Onlayn ictimai-siyasi qəzet
Yunanıstan ərazisində küləyin təsiri ilə genişlənən meşə yanğınları davam edir.
Musavat.com “Haber Global”a istinadən xəbər verir ki, yanğının təsiri ilə bir sıra kəndlər və yaşayış məntəqələri təxliyə olunub.
Məlumata görə, ölkədə hökm sürən isti hava dalğası yanğınların daha da güclənməsinə səbəb olur. Helikopterlər və yanğınsöndürənlər alovla mübarizəni davam etdirir, bəzi kənd və yaşayış məntəqələri isə boşaldılır. Afinanın şimalında yerləşən Drosopigi kəndində yanğınsöndürmə işlərinə 65 yanğınsöndürən, 26 texnika və 2 təyyarə cəlb edilib. Afinanın Krioneri bölgəsində isə 2 ev yanğın nəticəsində tamamilə yanıb. Rəsmi şəxslər əhaliyə Afinaya doğru hərəkət etmələri barədə xəbərdarlıq edib.
Eğriboz adasında yanğınları söndürmək üçün 115 yanğınsöndürən və 24 texnika yönəldilib, həmçinin 6 təyyarə və 7 helikopter də dəstək verir. Çuha adasında isə 3 kənd boşaldılıb. Moranın Messinia bölgəsində isə 2 kənd üçün təxliyə çağırışı verilib.
Yunanıstan Meteorologiya Xidməti xəbər verir ki, ölkə ərazisində havanın temperaturu bu gün 44 dərəcəyə qədər yüksələcək.
Musavat.com
27 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ