İnsanlara hürriyət, millətlərə istiqlal!

Yollar sənindir, ey yar, bas qaza!

 

Bir var, insana bahalı hədiyyə almaq və bağışlamaq, bir də var, birinə bahalı hədiyyə almaq və bunu millətə göstərə-göstərə, hadisəni ictimailəşdirə-ictimailəşdirə şou təşkil etmək.

Bu gün bir nəfər öz sevgilisinə lüks avtomobil bağışlayıb, avtomobili qırmızı lentlə bağlatdırıb, arxa şüşələrinə “Yollar sənindir, ...” yazdırıb, evakuatorla şəhərin mərkəzində dolaşdırıb, sonra lazımi ünvana sürdürüb.

Bax, bu, hədiyyə bağışlamaq aktı ikinci türdəndir. Hədiyyə çox bahalı olduğu üçün bunun təkcə hədiyyə alanın və onun yaxınların görməsi kafi deyil, bunu çox adamın görməsi lazımdır. Hamı xəbər tutmalıdır ki, belədə belə bir oğlan var və o sevgilisinə, böyük ehtimalla nişanlısına belə bahalı hədiyyə edir.

Yoxsa evakuatora, BMW X6-nın paketlənməsinə nə ehtiyac vardı? Maşını salondan alırsan, sakitcə nişanlının doqqazının ağzına sürürüsən, mənzilə daxil olub, açarı qoyursan, masanın üstünə, deyirsən, “bu maşın sənindir” və ürəkdən gələn “vauuu” nidası eşidirsən, mehribançılıq artır. (Son vədələr biz heyrətimizi belə ifadə edirik və bu ruscadan gələn “oy biləəət”dən daha mərifətlidir).

Amma belə situasiyalarda sevgiliyə “yollar sənindir” yox, “maşın sənindir” deyilməlidir. Çünki yollar onun olsa, onsuz da naşı sürücüdür, camaatın belindən keçib gedəcək, ya da tıxacda öndəki avtomobillərə işıq siqnalı verəcək və deyəcək: “Aaa, siz dəlisüüz, yol verin daaa, görmürsüz, yollar mənimdir?”

Hər il mütləq bir-iki nəfər belə şeylər edir. Yəni söhbət ictimailəşən “belə şeylər”dən gedir, yoxsa elə vəzifəli, pullu oğlalar var ki, nişansız sevgililərinə 14 fevralda da maşın alırlar, 8 martda da, başqa günlərdə də. Hətta elələri var ki, xanım hər dəfə hədiyyə edilmiş avtomobilini vurub xurd-xəşil edəndə ona yeni maşın alır. Fəqət bunu ictimailəşdirmirlər. Təvazökar adamlardır, özlərini dilə-dişə salmaq istəmirlər. Kənardan baxanlar deyər ki, filankəs qudurub.

Bax, odur, hər gün harın və qudurğan adamlar haqqında pis-pis xəbərlər gəlir. Biri öz “ĞORRRR” eləyən maşını ilə şütüyüb yol qırağındakı adamları əzib keçir, o biri 5 adamı birdən qətlə yetirir, hələ sonra məlum olur ki, o, 15 yaşından qıra-qıra gəlir.

Bu məsələnin yuxarıda sözügedən söhbətə o qədər də dəxli yoxdur, sadəcə, onları birləşdirən bir məqam var – bahalı hədiyyələrin bağışlanması.

Öz ailə üzvlərini qətlə yetirən oğlana da zamanında valideynləri mənzil, avtomobil və başqa şeylər bağışlayıblarmış ki, uşaqdır, başı qarışsın, heç kəslə işi olmasın.

İndi biri deyir ki, gənc qatil yeniyetmə vaxtı idman məşqində travma alıb, psixikasında pozğunluq yaranıb. O biri deyir ki, onun beynini narkotik maddələr xarab edib. Hər şey ola bilər.

Amma həyat təcrübəsi deyir ki, insanları qudurdan, normal düşüncəsini əlindən alan, ağlına rəxnə salan iki şey var: biri hüdudsuz hakimiyyətdir, o birisi çoxlu puldur.

Bu ölkədə ikincinin əldə etmək xeyli rahat olduğu və ölkədə pullu adamlar az olmadığı üçün baş verən harınlıq və qudurğanlıq aktlarına görə “çox pul” amilindən şübhələnmək lazımdır.

5-10 gün öncə biri də vardı: varli və tanınmış bir ailənin yeniyetmə, pırpızbaş və şişman övladı yaşlı bir nənəni qucağına alıb video çəkmişdi. Əgər onun qarşısı ictimai qınaqla vaxtında alınmasaydı, kim bilir, gələcəkdə o, nələr edəcəkdi.

Hələ yenə də bilmək olmaz, yeniyetmənin qabaqda illəri var. Ümid edək ki, o bir daha, türkün sözü, adından söz etdirməyəcək.

Qayıdaq BMW-nin yanına, onu evakuatordan endirək. Yaxşı deyil. Camaat baxır.

Bu sayaq davranışlar bizə Qərbdən gəlir. Demirəm, pis şeydir, amma təqlid, yamsılama olduğu dəqiqdir. Hələ o ictimai yerdə oğlanın öz sevgilisinin qarşısında dizinin birini yerə atıb, ağzı açılmış qutuda üzük bağışlayaraq, “mənimlə evlənərsənmi” deməyi var ha, onu heç həzm etmək olmur. Çünki şoudur. Bunun səmimi eşq elanına, nazlı dilbətə ürəyi açmaq olayına aidiyyatı yoxdur. Yaxşı, bunu edirsən, bir parkda, ikilikdə olduğunuz yerdə et. Yoxsa gözləyirsən, tamaşaçıların gur olduğu yerdə dizini atırsan yerə. (Dədə-babalarımız heç vaxt ictimai yerdə dizlərini yerə atmayıblar). Camaat alqışlayır, gənclər də “vauu” deyir və əhd edirlər ki, onlar da belə etsinlər.

İmkan ola, bu sevgiliyə fantastik qiymətli hədiyyələr alan, dizini yerə qoyub eşq elanı edən adamların sonrakı taleyinə dair statistik göstərici əldə edəsən və görəsən, neçəsinin birgəyliyi uzun sürüb, neçəsi dizini yerə atmağının ili tamam olmamış, izdivaca son qoyub, nə qədəri verdiyi hədiyyələri geri tələb edib və s.

Həyatdır da, şou göstərmədən də yaşamaq olar.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR