Onlayn ictimai-siyasi qəzet
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ prezidenti Trampın xüsusi təmsilçisi general Cozef Keyt Kelloqla görüşü barədə sosial media hesabında paylaşım edib.
O, görüşün məhsuldar keçdiyini və müzakirələrin bir sıra vacib məsələləri əhatə etdiyini bildirib.
“Yaxşı söhbət oldu, çox detallı müzakirələr apardıq. ABŞ-ın Ukraynaya göstərdiyi bütün dəstəyə və iki partiyanın birgə dəstəyinə görə minnətdaram. Bu, təkcə bizim üçün deyil, bütün azad dünya üçün vacibdir ki, Amerikanın gücü hiss olunsun,” – deyə Zelenski vurğulayıb.
Ukrayna liderinin sözlərinə görə, görüşdə döyüş meydanındakı vəziyyət, müharibə əsirlərinin qaytarılması və təhlükəsizlik təminatları geniş şəkildə müzakirə edilib.
“Ukrayna müharibənin ilk saniyəsindən etibarən sülhə can atır. Biz elə bir davamlı sülh yaratmalıyıq ki, Rusiya bir daha müharibə variantına qayıda bilməsin. Ukrayna ABŞ prezidenti ilə investisiya və təhlükəsizlik sahəsində güclü və həqiqətən faydalı bir razılaşmaya hazırdır. Ən sürətli və konstruktiv nəticəyə aparan yolu təklif etmişik. Komandamız 24/7 işləməyə hazırdır,” – deyə Zelenski əlavə edib.
O, həmçinin uğurun bütün dünyada ABŞ-la münasibətlərdə vacib olduğunu qeyd edərək, general Kelloqa “əhəmiyyətli nəticələrə nail olmaq üçün birgə işə görə” təşəkkür edib.
Musavat.com xatırladır ki, ABŞ prezidenti Donald Trampın komandası Ukraynanın təbii sərvətlərinin hasilatına dair 500 milyard dollarlıq müqavilə təklif etmiş və bu sənədin imzalanmasını Ukrayna prezidenti Volodimir Zelenskidən tələb etmişdi. Lakin Zelenski müqavilə layihəsi üzərində işləmək və onun Ukrayna qanunvericiliyinə uyğunluğunu təmin etmək üçün vaxt istəmişdi. Bu isə rəsmi Kiyev ilə Vaşinqton arasında gərginliyə səbəb olmuşdu.
Axios nəşrinin və Zelenskinin verdiyi son açıqlamalara əsasən, artıq bu fikir ayrılığı aradan qaldırılıb. Yenilənmiş müqavilə Kiyev tərəfindən razılaşdırılıb və ABŞ-la Ukrayna arasında yaranmış mübahisə həll edilib.
Musavat.com
21 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ