Onlayn ictimai-siyasi qəzet
2024-cü ilin 7 fevral tarixində xalqımız yenidən öz siyasi iradəsini ortaya qoyacaq!
Əvvəlki seçkilərlə müqayisədə 2024-cü il Prezident seçkisinin üzərimizdəki mənəvi yükü daha böyükdür. Bir xalqın və bir dövlətin yaşamının 30 il boyunca hər sahəsinə öz təsirini göstərmiş, ümümxalq yarasına çevrilmiş Qarabağ Savaşının bitməsi və ərazi bütövlüyünün bərpası Azərbaycanın yeni şanlı tarix səhifəsinin açılması deməkdir.
Bu seçkilər bir dövlətin müstəqilliyi, ərazi bütövlüyü və rifahı üçün çalışan Şəxsiyyətin xalq tərəfindən yenidən təsdiqlənməsi və mənəvi borcunu yerinə yetirəcəyi seçkilər olacaq. Bu dəfə qalib xalq olaraq, Qalib Azərbaycanın Ali Baş Komandanını, Ölkə prezidentini – Liderini seçəcəyik!
Bu il xalq olaraq, ölkəmizin hər bir bölgəsində böyük məqsədlər və hədəflər uğrunda irəliləyən Azərbaycanın bütövləşən ərazisində prezident seçkilərində iştirak etmək vətəndaşlıq borcumuz olacaq! Çünki müstəqil Azərbaycanın tarixində ilk dəfədir ki, seçkilər bütün ölkə ərazisində keçiriləcək. 44 günlük Vətən Müharibəsi və 2023-cü ilin antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası həm regionda, həm də ölkəmizdə yeni reallıqlar yaradıb.
Növbədənkənar prezident seçkilərinin keçirilməsi də məhz ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir. Bir sözlə, 7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar Prezident seçkilərini “Zəfər seçkiləri” adlandırsaq, daha düzgün olar. Bu bir həqiqətdir ki, hər bir şəxs seçkilərdə vətəndaş mövqeyini ortaya qoymaqla, həm də namizədin seçki proqramı, onun fəaliyyəti və seçicilərə verdiyi vədlərin yerinə yetirməsinin səviyyəsini də göz önündə tutur.
Yeni Azərbaycan Partiyasının (YAP) namizədi kimi seçkilərdə iştirak edəcək cənab İlham Əliyevin son 20 illik fəaliyyəti dövründə verdiyi bütün vədlər uğurla yerinə yetirilib. İstər siyasi sistemin təkmilləşdirilməsində, istər sosial-iqtisadi sahələrdə əldə edilən uğurlarda, istərsə də Azərbaycan xalqının ən böyük problemi olan Qarabağ münaqişəsinin həll olunmasında cənab İlham Əliyevin imzası var.
2023-cü il oktyabrın 15-də isə Prezidentimiz Xankəndinin mərkəzi meydanında Azərbaycan bayrağını yüksəltməklə, ərazi bütövlüyümüzün bərpa olunduğunu bütün dünyaya nümayiş etdirdi. Bu, xalq qarşısında verilmiş ən böyük vədin yerinə yetirilməsi idi: 30 ildən sonra Azərbaycan bayrağı ölkənin bütün ərazisində dalğalandı. Azərbaycan xalqının 20 il əvvəl qəbul etdiyi qərarın nə qədər müdrik olduğunu Prezident İlham Əliyevin bu sözləri bir daha təsdiqlədi: “Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi”.
İyirmi il dövlətçilik baxımından elə də böyük bir müddət olmasa da, bu zaman keçidi xalqımızın dövlətçilik tarixində ölkəmizin qarşısında duran hədəflərin reallaşdırılması, respublikamızın ardıcıl inkişafının təmin edilməsi, müstəqilliyinin daha da möhkəmləndirilməsi, tarixi nailiyyətlərin əldə olunması kontekstində ən parlaq, ən şanlı dövrlərdən birini təşkil edir. Dövlətimizin başçısı İlham Əliyev yeni minillikdə və müasir çağırışlar fonunda Azərbaycanı modernləşdirmək, yeni inkişaf mərhələsinə qovuşdurmaq missiyasını çox uğurla yerinə yetirmişdir.
Prezident İlham Əliyev Azərbaycanın bugünkü və gələcək inkişafının təminatçısıdır. O, Azərbaycanın çağdaş tarixinə yeni missiya ilə daxil olmuşdur. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan özünün milli dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır. Bu gün müzəffər Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı Ermənistanın işğalçı qüvvələrindən azad etmək kimi müqəddəs vəzifəni şərəflə yerinə yetirmişdir.
Qalib Liderin qəbul etdiyi milli strategiya nəticəsində ölkəmiz bu gün yüksək inkişaf dövrünü yaşayır. Xarici və daxili siyasətdə əldə edilən uğurlar bu strategiyanın nə qədər düzgün və dəqiq planlaşdırıldığından xəbər verir. Aparılan daxili siyasət, vətəndaşların yüksək rifaha çatdırılması milli inkişaf strategiyasının əsas məqsədlərindən biri olub. Cənab İlham Əliyev rəhbərlik etdiyi müddətdə hər bir azərbaycanlının Prezidenti olduğunu dəfələrlə deyib və eyni zamanda, bunu əməli fəaliyyətində də ortaya qoyub.
Dünya iqtisadiyyatının dərin böhran vəziyyətində belə ölkəmizə neqativ təsirlərin minimuma endirilməsi məhz bu strategiyanın effektivliyindən xəbər verir. Azərbaycanı inkişaf yoluna çıxaran cənab İlham Əliyev özünün uzaqgörən, qətiyyətli və müdrik siyasəti ilə həm də xalqımızın tarixi arzusunu reallaşdıraraq, torpaqlarımızın işğaldan azad olunmasını təmin etdi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev 44 günlük Vətən müharibəsinin əsl qəhrəmanı oldu.
Ali Baş Komandan İlham Əliyev tariximizdə bir çox ilklərin müəllifi kimi, bu savaşda da yeni texnologiyaları tətbiq edərək müasir hərb dərsliklərinə düşəcək bir ilkə imza atdı. Xalqımızın Zəfəri ilə başa çatan Vətən savaşının yaratdığı əsas reallıqlardan biri Azərbaycanın tarixində yeni inkişaf mərhələsinin başlamasıdır. Bu mərhələdə qarşıya qoyulan hədəflər bəllidir və Prezident İlham Əliyevin də elan etdiyi kimi, indi dövlətimizin milli ideyası işğaldan azad olunmuş ərazilərin bərpası, Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulmasıdır.
Hazırda bütün dünya cənab İlham Əliyevin möhtəşəm quruculuq əzmi sayəsində Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma işlərinə şahidlik edir. Bəli, bu gün dönüb tarixə nəzər saldıqda, cənab İlham Əliyevin rəhbərliyi ilə ötən 20 ildə keçilən yüksəliş yolunun nə qədər möhtəşəm, nə qədər qürurverici olduğunu görürük. Müzəffər Ali Baş Komandan İlham Əliyev yalnız dünənin və bu günün deyil, həm də gələcəyin lideridir.
2024-cü ilin 7 fevral seçkilərində də Azərbaycan seçiciləri tariximizin ən möhtəşəm Zəfərinə öz münasibətlərini bildirəcək, Zəfərlərimizin davamının gəlməsi üçün qalib Liderə səs verəcəklər. 7 fevral tək Zəfər seçkisi deyil, həm də yeni tarixin başlanğıc günüdür. Bu seçkidən sonra növbəti dəfə xalqının etimad mandatını qazanan cənab İlham Əliyev daha möhtəşəm tarixi işlərin təməlini qoyacaq, bölgədə əbədi sülh, əməkdaşlıq, tərəqqi bərqərar olacaq, Azərbaycan daha da güclənəcək, böyüyəcək, ən xoşbəxt insanların yaşadığı bir ölkəyə çevriləcək!
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ