İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenskini ayaq üstə alqışlamaq nə, Ukraynanı qapı arxasında qoymaq nə?

Avropa İttifaqı Ukraynaya niyə xəyanət etdi?

Avropa İttifaqı Ukraynanı qapı arxasında qoydu. Belə ki, Fransa Prezidenti Emmanuel Makron Ukraynanın Avropa İttifaqına qəbulu proseduruna indi başlamağın mümkün olmadığını deyib. Bu barədə Makron Versalda Avropa İttifaqı liderlərinin sammiti başlamazdan əvvəl jurnalistlərə bildirib.

“Bu axşam müzakirə olunacaq. Bildiyiniz kimi, üç ölkə - Ukrayna, Moldova və Gürcüstan Avropa İttifaqına daxil olmaq üçün rəsmi ərizə veriblər. Biz bu axşam onları müzakirə edəcəyik. İlk növbədə mən hesab edirəm ki, bu dövrdə Ukraynaya və ukraynalılara güclü siqnal göndərməliyik. Amma diqqətli olmalıyıq. Bu gün müharibə olan bir ölkəyə bu proseduru aça bilərikmi? Düşünmürəm”, - deyə Makron bildirib.

Avropa İttifaqına sədrlik edən Fransanın prezidentinin bu mövqeyi qurumun qərarına, təbii ki, təsir göstərib. Ukrayna xalqını Avropa İttifaqından müsbət qərar gözlədiyi vaxtda, bunun əksi ilə qarşılaşması suallar yaradır. Volodimir Zelenskinin çıxışını ayaq üstə alqışlamaq nədir, Ukraynanı qapı arxasında qoymaq nə? Aİ Rusiyadan çəkindiyi üçünmü belə qərar verdi, yoxsa Ukraynada böhranın daha da dərinləşməsini istədiyi üçün belə addımlara gedir? Qərbin Zelenskiyə gah “kökə” verib, gah da “qamçı” vurmasının səbəbi nədir?

Qeyd edək ki, Ukrayna Aİ-yə üzvlük üçün rəsmi ərizə ilə müraciət edib və təşkilat üzvlüyünə namizəd kimi qeydə alınıb. Ancaq belə görünür ki, Ukrayna hələ uzun müddət ona üzv ola bilməyəcək. Ekspertlər də hesab edir ki, Ukraynanın Avropa İttifaqına üzvlüklə bağlı müraciəti heç də o demək deyil ki, çox yaxın perspektivdə bu ölkə Aİ-yə üzv qəbul ediləcək. Avropa İttifaqına üzvlüklə bağlı prosedurlar onu deməyə imkan verir ki, hələ qarşıdakı bir neçə il ərzində Ukraynanın bu birliyə üzv olması imkanları demək olar mövcud deyil.

Aİ-yə üzv qəbulu ilə bağlı prosuder qaydalarına görə, bütün üzv dövlətlər-yəni 27 dövlət və Avropa Parlamenti üzvlüyə qəbul ediləcək dövlətin qəbuluna razı olduqlarını bəyan etməlidir, bununla bağlı prosedur həyata keçirilməlidir. İkincisi, məhz 1993-cü il Kopenhagen meyarları kimi qiymətləndirilən meyarlara üzvlüyə qəbul olunası dövlət uyğun gəlməlidir. Bununla bağlı irəli sürülən siyasi və iqtisadi şərtlərin üzvlüyə qəbul olunacaq dövlət tərəfindən yerinə yetirilməsi tələbi qoyulur. Bu gün Ukrayna Aİ-yə üzvlüklə bağlı irəli sürülən siyasi və iqtisadi şərtlərə demək olar uyğun deyil. Eyni zamanda əsas vacib tələblərdən biri üzvlüyə qəbul mərhələsində milli qanunvericiliyin Avropa qanunvericiliyinə uyğunlaşdırılması tələbidir. Ukraynada qanunvericilik Avropa qanunvericiliyi ölçülərinə uyğun yenidən hazırlanmayıb. Bu prosedurun da reallaşdırılması uzun müddət vaxt aparır. Ukraynanın cəlb olunduğu müharibə və müharibənin siyasi, iqtisadi nəticələri də onun Aİ-yə üzvlüyə qəbulunu tormozlayan amillərdəndir. Başda Fransa olmaqla Aİ ölkələri müharibə içərisində olan ölkəni sıralarına rəsmi qəbul etmək istəmirlər.

Yeganə Hacıyeva: “Cəmiyyətimizin siyasətlə maraqlanmaması haqda yanaşma  doğru deyil”

Yeganə Hacıyeva

Politoloq Yeganə Hacıyeva “Yeni Müsavat”a şərhində bildirdi ki, Aİ-Ukrayna münasibətlərinin tarixinə nəzər salmaq lazımdır: “Məsələ ondadır ki, Ukraynanın quruma assosiativ üzvlüyünün tarixi 2013-cü ildən başlayır. Assosiativ üzvlük ilkin mərhələ olaraq beş illik bir proqramı əhatə edirdi. Bundan sonra daha dərinləşmiş münasibətlər qurulmalı idi. Bu münasibətlər uzun müddətli hesabda daha irəli getməli idi. Çünki faktiki olaraq Ukrayna Aİ-yə assosiativ üzvlüyə imza atmaqla özünün ərazi bütövülüyünü təhlükə altına salmışdı. Rusiya təhlükəsi o zamandan başlamışdı. Amma Avropa İttifaqı Ukraynanın bu riskinin qarşılığında ona istədiyini vermədi. Bu günə qədər də Avropa İttifaqı Ukraynanın istədiyi razılaşmalara imza atmır. Aİ Ukraynanı öz sıralarında görmək istəsəydi bu müddətdə, xüsusən də son 4 il ərzində real addımlar atmış olardı. Lakin biz əvəzində nə gördük? Aİ Ukraynanı üzvlüyə qəbul etmədən Ukraynada NATO ilə genişlənmiş müdafiə cəbhəsi açmaq fikrinə düşdü. Belə bir cəbhəni açdı və vəziyyət indiki hala gəldi. Ukraynanı Rusiya ilə üz-üzə qoydular və indi də deyirlər ki, Ukraynanı hələ Aİ-yə və NATO-ya üzv qəbul etmək olmaz.

Məsələnin digər tərəfinə gəldikdə Aİ ümumi qaydaları olan bir klubdur. Bu kluba üzvlərin və üzvlüyə namizədlərin davranış kodeksi adlı sənəd var. Bu gün Ukraynada baş verənlər Aİ üçün Ukraynanı cazibədar etmir. Baxmayaraq ki, dediyimiz kimi, Ukraynada baş verənlərdə, Ukraynanın bu vəziyyətlə üzləşməsində Aİ-nin rolu var, ən azından Aİ Rusiya-Ukrayna gərginliyində əslində tərəfdir, amma buna rəğmən Aİ özünü dürüst tərəf kimi aparmır, özünü mümkün qədər kənara çəkməyə çalışır. Maraqlarını təşviq etsə də Ukraynanı öz sıralarında görmək istəmir. Bu gün üçün Ukraynanın istər Aİ, istər NATO-ya üzvlük perspektivi yoxdur". 

Qəzet çapa gedərkən xəbər gəldi ki, Aİ liderləri Ukrayna ilə əlaqələri və tərəfdaşlığı daha da gücləndirmək niyyətlərini bildiriblər. Lakin ölkənin Aİ üzvlüyünə namizəd statusunun verilməsindən söhbət getmir. Bu nəticələr Aİ-nın martın 10-11-də Versalda (Fransa) keçirilən qeyri-rəsmi sammiti çərçivəsində qəbul edilib. Qəbul olunan qətnamədə deyilir: “Avropa Şurası Assosiasiya sazişində qeyd olunduğu kimi, Avropanın istəklərini və Ukraynanın Avropa seçimini tanıyıb. 28 fevral 2022-ci ildə Ukraynanın öz müqəddəratını seçmək hüququndan istifadə edərək, Ukrayna Prezidenti ölkənin Avropa İttifaqına daxil olması üçün müraciət edib. Şura dərhal hərəkətə keçib və Komissiyanı müqavilələrin müvafiq müddəalarına uyğun olaraq bu ərizəyə rəyini bildirməyə çağırıb. Bunu gözləyərək və gecikmədən Ukraynanın Avropa yolu ilə hərəkətinə dəstək olmaq üçün əlaqələrimizi daha da gücləndirəcək və tərəfdaşlığımızı dərinləşdirəcəyik. Ukrayna bizim Avropa ailəmizə aiddir. Bu gün isə Ukraynanın Avropa İttifaqına üzvlüyü müzakirə edilmir”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR