Onlayn ictimai-siyasi qəzet
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Qərbin Ukraynada çoxmillətli “könüllü dövlətlər koalisiyası” yaratmaq təşəbbüsünü sərt tənqid edib.
Musavat.com xəbər verir ki, o bildirib ki, Moskva bu təşəbbüsü birbaşa hərbi müdaxilə planı kimi qiymətləndirir və belə birliklərin Ukrayna ərazisində yerləşdirilməsi halında onların Rusiya üçün qanuni hədəf sayılacağını bəyan edib.
“Bu, klassik müdaxilə modelidir. Biz bu cür qruplaşmaları legitim hərbi hədəf kimi görəcəyik”, – deyə Zaxarova Moskvada keçirilən həftəlik brifinqdə vurğulayıb.
O, həmçinin Almaniya müdafiə naziri Boris Pistoriusun “Rusiya NATO-ya hücum etsə, alman əsgərləri rus hərbçiləri öldürməyə hazırdır” fikirlərinə də münasibət bildirib. Zaxarova bu açıqlamanı “vəhşilik nümunəsi” kimi dəyərləndirib və əlavə edib ki, Rusiya heç bir NATO ölkəsinə hücum etməyi planlaşdırmır.
Brifinqdə səsləndirilən digər mövzulardan biri də Pridnestrovyedəki vəziyyət olub. Zaxarova qeyd edib ki, Moskva regionda baş verən prosesləri diqqətlə izləyir və hər cür, o cümlədən ən neqativ ssenarilərə qarşı adekvat reaksiya verməyə hazırdır.
Avropa İttifaqının Ermənistana 2,5 milyard avro vəsait ayırmaq vədi də Rusiya XİN sözçüsünün tənqidindən yayınmayıb. Zaxarova bu təşəbbüsü belə şərh edib:
“Bu, klassik Qərb yanaşmasıdır – əvvəlcə vədlər verilir, sonra isə həmin ölkəni borclandırıb nəzarət altına alırlar”.
Rusiya tərəfi baş verənləri Qərbin postsovet məkanında öz təsir dairəsini genişləndirmə cəhdi kimi qiymətləndirir.
Musavat.com
21 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ