İnsanlara hürriyət, millətlərə istiqlal!

Zahid Oruc Müsavat və AXCP barədə bunları söylədi: “Cəmiyyətdə tanınmaq...”

Milli Məclisin üç komitəsinin birgə hazırladığı “Siyasi partiyalar haqqında” qanun layihəsində edilən dəyişikliklər sırasında seçkidə 3 faizlik barajı aşa bilməyən siyasi partiyalara da maliyyə ayrılması nəzərdə tutulur ki, bu da mütərəqqi dəyişiklik hesab olunur. Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin rəhbəri Ədalət Vəliyevin davamlı şəkildə siyasi partiyaların rəhbərliyi ilə görüşlər keçirməsi, müzakirələr aparması da dövlət başçısının tövsiyəsi ilə həyata keçirilən siyasi islahatların məntiqi davamıdır. Maraqlıdır, qanun layihəsinin müzakirəsində iştirak etməyən partiyalarla, konkret olaraq Müsavat və AXCP-lə hansısa müstəvidə müzakirələr aparıla bilərmi?

STM-in rəhbəri, komitə sədri Zahid Oruc parlamentdəki brifinqdə bununla bağlı “Yeni Müsavat”ın “qanun layihəsinin müzakirəsinə qatılmayan iki partiya - Müsavat və AXCP ilə hansısa təmas, müzakirəni mümkün sayırsınızmı?”- sualına cavabında bildirdi ki, əslində, o təşkilatlar özlərini təmaslardan kənarda saxlayıblar: “Azərbaycan müstəqillik tarixində heç vaxt bu qədər partiyanın hakim siyasi qüvvənin 30 illik yubileyində iştirakı olmamışdı. Bu, yaxşıdırmı, əlbəttə! Bu, dövlət protokolu deməkdir. Artıq yeni siyasi münasibətlər deməkdir. Cəmiyyətdə milli həmrəylik, vətəndaş həmrəyliyi var. Amma bir sıra hallarda siyasi didişmələr mövcuddur və bu, hər bir ölkəni zəiflədən modeldir. Xarici casus mərkəzləri maksimum dərəcədə bundan istifadə edirlər”.  

Komitə sədri qeyd etdi ki, 90-cı illərdə Azərbaycanın ən ağır günlərində mərhum Heydər Əliyev ölkənin bütün siyasi partiyalarını Prezident Administrasiyasına dəvət etmiş, onlarla görüş keçirmişdi: “Bu, yaxşı bir nümunə idi. Sonrakı dövrdə partiyalar “legitim”, “qeyri-legitim” və sair kimi məsələləri gündəmə gətirərək, əksər hallarda ölkənin xilasından sonra tam dağıdıcı bir mövqe tutmuş oldular, normal münasibətlər sisteminə gəlmək mümkün olmadı”.

 Z.Oruc qeyd etdi ki, son illərdə Prezident Administrasiyasının müvafiq şöbəsində siyasi partiya sədrləri ilə silsilə görüşlər keçirilir. Komitə rəhbəri bildirdi ki, qanun layihəsinin yayılmasından qısa müddət sonra, hər hansı araşdırma aparmadan, onun maddələrinə ciddi diqqət yetirmədən AXCP və Müsavat layihəyə öz etirazını bildiriblər: “Sentyabrın 13-də Ermənistan-Azərbaycan sərhədində baş vermiş toqquşmaların günündə onlar nəzərdə tutduqları tətbiqi təxirə salmadılar. AXCP sədri Əli Kərimli, Müsavat rəhbəri Arif Hacılı və sonra onlara Nemət Pənahlı da qoşuldu...Orda bir tiada yaranmışdı və sanki 90-cı illərə qaytarmaq istəyirdilər. Halbuki, biz bütün qələbələrimizi bütün Azərbaycan xalqı, ordusu ilə qazandıq”.

 Z.Oruc qeyd etdi ki, hər hansı təmasla bağlı problem yoxdur: “Onların bu məsələ ilə bağlı, yəni “sədr sədrə bərabərdir”, “bu diskussiyalara yalnız bizim 3-4-cü dərəcəli nümayəndələrimiz qatıla bilər” kimi yanaşmaları var. Zaman vardı ki, administrasiyada görüşlər məsələsini problem kimi söyləyirdilər, “gələcəkdə o dövlət binalarında biz təmsil olunacağıq”-deyən adamlar Administrasiyadakı çox normal görüşləri süngü ilə qarşılamağa başladılar. Bizimçün müqəddəs məkana, Şuşaya gedən adamlara müxtəlif yarlıqlar yapışdırmış oldular. Hava məkanı ilə də gedilsə, tapıb bir ibarə kimi deyəcəkdilər. Halbuki, onların da Şuşaya gedən avtobusda olmaları çox qürurverici bir tədbir olardı. Elə yeri gəlmişkən, mən sizə bir çağırış edirəm ki, bu tədbirdən sonra onlardan soruşasınız ki, Şuşaya gediblərmi? Xaricə getmək üçün pasportları olmasa da, daxildə hərəkət edə bilirlər. Daxildə hərəkət üçün pasport tələb olunmur, onlar Şuşaya gediblərmi? Məsələn, Əli Kərimli və ya Arif Hacılı Şuşada olubmu? Biz qanun layihəsinin müzakirəsi zamanı həmrəyliyi pozmamaq üçün qətiyyən demədik ki, bu torpaqlar 90-cı illərdə kimin ucbatından, günahından itirilib. Mən öz subyektiv fikrim olaraq bildirirəm ki, görüş üçün heç bir problem yoxdur”,- deyə komitə sədri bildirdi. Əlavə etdi ki, Azərbaycan dövlətinin mövqeyi güclüdür və hər hansı təşkilatla təmaslara açıqdırlar. Z.Oruc onu da dedi ki, cəmiyyətdə tanınmaq hələ reytinq faizi deyil: “Onların əsl reytinqi necədir, bunu STM-in sifarişi ilə həyata keçirilmiş sorğuda əksini tapıb. Bunun ictimailəşməsi zərurəti yarandıqda, biz onu səsləndirəcəyik”.  

(Yeri gəlmişkən, brifinqdən sonra Z.Orucun diqqətinə çatdırdıq ki, A.Hacılı Şuşaya səfər edib və o, bundan xəbərsiz olduğunu söylədi-Müəllif)

Elşad Paşasoy,
Musavat.com

WhatsApp Image 2022-11-23 at 19.18.45.jpeg (185 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR