asılılığını azaldacaq”, - deyə “X”də yazıb.

B.Yıldırım bildirib ki, Mersin və İsgəndərun limanları vasitəsilə Orta dəhlizdən keçən yolu Şimali Kiprlə birləşdirmək mümkündür: “Bu addım türk dövlətləri ilə yanaşı, Şimali Kiprə də böyük fayda verəcək”.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da vaxtaşırı Zəngəzur dəhlizi, onun açılmasının vacibliyi haqda fikirlər səsləndirir. Bir müddət bundan əvvəl isə jurnalistlərə açıqlamasında “Zəngəzur dəhlizi layihəsinin reallaşmaması Ermənistanla deyil, İranla bağlıdır” demişdi.

“Ermənistanla normallaşma prosesi üçün Zəngəzur dəhlizinin tezliklə açılması və Azərbaycanla hərtərəfli sülh sazişinin imzalanması vacibdir”, - deyə Ərdoğan qeyd etmişdi.

Axar.az saytının açıqlamasına görə isə iranlı politoloq Pouya Hüseyn erməni mediasına açıqlamasında Türkiyə və İran XİN başçılarının görüşündə Hüseyn Əmir Abdullahianın Azərbaycan və Ermənistan arasında sülh sazişinə tərəfdar olduqları barədə fikrini şərh edərkən deyib:

“Abdullahian (İran xarici işlər naziri - red.) dedi ki, İran sülh sazişini və sülh proseslərini dəstəkləyir, lakin şərt qoyub. İran XİN rəhbəri bildirdi ki, biz sərhədlərin heç bir geosiyasi dəyişikliyini və ərazi bütövlüyünün dəyişdirilməsini qəbul etməyəcəyik. Bura Zəngəzur dəhlizi də daxildir”.

O bildirib ki, Ermənistanın sərhədləri “qorunub saxlanılsa”, geosiyasi sərhədlər heç bir dəyişikliyə məruz qalmasa, İran Azərbaycanla Ermənistan arasında sülhün tərəfdarı olacaq:

“Abdullahian dedi ki, İranın tarixi yolları, tranzit yolları bağlanmamalıdır, söhbət Zəngəzur dəhlizindən gedir. Ermənistan vasitəsilə Avropaya, Rusiyaya gedən tarixi yoldur, o, bu tarixi yolu nəzərdə tutur. Yəni Ermənistanın sərhədlərinin qorunub saxlanması halında İran dəstək verəcək”.

Bəs Binəli Yıldırımın anonsunun açması nədir? Yaxın vaxtlarda hansı prosesin şahidi ola bilərik?

 

Qabil Hüseynli: “Türkiyə Cənubi Qafqaz uğrunda Rusiya ilə toqquşmalı  olacaq” » Reyting.az

Qabil Hüseynli: “İran artıq bu məsələdə heç nə edə bilməyəcək, çünki... ”

Politoloq Qabil Hüseynli mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. Politoloq qeyd edib ki, Binəli Yıldırımın bu anonsu ona işarədir ki, tezliklə yeni prosesin şahidi olacağıq: “Binəli Yıldırımın bu sözləri Prezident  Ərdoğanın Nikol Paşinyanla telefon danışığından sonrakı dövrə təsadüf edir.

Bundan əvvəl də Ərdoğan birmənalı qaydada bildirmişdi ki, Zəngəzur dəhlizi mütləq açılacaq, bunun alternativi yoxdur və biz bunu mütləq həyata keçirəcəyik.

Binəli Yıldırım həm də sabiq nəqliyyat naziri kimi bu məsələyə dəqiq qiymət verib və onun üstünlüklərini göstərməyə çalışır. Son zamanlar bu məsələnin belə aktullaşmasının bir səbəbi də bundan ibarətdir ki, ABŞ Hindistanla birlikdə Hindistandan Avropaya qədər uzana biləcək yeni logistik mərkəzləri, dəmir yolu və dəhliz yolunu layihəsi barədə fikir mübadiləsi aparması ilə bağlıdır. Bildirilir ki, bu yeni yol Hindistandan başlayaraq dəmir yolu vasitəsilə indiki Ərəb körfəzinə qədər gələcək, oradan dəniz yolu vasitəsilə İsrail və yaxud İordaniya limanlarına gedəcək, daha sonra isə yenidən dəmir yolları vasitəsilə Avropaya  gedib çıxacaq. Bunu nəzərdə tutaraq qeyd edirlər ki, guya bu həm Azərbaycandan keçən Şimal-Cənub dəmir yolu dəhlizini azalda bilər, həmçinin Zəngəzur dəhlizi ilə bağlı da müəyyən problemlər yarana bilər.

Əvvəla, qeyd edək ki, Hindistandan başlayaraq, Amerikanın da daxil olduğu bu dəmir yolu və dəniz yolu layihəsi hələ ki layihə olaraq qalır və bir neçə vaxtdır bu mövzu haqqında danışılsa da onun həyata keçirilməsi üçün konkret addımlar atılmır.

İkinci bir tərəfdən, bu layihənin zəif cəhəti ondan ibarətdir ki, yüklər əvvəlcə dəmir yolu ilə gətirilir, sonradan gəmilərə yüklənir, gəmilər vasitəsilə İordaniya və yaxud İsrailə gətirilir, buradan da gəmilərdən boşladılaraq, vaqonlara yüklənir, yəni çox çətin, qəliz məsələdir. Həm də bu layihə üçün maliyyə mənbələri də tapılmayıb, bunun üçün onun inşa ediləcəyi güclü sual işarəsi altındadır.

Amma həm Şimal-Cənub dəmir yolu və ona mühüm dəstək ola biləcək Zəngəzur dəmir yolu artıq tikilir. Belə ki, Azərbaycan tərəfi artıq onu tikib bitirmək üzrədir. Ermənistan tərəfindən isə cəmi-cümlətanı 42 km yolun tikilməsi lazım gələcək. Görünür ki, Binəli Yıldırım bütün bunları nəzərdə tutaraq, Zəngəzur dəhlizinin tezliklə açılmasını və onun açılmasının dünya  üçün böyük uğurlar gətirəcəyini söyləməklə bu yolun aktuallığını və faydalılığını ön plana çəkmək istəyir.

Beləliklə, belə görünür ki, Zəngəzur dəhlizi tezliklə açılacaq".

Qabil Hüseynli İranın bu məsələyə artıq bir maneçilik törədə bilməyəcəyini də qeyd edib: “Fikrimcə, bu dövr artıq keçib. Əgər bu gün Zəngəzur dəhlizi məsələsində Avropa da maraqlıdırsa, Rusiya da daha çox maraqlıdırsa, üstəlik, Türkiyə bu məsələyə çox böyük əhəmiyyət verirsə və Azərbaycanla birgə yolun açılmasına ciddi qayğı göstərirsə, İran artıq bu güclərin qarşısında dayana bilməz.  Əngəl törədiləcəyi ilə bağlı söylənilən fikirlər geri qalmışlıqdan başqa bir şey deyil. Beləliklə, İran bu məsələdə heç nə  edə bilməyəcək”.

Elxan Şahinoğlu son çıxışı ilə özünü və "ağalarını" belə ələ verdi -  ƏTRAFLI, en son xeberler 2023, xeberler bu gun 2023

Elxan Şahinoğlu: “Sülh sazişi imzalanmayana qədər Zəngəzur dəhlizinin açılması problemi qalacaq, sülh sazişinin də imzalanması dalana dirənib... ”

Mövzu ilə bağlı siyasi şərhçi Elxan Şahinoğlu isə bu cür şərh bildirdi: “Zəngəzur dəhlizinin hamı üçün faydası var. Yəni Çindən tutmuş Mərkəzi Asiya, Azərbaycan, hətta Ermənistan, Rusiyanın özü maraqlıdır, Türkiyə,  Türkiyədən Avropa istiqaməti alacaq və sairə. Amma çox təəssüf ki, Ermənistan bu məsələni ləngidir, İran da əlindən gələni edir ki, Ermənistan hakimiyyəti Zəngəzur dəhlizinə yaşıl işıq yandırmasın. İran Zəngəzur dəhlizinin açılmasını özü üçün təhlükə kimi görür, halbuki heç bir təhlükə yoxdur. Yəni İran da bundan faydalana bilər. Amma maneələr, üstəlik də Ermənistan-Azərbaycan münasibətlərində gərginlik davam edir və şəxsi fikrim belədir ki, sülh sazişi imzalanmayana qədər iki ölkə arasında Zəngəzur dəhlizinin açılması problemi qalacaq. Sülh sazişinin də imzalanması dalana dirənib, əksinə, bizə qarşı təxribatların sayı artır. Bir sözlə, Binəli Yıldırım haqlıdır, yəni Zəngəzur dəhlizi işə düşsə, bundan hamı faydalana biləcək. Binəli Yıldırım bu açıqlaması ilə dolayısı ilə Ermənistana da bir mesaj verir ki, təxribatlara son qoyun, Azərbaycanla sülh imzalayın ki,  bu işə düşsün. Bugünlərdə elə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın özü də Paşinyanla telefonla danışdı, çox güman ki, Zəngəzur dəhlizinin vacib olduğunu ona izah etməyə çalışıb. Amma Paşinyan addım atmağa qorxur, üstəlik də İran da Paşinyana təzyiq edir ki, Zəngəzur dəhlizini açmasın. Guya ki, bu dəhliz işə düşsə, Ermənistanla rabitələri pozulacaq və Ermənistan üzərindən başqa bazarlara çıxa bilməyəcək. Onsuz da İran Ermənistan üzərindən bazara, yəni Avropa bazarına çıxa bilmir. Bu dəhlizin açılması o demək deyil ki, Ermənistanın İran tərəfi blokadaya alınacaq. Bu, tamamilə yanlış məntiqdir”.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR