İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenskidən “alman hücumu” - Berlinlə Kiyev arasında qalmaqal necə bitəcək?

Ukrayna lideri alman həmkarının ziyarətini rədd edib, kansler isə bunu nankorluq sayır; politoloq: “Onun təcrübəli siyasətçi olmadığını nəzərə almalıyıq,  birdən-birə burulğana düşüb”

Almaniya prezidenti Frank-Valter Ştaynmayerin Ukrayna ziyarətinin rədd edilməsi böyük hadisədir. “Yeni Müsavat” xəbər verir ki, bu sözləri Almaniya kansleri Olaf Şolts “ZDF” kanalına müsahibəsində deyib.

Kanslerin sözlərinə görə, Ukraynaya bu cür hərbi və maliyyə yardımı göstərən, gələcəkdə lazımi təhlükəsizlik zəmanətlərinə ehtiyac duyulacaq Almaniya kimi bir ölkəyə Zelenskinin “Gələ bilməz!” deməsi qəbuledilməzdir.  “Almaniyanın göstərdiyi yardım sayəsində Ukrayna ordusu uzun müddət Rusiya hücumlarına qarşı müqavimət göstərə bildi”, - Şolts bildirib. Yada salaq ki, Ukrayna prezidenti Volodimir Zelenski Almaniya prezidenti Ştaynmayeri Kiyevdə görmək istəmədiyini deyib.

Ümumiyyətlə, Zelenskinin əvvəldən Almaniya ilə ulduzu barışmır. Ukrayna prezidentinin Aİ, BMT, ABŞ və s. beynəlxalq güclərlə bu ritorikada danışması, onlara vaxtaşırı umu-küsü etməsi, ünvanlarına tənqid söyləməsi bu dəfə daha ciddi diplomatik skandal yaratdı. Çünki Almaniya Zelenskinin ərköyünlüyünə dözmədi və onun səfirin dili ilə baş kansler haqda dediklərini geri oxutdurmağa çalışması olduqca ciddi gərginlikdir. Almaniya hökumətinin Ukraynanın Berlindəki səfirindən üzr tələbi əslində Zelenskiyə “tüpürdüyünü yalatdırmaq” istəyinə oxşayır. Onsuz da rəsmi Berlin əvvəldən Rusiya ilə münasibətləri korlamağa həvəsli deyildi, Ukraynaya yardımlarla bağlı tərəddüd edirdi. Bu diplomatik qalmaqal isə  Almaniyaya Rusiya ilə barışmaq üçün yeni fürsət verə bilər.

Yeri gəlmişkən, aprelin ortalarında “Bild” qəzeti yazmışdı ki, Zelenski alman həmkarı Ştaynmayeri qəbul etməkdən imtina edib. Səbəb kimi göstərilib ki, Almaniyanın rəhbəri Rusiyaya münasibətdə çox yumşaq davranıb. Əvəzində isə Zelenski Almaniyanın baş kansleri Olaf Şoltzun Kiyevə səfərini tələb edib. Yəni Zelenski kanslerə xoş münasibət bəsləyir, prezidentə qarşı sərt mövqedədir. Baxmayaraq ki, Almaniya Rusiyanın “Şimal axını - 2" layihəsinin sertifikasiyanı dayandırıb, Ukrayna ordusuna hərbi yardımlar edir, lakin güclü və hücum silahları verməkdən imtina edir. Zelenski isə Britaniya və ABŞ kimi Almaniyadan da adekvat səviyyədə dəstək gözləməkdədir.

Murad Sadəddinov: “Türkiyə artıq istənilən vaxt Azərbaycanın hərbi  müdafiəsinə qoşulmaq səlahiyyəti əldə edib”

 Murad Sadəddinov

Politoloq Murad Sadəddinovun “Yeni Müsavat”a bildirdiyinə görə, bu hərəkətlərə qiymət verərkən onun təcrübəli siyasətçi olmadığını nəzərə almalıyıq: “Zelenskiyə birdən-birə dünya siyasətinin burulğanına düşmüş prezident kimi baxmaq lazımdır. Razıyam ki, dünya siyasətində qəbul olunmayan çıxışlarına rast gəlirik və xalqı naminə emosional açıqlamalarını görürük. Mən onu haradasa başa düşürəm. Çünki məqsədi dünya birliyinin Rusiyaya qarşı mübarizədə dəstəyini almaqdır”.

Politoloqun sözlərinə görə, ümumən Almaniyanın Rusiya ilə kifayət ədər böyük əlaqələri var: ““Şimal axını-2” layihəsini yada salmaq olar. Bundan əlavə, Almaniyanın Rusiyadan böyük qaz asılılığı var. Odur ki, Almaniyanın bu müharibədəki addımlarında məhz həmin səbəblər rol oynayır.  Ancaq Zelenski də nəzərə almalıdır ki, bu cür çıxışlar zərərinə ola bilər. Misal üçün, yunan telekanalına müsahibəsi Türkiyə və Azərbaycanda mənfi qarşılandı. Ankara müharibədən əvvəl ”Bayraktar" verib, NATO ölkələrindən lazımi qədər dəstək verməyi tələb edib. O baxımdan Ukrayna prezidenti bəyanatlarında diqqətli olmalıdır. Bununla belə, təcrübəsiz bir siyasətçinin ağır prosesdə kiçik səhvlərini başa düşürük".

Ukrayna ABŞ-ın qurbanına çevrildi" - RAMİYƏ MƏMMƏDOVA

 Ramiyə Məmmədova

Siyasi ekspert Ramiyə Məmmədovanın fikrincə, Zelenski hamıdan kömək umur: “O, Almaniya prezidentindən Rusiyaya qarşı daha qətiyyətli addımlar gözləyir. Amma siyasət heç də bir tərəfin istəkləri ilə reallaşmır. Avropanın böyük dövlətlərindən sayılan Almaniyanın Rusiya ilə münasibətləri həmişə yaxşı olub. İndi Ukraynaya görə Berlin Moskva ilə əlaqələri tam gərginləşdirmək istəmir və postmüharibə dövrünü də fikirləşir. İstisna deyil ki, müharibədən sonra Avropanın Rusiyaya sanksiyaları getdikcə yumşala bilər. Ona görə Almaniya barışmağa yer saxlayır. Hər bir halda Zelenskinin bir dövlətin prezidentinin səfərini rədd etməsi diplomatik baxımdan uğurlu addım deyil”.

Siyasi şərhçinin sözlərinə görə, Zelenski bir-bir dövlətləri münaqişədə aktiv iştiraka çağırır: “Ukrayna lideri hesab edir ki, burada dünya müharibəsi gedir və demokratik qütblə şər dünyası arasında mübarizə yaşanır. Ona görə Zelenski Qərbdən daha ciddi yardım istəyir. Çünki Ukraynada Avropanın da taleyi həll olunur. Amma sözsüz ki, onun bu hərəkəti uğursuz və qeyri-peşəkardır”.

Qeyd edək ki, bugünlərdə Almaniya hökuməti Bundesverin ehtiyatında olan 7 ədəd “Panzerhaubitze 2000" özüyeriyən haubitsalarını Ukraynaya göndərmək niyyətindədir. Bu barədə ”Die Welt" nəşri mənbəyə istinadən yazıb. Nəşr bildirib ki, hazırda Bundesverin balansında 119 ədəd “Panzerhaubitze 2000" haubitsaları var ki, onların da yalnız 40-ı döyüşə hazır vəziyyətdədir. Qeyd edək ki, aprel ayında Almaniya müdafiə naziri Kristin Lambrext Ukraynaya ”Hepard" zenit raket qurğularının göndəriləcəyini bəyan etmişdi.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR