Onlayn ictimai-siyasi qəzet
Fransa prezidenti Emmanuel Makron Bakıda keçirilən COP29-da fransız danışıqçılar qrupunun işindən son dərəcə narazı qalıb.
APA-nın diplomatik mənbələrdən alınan məlumatına görə, Makron Fransa nümayəndə heyətinə Bakıda keçirilən COP29-da konsensus və nəticələrin əldə olunmasının qarşısını almaq barədə tapşırıq verib. Lakin onun istəyi baş tutmayıb. Belə ki, COP29 danışıqlarında “Bakı dönüşü” adlandırılan razılaşma əldə olunub, Böyük Britaniya, ABŞ və Çin onun nəticələrindən razı qalıb. Fransa və Hindistanı isə nəticə qane etməyib.
Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının tərəfi kimi öz məsuliyyətindən və öhdəliyindən çıxış edərək Konvensiyanın bütün tərəf ölkələrinə, o cümlədən Fransaya dəvət göndərdi. Konvensiyanın demək olar ki, bütün üzvləri Bakıya gəldi və sammitdə iştirak etdi. Fransa isə açıq dialoqa və tənqidə hazır ölkə kimi COP29-da konstruktiv dialoq və müzakirə aparmaq əvəzinə, küskün mövqe tutaraq nəyinki gəlmədi, hətta bir sıra Avropa ölkələrini tədbirdə iştirakdan çəkindirən çağırışlar etdi.
Fransanın təsiri ilə COP 29-da qatılmayanlar arasında Almaniya kansleri Olaf Şolts və Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen də oldu. Hələ üstəlik də bacılığı olan Ermənistanı da bu çağırışa cəlb edib, özünə tay etdi. BMT Təhlükəsizlik Şurasının üzvü olan Fransanın BMT tədbirində iştirak etməməsi ilk olaraq elə təşkilata qarşı sayğısızlıq idi. Emmanuel Makron özündən əvvəlki prezidentlərdən də irəliyə gedərək böyük tarixi olan Fransanı öz eqosuna qurban verməyi üstün tutdu. Və Paris sazişinin tədbirində iştirak edib bölgəni təhdid edən ekoloji problemlərin çözülməsi istiqamətində addımlara dəstək verməkdən boyun qaçırdı. Çünki prezident İlham Əliyevin kiçik ada dövlətlərinin iştirakı ilə keçirilən sammitdə Fransanın ikiüzlülüyü və neokolonializmi ilə bağlı dediyi sözlər hədəfinə çatmışdı.
Makron isə doğru sözü heç cürə həzm edə bilmirdi və buna görə də inciyib ki, ekologiya naziri Aqnes Pannye-Rünaşeyə COP29 üçün Bakıya səfərini ləğv etməyi əmr etmişdi. Makronun bu göstərişi barədə nazir Pannye-Rünaşe özü parlamentdə danışıb: “Respublika prezidenti və Baş nazirlə söhbətdən sonra məlum oldu ki, mən gələn həftə Bakıya getməyəcəyəm”.
Nazirin dediyinə görə, ölkə prezidenti və baş naziri onun Bakıda konfransa şəxsən getməməsini dəstəkləyib: “Fransanın danışıqlar komandası mənim məsafədən dəstəyimlə... planeti və əhalimizi qorumaq yönündə səylərini əsirgəməyəcək”.
Göründüyü kimi bu hal Fransanın müstəmləkəçilik siyasətinin beynəlxalq miqyasda növbəti ifşası olduğundan Parisi əhəmiyyətli dərəcədə qıcıqlandırdı.
Bütün bu faktlar Fransada şok effekti yaratdı. İlk növbədə ona görə ki, dünyanın diqqəti COP29-da cəmləşdiyi bir vaxtda Fransanın müsətmləkəçilik cinayətləri Azərbaycan tərəfindən uğurla ifşa olundu. Bundan ciddi narahat olan Fransa vəziyyətdən ən yaxşı çıxış yolu kimi COP29-a gəlməkdən imtina etdi.
Azərbaycan prezidenti Emmanuel Makronun konkret cinayətlərini sadalamışdı: “Fransanın dırnaqarası dəniz ərazilərində törətdiyi cinayətlər siyahısı rejimin bu yaxınlarda insan hüquqları pozulmalarını qeyd etməsək, tam olmazdı.
Prezident Makronun rejimi Yeni Kaledoniyada kanakların builki legitim etiraz aksiyasında 13 nəfərin həyatına son qoymuş, 169 nəfəri yaralamışdır. 1700 insan həbs edilmişdir. Həmçinin bu il Martinika və Qvadelupada etirazlar zamanı 38 nəfər həbs olunub. Bütün bunlarla yanaşı, Fransa nə Avropa Komissiyası, nə Avropa Parlamenti, nə də ki, Avropa Şurasının Parlament Assambleyası tərəfindən pislənildi. Bu, siyasi riyakarlıqdır. Siyasi korrupsiya rəmzinə çevrilmiş iki təsisat – Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası günahsız insanların qətlinə görə Prezident Makronun hökuməti ilə məsuliyyəti bölüşür. Fransadakı bütün siyası məhbuslar dərhal azad olunmalıdır”.
Bu hal Fransa üçün sarsıdıcı zərbə oldu və gözləmədiyi bir anda ifşa olundu. Prezident İlham Əliyev bu cinayətlərə susan Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyasını da sərt tənqid etdi.
Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel Azərbaycan liderinin gerçəyi dilə gətirməsindən çox narahat oldu və cılız fikirlər səsləndirməkdən çəkinmədi. O bildirdi ki, “Avropa İttifaqı bağ, dünyanın qalan hissəsi isə cəngəllikdir”. Bununla Jozep Borrell Fransanın, Hollandiyanın və digər Qərb dövlətlərinin cinayət əməllər törətdiyini və bu əməllərə seyirçi qalmaqda maraqlı olduqlarını nümayiş etdirdi. Göstərdi ki, Avropa İttifaqı və şəxsən o Fransanın müstəmləkə altında saxladığı ərazilərdə xalqlara divan tutmasına, amansız vəhşiliklər törətməsinə haqq qazandırır.
Ölkəmiz bu böyük tədbirə ev sahibliyi edənə qədər çox böyük təxribatlarla, qısqanclıq, paxıllıq və riyakarlıqlarla üzləşdi. Qərbin bəzi dairələri Azərbaycanın dünya miqyaslı və BMT sistemində ən böyük tədbir olan COP29-a ev sahibliyi etməsini həzm edə bilmirdilər.
Avropa Parlamentinin oktyabrın 24-də qəbul etdiyi “Azərbaycanda vəziyyət, insan hüquqlarının və beynəlxalq hüququn pozulması və Ermənistanla münasibətlər” adlı qətnaməsi qoca qitənin bütün problemlərini bir kənara qoyaraq, yenidən ölkəmizə qarşı hücuma keçidini açıq şəkildə göstərdi.
Qətnamədə Azərbaycanın öz torpaqlarını azad etməsi ilə bağlı "etnik təmizləmə" iddialarının irəli sürülməsi tarixi və hüquqi həqiqətlərin təhrif olunmasından başqa bir şey deyildi.
Qərb çirkin vasitələrlə ev sahibi və sədr ölkə kimi Azərbaycana təzyiq göstərərək iqlim maliyyələşməsi üzrə öhdəliklərindən qaçmağa çalışırdı. Bütün bunlara baxmayaraq, Azərbaycan tədbirə yüksək səviyyədə ev sahibliyi etdi, təxribatçıların arzuları gözlərində qaldı. Bakı COP29 ilə qlobal əməkdaşlığın və iqlim mübarizəsinin mərkəzinə çevrildi. COP29-da qəbul edilən qərarlar inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında əməkdaşlığın yeni mərhələsini açdı. Yeni razılaşmaya əsasən, inkişaf etmiş ölkələr inkişaf etməkdə olan ölkələrə iqlim tədbirləri üçün hər il 100 milyard dollar əvəzinə 2035-ci ilə qədər 300 milyard dollar vəsait ayırmağı öhdəliklərinə götürdülər. Noyabrın 11-dən 24-nə qədər Bakıda keçirilən COP29 iqlim sammiti həm Azərbaycan, həm də ümumilikdə dünya üçün uğurlu beynəlxalq tədbir kimi yaddaşlara həkk olundu. Bir sözlə, COP29-un uğurlarından həm dünya, həm də Azərbaycan qazandı.
Şahanə Rəhimli,
Musavat.com
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ