Onlayn ictimai-siyasi qəzet
15 oktyabrda hakimiyyət birinciliiyinə gələn İlham Əliyevin gücü söykəndiyi Heydər Əliyev kursunda olsa da sovet və müstəqillik illərində əvəzolunmazlaşan Ulu öndərin obrazı oğul Əliyevə həm də maneə idi. Uzun illər bir liderin idarəçilik üslubuna öyrəşən, onu ideallaşdıran və tərənnüm edən bir millət üçün “Heydər Əliyevdən sonra...” ifadəsi böyük bir boşluğu əks etdirirdi, rəhbərliyə kim gəlsəydi, ata Əliyevin kölgəsində qalacaqdı. Lakin İlham Əliyev nəinki əvvəlki siyasi irsi mexaniki təkrarlamadı, üstəlik rəngli inqilablar və qlobal təhlükələr dövründə onu daha da zənginləşdirdi, bəzən önə keçdi və 17 illik parlaq idarəçiliyi Zəfərə qovuşdurdu. Beləliklə, İlham Əliyev Ulu öndərin SSRİ və müstəqillik dövründəki rəhbər titiullarını xalqın nəzərində diri saxladı, onu mənəvi və siyasi baxımdan canlı tutdu.
Vaxtilə Konrad Adenauer kiçik qələbələrlə millətini məğlubiyyət şokundan çıxardığı kimi, İlham Əliyevin mədəniyyətdən idmana, sivilizasiyalararası dialoqdan humanitar forumlara qədər bütün tədbir və görüşlərinin, qərar və sərəncamlarının tək bir məqsədi vardı-torpaq bütünlüyü və suverenliyin təminatı. Son 300 ildə xalqımıza bəlalar gətirən yad ideologiyalar, baxışlar, dövlətlərarası sövdələşmələr, informasiya müharibələri və qlobal siyasi kampaniyalar onun müqavimət gücü ilə sonda iflasa uğradı. 87-ci ilin Humanite jurnalı, Abel Aqanbekyan, Mixail Qorbaçov və sovet elitası, 20 yanvarı alqışlayan Amerika və Fransa rəhbərləri, Qərb mediası, son 30 ildə əleyhimizə yer alan 100-lərlə qüvvə də indi məğlublar sırasındadır. Lakin qələbəmizin tərəfdarları daha çoxdur.
Tarixi düzgün oxumaq, bir çox şərqli rəhbərlər kimi keçmişə hissi-emosional deyil, rasional yanaşmaq-Pənahəli xandan Rəsulzadəyə, Nərimanovdan, Bağırovdan, Elçibəydən Ulu öndər Heydər Əliyevə qədər müxtəlif formasiya və ideologiyalarda xalqımıza rəhbərlik edən şəxslərin yarımçıq qalan ideallarını gerçəkləşdirən İlham Əliyev əsrlərin lideri oldu. Bəli, 45 günlük müharibədə qazanılan Zəfər, Zamanı və yaşadığımız yüz ili aşdığına görə dövlət başçısının statusu normativ prezident və Ali Baş Komandan titulundan daha üstündür. İlham Əliyev 45 günlük müharibədə qazanılan parlaq Zəfərlə milyonlarla azərbaycanlını 20 faizlik natamamlıqdan xilas etdi, bütöv vətəndaşla yeni-4-cü Respublikanı qurdu. Cümhuriyyət, sovet dövrü, müstəqilliyin ilk illərindən ta 2020-ci ilə qədər ölkənin və xalqın siyasi təcümeyi-halı son 3 ilin dövləti ilə eyni deyil və biz fərqli milli kimliyə, yeni Respublikaya qovuşmuşuq. 8 noyabr Zəfər və 20 sentyabr “Bütövlük günü” 4-cü Respublikanın təvəllüd tarixidir. İndi fərqli siyasi təqvim-sülh erası başlayır. Əslərdir axan qan və göz yaşları nəhayət, durur və yeni ədalətli dünya nizamının əsası Qafqazda qoyulur.
Rusiya-Ukranya savaşına, yaxud böyük siyasi qəzaya çevrilən Qəzzadakı qanlı toqquşmalara son qoyulması üçün adil vasitəçiliyi haqq edən də İlham Əliyevdir. Yaxın Şərqdə savaşın şiddət və amansızlığı qələbəmizin əzəmətini, Azərbaycanın müharibəni ləyaqətlə apardığını və yeni hərbi qanunlar yazanlar üçün əsil Bakı Konvensiyasını dünyaya nümayiş etdirir.
İlham Əliyevin liderliyi təkcə ötən 20 ilin deyil, daha çox gələcəyin-2044-cü ilin Azərbaycanının aydın üfüqlərini yaradır. Nəinki ölkəmizin, eləcə də bölgəmizin sabahı İlham Əliyevin gələcək 20 illik kursundan asılıdır. Qələbəmizdən sonra yaranacaq yeni birliklərdə Azərbaycan əsas söz sahibidir. Bakı, Tiflis və İrəvan arasında tarixi bağlar bərpa olunduqca, 200 il sonra ermənilər və bütün region xalqlarını iqtisadi rifaha qovuşduran arteriyalar açıldıqca, 200 km qısalan qədim yollar dirçəldikcə, dünya erməniçiliyi Azərbaycanla birgə sülhün və rifahın inşasına qoşulacaqlar. Qafqazın Marşal planı Qarabağda və dünyada sülh şüarı ilə barışın coğrafiyasını genişləndirəcək, ermənilər mifik tarixdən, Sprük və Miatsumdan qurtularaq Ermənistanı da xilas edəcəklər!
Heydər Əliyevin yubileyində qazandığımız Qurtuluş və Xilaskarlıq Türkiyə Cümhuriyyətinin 100 ili ilə eyni siyasi mənanı daşıyır və “Azərbaycanın möhtəşəm 100 ili” adlana bilər. Əslərdir bölgəmizə fəlakət gətirən “parçala və hökmr sür” siyasəti Əliyevin “birləşdir və firavan et” kursu ilə əvəz olunur. Bəli, qalib dövlətin ordusu qədər, sülh siyasəti də güclü olmalıdır. Qafqaz xalqlarında nəsildən-nəslə ötürülən düşmənçilik mirasını durdurmaq da hərbi Zəfər qədər əhəmiyyətlidir.
Ötən əsrin 30-cu illərində Böyük depressiyadan sonra “Amerika arzuları” formalaşdı. Qonşu gürcülər də eyni adı seçdilər. 1987-ci ildə nifaq və düşmənçilik Ocağı yazan, onu yandıranları məğlub edəndən sonra Azərbaycan arzuları tam gerçəkliyə çevrildi: Savaşı harada başlanıbsa, orada-Topxanada bitirən millətimizin arzuları Barış və Sülh üçün Ocaq yandırmaqdır.
Zahid Oruc,
Milli Məclisin deputatı
30 Noyabr 2024
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ