İnsanlara hürriyət, millətlərə istiqlal!

SOS: Bu göbələkləri yeməyin!

Zəhərlənmələr daha çox meşə göbələklərindən olur - həkimdən xəbərdarlıq

Quba rayonunun Seyidlər kəndində bir ailənin üç üzvünün göbələkdən zəhərlənməsi hadisəsi ölkədə mövsümi olaraq gündəmə gələn ən ciddi sağlamlıq risklərini bir daha xatırlatdı. Hadisə oktyabrın 2-si səhər saatlarında qeydə alınıb. Seyidovlar ailəsinin üç üzvü - 1959-cu il təvəllüdlü iki nəfər və 1997-ci il təvəllüdlü bir nəfər - göbələk yedikdən sonra halı pisləşdiyi üçün Quba Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

TƏBİB-dən verilən məlumata görə, xəstələrə “dispepsiya” (mədə-bağırsaq funksional pozuntusu) diaqnozu qoyulub, ilkin tibbi yardım göstərildikdən sonra vəziyyətləri qənaətbəxş hesab edilərək evə buraxılıblar. Hadisə xoş sonluqla bitsə də, bu, ölkədə göbələk zəhərlənmələrinin artmaqda olan təhlükəsini aradan qaldırmır.

Azərbaycan bazarında həm sənaye üsulu ilə istehsal olunan, həm də təbii şəraitdə yığılan göbələklərə rast gəlinir. Mütəxəssislərin fikrincə, ən böyük risk məhz təbiətdə bitən göbələklərlə bağlıdır. Çünki növlərin oxşarlığı adamı çaşıdırır. Zəhərli və yeməli göbələkləri ayırd etmək hətta təcrübəli yığıcılar üçün də çətin ola bilər. Eyni zamanda saxlanma şəraiti də nəzərə alınmalıdır. Göbələk çox tez xarab olan məhsuldur, düzgün saxlanmadıqda yeməli növ belə zəhərli hala gəlir. Həmçinin bəzi zəhərli göbələklərin toksinləri bişirmə, qaynatma və qurudulma zamanı məhv olmur.

Ən təhlükəli göbələklərdən biri “Amanita” cinsinə aid “solğun əzvay”dır. Onun kiçik bir parçası belə insanı öldürə bilər. Xüsusilə şampinyon göbələyi ilə oxşarlığı səbəbindən tez-tez səhv salınır. Bu göbələyin tərkibində olan amanitin toksinləri qaraciyəri, qan hüceyrələrini və digər həyati vacib orqanları zədələyərək, geri dönməz fəsadlar törədir.

Səhiyyə mütəxəssisləri hər il yaz-payız mövsümündə onlarla göbələk zəhərlənməsi faktı qeydə alındığını bildirirlər. Xüsusilə kənd yerlərində insanlar “təbiətin bəxşişi” hesab edilən göbələkləri yığaraq qida kimi istifadə edir, lakin bu proses çox vaxt ciddi nəzarətsiz baş verir. Nəticədə hər mövsümdə ölüm halları da müşahidə olunur.

Əhali arasında göbələk növləri barədə maarifləndirmə demək olar ki, aparılmır. Satışa çıxarılan göbələklərin təhlükəsizliyi ilə bağlı ciddi dövlət nəzarəti də yoxdur.

Qubada baş verən hadisə xoşbəxtlikdən ölümlə nəticələnməsə də, gələcək üçün ciddi dərslər verir.

Tanınmış alimi maşınla vuran Azər Maqsudov imiş

 Azər Maqsudov 

Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov mövzu ilə bağlı “Yeni Müsavat”a bildirib ki, mağazalarda əsasən zəhərsiz göbələklər-şampinyon və onun növləri satılır: “Onlar zəhərlənməyə səbəb olmur. Ancaq saxlanma müddətinə fikir vermək lazımdır. AQTA hər dəfə zəhərlənmə hadisəsi zamanı dəqiqliklə araşdırır. Marketlərdə zəhərli göbələk növləri satılmır. Amma qida məhsulu kimi göbələyə qarşı bəzi insanlarda həssaslıq ola bilər. Bu zaman onların orqanizmi yeyilən göbələyə qarşı reaksiya verir.

Saxlanma müddəti keçəndə də zəhərlənmə effekti yaradır. Məhsulun üzərindəki vaxt 10 günü və ya 2 həftəni keçibsə, qəti şəkildə onu yemək olmaz.

Göbələk çox qüvvətli qida məhsuludur. Yeyəndən sonra mədə nahiyəsində köp, ağrılar, dəri səthində qızartılar olarsa, bu o deməkdir ki, bu qida orqanizmə düşmür. Ondan uzaq durmaq lazımdır".

Həkim deyir ki, zəhərlənmələr daha çox meşələrdən yığılan göbələklərin istifadəsi halında müşahidə olunur: “Yol kənarlarından və ya bazarlardan göbələk aldıqda ehtiyatlı olmaq lazımdır. Ona görə ki, onların içində zəhərli göbələk ola və ağır zəhərlənməyə səbəb ola bilər. Bazarlarda sanitar epidemioloji yoxlama aparılmalıdır ki, zəhərli növ satışa buraxılmasın”.

Nehrə Yağı” adı altında görün nə satılır- XƏBƏRDARLIQ - Ajans.az

Fərid Səfərov

Mövzu ilə bağlı danışan qida eksperti Fərid Səfərov bildirib ki, göbələk zəhərlənmələrinə hər payızda tez-tez rast gəlinir və çox vaxt ölümcül ola bilir. Ona görə də göbələk seçərkən ehtiyatlı olmaq mütləqdir :"Yalnız sertifikatlı satış məntəqələrindən, supermarketdən və ya bazarda rəsmi satıcılardan alın, burada göbələklər adətən laboratoriyadan keçmiş olur.

Ən təhlükəsiz seçim şampinyon, istiridyə (pleurotus), portobello kimi süni şəraitdə yetişdirilən göbələklərdir. Bunlar satışa çıxarılmadan əvvəl yoxlanılır. Qurudulmuş və qablaşdırılmış göbələklər də təhlükəsizlik baxımından üstünlük təşkil edir.

Meşədən toplanmış naməlum göbələklər. Çox vaxt zəhərli növlər yeməli olanlarla çox oxşar olur. Ağ göbələk (amanita phalloides - ölüm mələyi) ən təhlükəli növdür, çox az miqdarı belə insanı öldürə bilər. Qırmızı amanita (amanita muscaria) halüsinasiyalara və ciddi zəhərlənməyə səbəb olur. Qara qalpaq, yaşıl çalarlı, çox parlaq rəngli göbələklər adətən zəhərli olur. Tanımadığınız heç bir yabanı göbələyi yeməyin. “Heyvanlar yeyib, biz də yeyə bilərik” kimi inanclar əsassızdır.

Evdə saxlanılan göbələkləri uzun müddət açıqda qoymayın - tez xarab olur və toksin yığılır".

Şahanə RƏHİMLİ,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR