İnsanlara hürriyət, millətlərə istiqlal!

Zahid Orucdan ŞOK SÖZLƏR: "Ən böyük diktatura sevimli yazıçınız Əkrəm Əylislinin dediyi..."

Son 20 ildə məxməri, ya silahlı elə bir inqilab, dövlət çevrilişi və vətəndaş qarşıdurması olmayıb ki, bir ovuc qüvvə qeyri-sabitlik dalğasının bizim ölkəmizə də keçəcəyini iddia eləməsin. 2000-ci ildə Suxarto İndoneziyasından Qəzzafi Liviyasına, Səddam İrakından Əsəd Suriyasına qədər hamısı Xalq Cəbhəsinin rəngli xəyallarının siyasi qibləgahı olub.

Musavat.com xəbər verir ki, bu sözləri Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, millət vəkili Zahid Oruc parlamentin iclasında deyib.

Deputatın çıxışını təqdim edirik:

Biz dünyanı bir mərkəzdən yönləndirənlərə həsəd aparanları anlayırıq, lakin qum səhrasındakı Cümhuriyyəti dağıdanlara, min illik sivilizasiyanı din bayraqlı beynəlxalq terrorçuların əli ilə yıxanlara, Allahü-əkbər sədalı edamçılara və milyonlarla qaçqınlar ordusuna “demokratik inqilab” deyənləri qəbul etmirik. Bizim də 1 illik hakimiyyətin sonu çadır şəhərcikləri və çiy kərpiclər məmləkəti olmuşdu.

Bir vaxtlar, Bismark millətini “dəmir və qan şüarı” ilə birləşdirdi. İndi bütün dünya inqilablarının sonu qan və göz yaşlarıdır. Gürcülər çoxdandır Corc Buş küçəsindən nifrətlə keçirlər. Təkcə 90-cı illərin yox,  30 il sonrakı  xəyali Cəbhə hakimiyyətinin də müasir şəkli elə Suriyadır.

Ararat Mirzoyan 2 dekabrda Beynəlxalq Cinayət Məhkəməsində çıxışı zamanı bir dəfə də olsun Azərbaycanın,  İlham Əliyevin adını çəkmir, bizim terror mediamız və xalqsız cəbhəsizlər isə millətimizə soyqırım yaşadanları DTX təcridxanasına gətirən lideri necə tribunala verməkdən danışırlar. Görün, indi düşmən kimdir?

Adam mübarizəni ləyaqətlə aparar. 44 günlük müqəddəs müharibənin sonunda erməni Təhlükəsizlik katibi Baş nazirinə məktub yazır ki, bir xilas yolumuz var-Azərbaycanın əsas müxalifəti 8 noyabrı məğlubiyyət  sayır. Qarabağı ermənilərə qaytarmağın yolu, Xalq Cəbhəsini hakimiyyətə gətirməkdir. Baxın, ermənilər siyasi tomoqrafiyanıza baxıb hansı planları qurur?

İlham Əliyev dünyanın ən demokratik, açıq görüşlü, mərd və hələ ki, tək qalib lideridir. Əsil xalq, millət cəbhəsinin rəhbəri də odur. Qarabağ dalğasında meydana, siyasətə və prezidentliyə gələnlərin hakimiyyət yolu birdəfəlik bağlanıb. Əllərini qızdırmaq üçün bütün ölkəni yandırmağa hazır olanlar, bizi 20 faizi itirilən Gürcüstana, 30 faizi olmayan Ukraynaya, 40 faizi qalan Liviyaya niyə bənzədirlər ki. Bəlkə əksinə, məzlumiyyətə və əsarətə qarşı  savaşan xalqlar azərbaycanlıları özlərinə simvol seçib torpaq, azadlıq və mənəvi bütövlük qazansınlar! Çünki 100 faiz olmuşuq!

Vətən müharibəmiz etimad referendumu oldu. Sevilməyən Ali Baş Komandanla savaş qazanılmır. Bizim əsil Azadlıq meydanımız dünyəvi inqilabımızın və qəhrəmanlığımızın zirvəsi olan Şuşadır. Ona görə də İlham Əliyevin prezidentlik müddəti ərazi və siyasi bütövlük günümüzdən-8 noyabrdan və 20 sentyabrdan hesablanmalıdır. Çünki Qalibiyyət Təqvimini və Yeni milləti yaradan Odur! Ən böyük diktatura sevimli yazıçınız Əkrəm Əylislinin dediyi xaos diktaturasıdır!

Bütün siyasi qüvvələrlə qardaşlığın tək yolu var - Qələbəmizə müxalif olmayın!"

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR