Onlayn ictimai-siyasi qəzet
Kremlin Ermənistanda hakimiyyətə gətirmək istədiyi milyarderlərdən biri Bakıda, biri də İrəvanda həbsdədir; Rusiyanın planı bu dəfə baş tutacaqmı - rəy
Rusiya vətəndaşı olan erməni oliqarx və milyarder, 44 günlük müharibə zamanı işğalçı ölkəyə qanunsuz silahlar göndərdiyi üçün Azərbaycanda haqqında cinayət işi açılmış Samvel Karapetyanın Ermənistanda həbs olunması haqda xəbər vermişik. Formal olaraq o, erməni Apostol kilsəsini dəstəklədiyi və Paşinyan hökumətinin üzərinə getdiyi üçün saxlanılıb. Karapetyan həbsini siyasi motivli sayır.
“Nikol Paşinyan 2026-cı ilin iyununda yenidən necə qalib gələcəyi ilə bağlı baş sındırır. Bu məqsədlə də yeni kampaniyalara, o sırada erməni kilsəsinə qarşı mübarizəyə başlayıb”.
“Yeni Müsavat” xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB ölkələri ilə iş üzrə komitə sədrinin 1-ci müavini, Azərbaycan düşməni Konstantin Zatulin deyib. O hesab edir ki, Karapetyan erməni xalqının lideri ola biləcək bir şəxsdir və Paşinyanın “qanunsuz” addımları ona özünü təkcə biznesmen və xeyriyyəçi kimi yox, həm də siyasətçi təsdiqləmək şansı verir.
“Mən Samvel Karapetyanı yaxşı tanıyıram və əminəm ki, o, öz xristian kökündən, erməni kilsəsinə hörmətindən danışanda səmimidir”, - deyə bədnam deputat qızışdırıcı sözlərinə davam edib.
Qeyd edək ki, K.Zatulin sıradan bir deputat deyil, komitə sədrinin müavini, Putinin sədri olduğu hakim “Vahid Rusiya” Partiyasının üzvü, ən əsası Ermənistanı kurasiya edənlərdən biridir. Az öncə isə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova Karapetyanı müdafiə edəcəklərini bildirmişdi.
Edəcəklərmi? Kremlin planı yeriyəcəkmi? Azərbaycanın axtarışa verdiyi şəxsin hakimiyyət olimpinə qalxması mümkündürmü?
Çingiz Qənizadə
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə “Yeni Müsavat”a bildirdi ki, Karapetyan Rusiyanın Ermənistanda növbəti siyasi cəhdidir. Hüquq müdafiəçisi onu Gürcüstanın milyarderi Bdzina İvanişvili, yaxud da Bakıda həbsdə olan milyarder Ruben Vardanyanla müqayisə etdi: “Rusiya Saakaşvilini seçki yolu ilə devirməyi bacardı və biznesmen İvanaşvilinin qurucusu olduğu partiya iqtidara gəldi. 2012-ci ildən Moskvaya yaxınlığı ilə seçilən bu qüvvələr hakimiyyətdədir. Kreml oxşar ssenarini o zaman Qarabağ üzərindən Vardanyanla oynayıb onu İrəvanda hakimiyyətə gətirmək istəyirdi, alınmadı və indi Bakıda mühakimə olunur. Bu dəfə Karapetyanla - daha bir iş adamı ilə Paşinyanı dəyişməyə cəhd olundu, amma yenə alınmadı. Nəzərə alaq ki, Karapetyan böyük pullara və Ermənistanda biznesə sahib iş adamıdır, ən əsası isə Rusiya vətəndaşıdır. Yəni Paşinyanın onu həbs etməsi Kremllə sövdələşmə predmeti ola bilər. Çünki Karapetyan Rusiya vətəndaşıdır və onu uzun müddət həbsdə saxlaya bilməzlər. Bir yandan Putinin təzyiqləri artacaq, bir tərəfdən isə hüquqi cəhətdən onun Rusiyaya ekstradisiyası məsələsi qaldırıla bilər. Bununla belə, Karapetyanın hələ həbsdə qalacağını gözləyirəm”.
Hüquq müdafiəçisi vurğuladı ki, gələn ilin iyununa qədər onun həbsdə qalması istisna deyil və bu müddətdə Paşinyan seçkidəki əsas rəqibi zərərsizləşdirmiş olacaq: “Köçəryan da həbs olunanda Putin Paşinyana onun azad edilməsi üçün müraciət ünvanlamışdı. Karapetyanın sərbəst buraxılması üçün eyni xahişin olacağı mümkündür, yuxarıda dediyim kimi, siyasi sövdələşməyə gediləcəyi gözlənilir. Hər halda, görünür, Rusiyanın bu planı da baş tutmadı. Üstəlik, Ermənistanda ictimai əhval-ruhiyyə anti-Rusiyadır, o səbəbdən Moskva kimi namizəd kimi ortalığa atmağa başlasa, daxildən dəstək ala bilmir. Karapetyan haqda bunu söyləmək bir qədər çətindir, çünki oliqarxdır, sadə ermənilərə pul xərcləyərək səs qazana bilər. Paşinyan da bunu bildiyi üçün indidən qarşısını alır. Azərbaycana da onun həbsi sərf edir. Bakının axtarışa verdiyi şəxsi özümüz istintaq cəlb etməsək də, bunu Ermənistan edib. Əsas odur ki, cəzasını çəksin. Onun işğalçılara verdiyi dəstəklə bağlı sübutlar əlimizdədir”.
Arayış üçün bildirək ki, Karapetyan Rusiyanın “Taşir” şirkətlər qrupunun rəhbəridir. “Forbes” nəşrinin siyahısına əsasən hazırda Karapetyanın 4 milyard dollar sərvəti var. O, Rusiya vətəndaşı Albert Avdolyandan sonra dünyada ən zəngin erməniəsilli şəxs hesab edilir. 1965-ci ilin avqustunda Ermənistan SSR-in Taşir (əvvəl Kalinino) şəhərində doğulan Karapetyan İrəvan Politexnik İnstitutunu bitirdikdən sonra 1990-cı illərdə Rusiyaya köçərək Kaluqa şəhərində “Gazprom”a xidmət edən logistika şirkətinə rəhbərlik etməyə başlayıb. 1999-cu ildə “Taşir Group”u yaradıb. Bu holdinqə bağlı 200-dən çox şirkət fəaliyyət göstərir və işçilərinin ümumi sayı 30 mindən çoxdur.
Karapetyanın Rusiyadakı əsas biznes sahələri aşağıdakılardır:
- Ticarət mərkəzləri: “RIO” brendi altında 16 ticarət kompleksi, 1,1 milyon kv/m ticarət sahəsi;
- Ofis və anbar sahələri, təxminən 98000 kv/m ofis, 48000kv/m anbar;
- 8 hotel, o cümlədən məşhur “Novotel Moscow City” və “Ararat Park Hotel Moscow” hotelləri;
- Moskva və regionlarda çoxsaylı yaşayış, ofis layihələri inşa edib.
Eyni zamanda Karapetyan Moskvada uzunmüddətli müqavilələr imzalayıb və mərkəzi küçələrin işıqlandırılmasını həyata keçirib.
Karapetyanın İrəvanda iki böyük ticarət mərkəzi var. Ermənistanın Elektrik Şəbəkələri şirkəti (“Electric Networks of Armenia”) ilə Hrazdan Termik Elektrik Stansiyasının səhmlərini də alıb.
O, həmçinin Moskvadakı “Ararat” futbol klubunu dəstəkləyir və erməni iş adamlarından ibarət “Association of Armenian Entrepreneurs” təşkilatına rəhbərlik edir. Qardaşı Karen Karapetyan isə Ermənistanın tanınmış siyasətçilərindən biridir.
Onu da qeyd edək ki, Azərbaycan Prokurorluğu 2021 ci ildə Karapetyan barəsində Cinayət Məcəlləsinin 5 maddəsi (100.1, 218.1, 228.3, 279.1 və 206.4-cü) ilə cinayət işi açıb və o, beynəlxalq axtarışa verilib. Karapetyan eyni zamanada Rusiya Prezidenti Vladimir Putinə yaxın olan iş adamı kimi ABŞ-ın sanksiya siyahısına salınıb.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
26 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ