İnsanlara hürriyət, millətlərə istiqlal!

You are a liar, Vivek! – Faciəmizin videosunu bizə qarşı çevirən namizəd

Ermənilərin Gəncə və Bərdəyə atdığı raketlərin çoxsaylı insan ölümünə səbəb olduğunu göstərən videokadrlara istinad edərək, bunu Azərbaycanın ermənilərə qarşı etdiyini iddia edən şəxs ABŞ prezidentliyinə namizədliyini irəli sürmüş Vivek Ramasvamidir.

38 yaşlı Vivek Qanapati Ramasvami hind əsillidir, Ohayo ştatının Sinsinnati şəhərində doğulub, sahibkardır, yazıçıdır, mühafizəkar siyasətçidir.

O, respublikaçıların vahid namizədi olmaq fikrindədir, amma bundan ötrü "Tramp dağı"nı aşmalıdır. Vivek rəqibinin əsas silahının populizm və hirs-hikkəli çıxışlar olduğunu bilir, ona görə də Trampa məhz bu müstəvidə üstün gəlməyə çalışır.

Son aylarda Ramasvami bir neçə qalmaqallı çıxışı ilə yadda qalıb. O, Ukrayna-Rusiya müharibəsini asanlıqla dayandıracağını vəd edən Trampın yolu ilə gedərək eyni sözləri təkrar edib və bildirib ki, bunun yolu Rusiyanın Ukraynanı işğal etməsinə imkan verməkdir.

Daha sonra Ramasvami Çini durdurmaq, cilovlamaq üçün Rusiya ilə ittifaq qurmağın zəruriliyini elan edib və deyib ki, bir zamanlar prezident Nikson Çinlə ittifaq quraraq SSRİ-ni təklədiyi kimi, prezident seçilərsə, o da Rusiya ilə yaxınlaşıb Çini boğmağa çalışacaq.

Azərbaycana qarşı onun etdiyi çıxış da yəqin ki, təsadüfi deyil. Heç ola bilməz ki, prezidentliyə namizəd hansı dövlətin dinc əhaliyə qarşı o cür silah işlətdiyini bilməsin. Bəhs etdiyi mövzunu incəliyinə qədər bilmirsə, onun siyasətdə nə işi var?

vivk.jpg (37 KB)

Hətta köməkçiləri bu videokadrları ona təqdim edərkən yanlış şərh veriblərsə, bu da Ramasvaminin qəbahətini azaltmır. Kül o namizədin təpəsinə ki, onun köməkçiləri onu bu qədər haqsız duruma qoyacaqlar.

Təkcə bu epizod göstərir ki, bu cür səthi düşünən, dediyi sözün, iddianın, ittihamın məsuliyyətini anlamayan biri seçkidə uğur qazana bilməz, qazansa da, ondan uğurlu dövlət başçısı olmaz.

Belələri öz çıxışları ilə təmsil etdikləri dövlətin nüfuzunu, əzəmətini sarsıdırlar.

2016-cı il prezident seçkilərində Donald Trampın qələbəsindən ilhamlananan Ramasvami “sahibkar ruhu, qeyri-adi ideyalar və kiçik gözləntilərlə” namizəd olmaq istədiyini deyərək kampaniyaya başlayıb, amma elə indidən özünü qeyri-adi iddialarla rüsvay edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR